• 4 Noyabr 2024
logo
Prezident İlham Əliyev: Əminəm ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxaracaq

Prezident İlham Əliyev: Əminəm ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxaracaq

Əminəm ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxaracaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlət başçısı qeyd edib: "Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük önəm veririk və şadam ki, səfər çox uğurlu keçir. Bu gün aparılan danışıqlar bir daha onu göstərir ki, gələcək əməkdaşlıq üçün çox gözəl imkanlar və perspektivlər vardır.

Mən çox şadam ki, Prezident vəzifəsinə seçilməyinizdən bir neçə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, Sizin bizim ölkəmizə olan diqqətinizin təzahürüdür. Biz də Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk. Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda Ukrayna-Azərbaycan ikitərəfli əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və çox səmərəli fikir mübadiləsi aparıldı.

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Prezidentin Azərbaycana rəsmi səfəri bunu təsdiqləyir. Bu gün biz ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışdıq. Düzdür, bu il ticarət dövriyyəmiz təqribən 20 faiz artmışdır. Ancaq mütləq rəqəmlər bizi qane edə bilməz və bu gün gələcək əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə olundu.

Bu gün bir qədər sonra keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu da, əminəm ki, iqtisadi sahədə, biznes dairələrinin birgə fəaliyyəti sahəsində çox önəmli addım olacaqdır. Bu biznes foruma həm Ukraynanın, həm də Azərbaycanın biznes dairələrindən çox böyük maraq var. Əminəm ki, konkret məsələlər müzakirə ediləcək.

Təbii ki, Ukrayna-Azərbaycan ikitərəfli Hökumətlərarası Komissiyasının fəaliyyətindən çox şey asılıdır. Əfsuslar ki, son bir neçə il ərzində komissiya demək olar fəaliyyət göstərmirdi. Ancaq biz indi birgə qərarla komissiyanın fəaliyyətinə yeni təkan veririk. Razılaşdırdıq ki, gələn ay artıq komissiya yığışacaq və prezidentlər tərəfindən verilən tapşırıqlar geniş müzakirə ediləcəkdir.

Ticarət dövriyyəsinin artırılması ilə yanaşı, birgə sərmayə qoyuluşu layihələri böyük maraq doğurur. Biz bu barədə də geniş fikir mübadiləsi apardıq. Həm Ukraynanın Azərbaycana, həm də Azərbaycanın Ukraynaya sərmayə qoyuluşu ilə bağlı konkret təkliflər vardır. Hesab edirəm ki, bu təkliflər həyatda öz əksini tapa bilər. Bir çox sahələrdə birgə sərmayə layihələri bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir.

Energetika sahəsində əməkdaşlıq müzakirə edildi. SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası vardır. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaqdır.

Əvvəlki illərdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq aparılırdı. Biz Ukraynadan 400-dən çox kənd təsərrüfatı texnikasını almışıq və bu əməkdaşlığı davam etdirmək istəyirik.

Digər önəmli məsələ, - bu gün bu məsələyə kifayət qədər böyük vaxt ayrıldı, - turizmin inkişafıdır. Həm Azərbaycanın, həm Ukraynanın çox böyük və zəngin turizm imkanları vardır. Bu sahədə də birgə əməkdaşlıq, təcrübə mübadiləsi, birgə layihələr müzakirə edildi, geniş fikir mübadiləsi aparıldı və konkret tapşırıqlar verildi.

Həm Ukraynada, həm Azərbaycanda nəqliyyat sahəsində müasir logistika və infrastruktur mövcuddur. Xəzər dənizi, Qara dəniz nəqliyyat dəhlizləri bizim ölkəmizin iştirakı ilə fəaliyyət göstərir. Mən Prezidentə məlumat verdim ki, son illərdə Azərbaycanda bu sahəyə çox böyük investisiyalar qoyulub. Artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçməklə geniş beynəlxalq əməkdaşlığa da təkan verir, əməkdaşlıq üçün yeni imkanlar açır. Ona görə bu sahədə birgə səylərlə reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, “Vikinq” layihəsi – bütün bu layihələr bizim ölkələrimizi və geniş mənada regional əməkdaşlığı daha da möhkəmləndirəcək, ölkələrimizə fayda verəcəkdir.

Təbii ki, humanitar sahədə əməkdaşlığa da yer ayrıldı. Azərbaycanda Ukrayna mədəniyyətinə çox böyük hörmət var, Ukrayna dili tədris edilir. Bakı Slavyan Universitetində Ukrayna Mərkəzi vardır. Eyni zamanda, Ukraynanın ali məktəblərində Azərbaycan tarixinə, ədəbiyyatına kifayət qədər böyük yer ayrılır. Təbii ki, humanitar sahədə əməkdaşlıq ümumi əməkdaşlığa da müsbət təsir göstərir.

Əlbəttə ki, biz mətbuata verilən bu açıqlamada müzakirə edilmiş bütün məsələləri sadalaya bilmərik. Çünki çox vaxt aparacaq. Ancaq deyə bilərəm ki, davam etməsinə baxmayaraq, bu səfər bütövlükdə çox uğurlu səfər kimi qiymətləndirilə bilər. Əminəm ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxaracaq. Biz konkret məsələləri müzakirə edib konkret tapşırıqlar verdik. Ümid edirəm ki, bu tapşırıqlar aidiyyəti qurumlar tərəfindən uğurla icra ediləcəkdir.

Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizə və Ukrayna xalqına bir daha yeni uğurlar arzulayıram. Sağ olun".