• 28 May 2022
logo
Ali Baş Komandan: “Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var”

Ali Baş Komandan: “Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var”

“Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var. Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiyyətinə də öz sözlərimi demişəm. Bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bunu bilir”.
Bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxışında deyib.
“Müharibənin ilk günlərindən kəndlərimizin azad olunması düşməni sarsıtdı. Onlar inanmırdılar ki, Azərbaycan Ordusu beş-altı müdafiə xəttini öz sinəsi ilə yararaq, qan tökərək, şəhidlər verərək tarixi Zəfər əldə edə bilər. Onların hələ də ümidləri var idi ki, kimsə bizi dayandıracaq, kimsə bizə təzyiq edəcək və biz o təzyiqə məruz qalaraq öz Zəfər yürüşümüzü dayandıracağıq. Mən demişdim, heç nə və heç kim bizi dayandıra bilməz, biz sona qədər gedəcəyik, düşməni sona qədər torpaqlarımızdan qovacağıq və düşmən kapitulyasiya aktını imzalayandan sonra müharibə dayana bilər, belə də oldu. Sözümüzə yenə də sadiqlik göstərmişik. İlk günlərdən Ordumuz irəliyə gedirdi, bir dəfə də olsun geriyə addım atmamışdır. Ermənistan ordusunda özlərinin etiraflarına görə, on mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Budur Azərbaycan xalqının mənəvi keyfiyyətləri, budur milli ruhumuz, Vətən sevgisi. Bizi irəliyə aparan Vətən sevgisi idi, ancaq, eyni zamanda, hazırlıq, peşəkarlıq idi”, - Ali Baş Komandan vurğulayıb.