• 28 May 2022
logo
Azərbaycan Prezidenti: “Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində nümayiş etdirilir”

Azərbaycan Prezidenti: “Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində nümayiş etdirilir”

“Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu, bütün Azərbaycan vətəndaşları birləşdi, bütün dünya azərbaycanlıları birləşdi”.
Bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir:
“Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv edilmişdir. Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu, biz onları məhv edilmiş vəziyyətdə gətirdik. İndi o tanklar, digər toplar və texnika Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Biz cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək. Bizi irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi, düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə yetişdirmişik, bu əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlılar bu amalla, bu ideya ilə irəliyə gedirdi, öz sinəsini qabağa verirdi”.