• 30 Noyabr 2020
logo
İlham Əliyev ölkəni dəyişir? – ABŞ-dan sensasion baxış

İlham Əliyev ölkəni dəyişir? – ABŞ-dan sensasion baxış

ABŞ-a bağlı “Vörld Politik Revyü” (World Politics Review) saytı Azərbaycanla bağlı məqalə dərc edib.
Musavat.com xəbər verir ki, saytın hazırladığı təhlil yazısında Azərbaycandakı proseslərin ölkəni müsbətə doğru dəyişdiyi qeyd olunub.
Beynəlxalq səviyyədə peşəkar şərhləri ilə tanınan sayt yazır ki, Azərbaycan parlamenti özünü buraxdıqdan sonra bəzi müşahidəçilər I Vitse-prezident Mehriban Əliyeva faktrorunun gücləndiyini qeyd edirlər. Mehriban Əliyevanın son bir neçə ildə siyasi müstəvidə yüksək reytinq qazandığı vurğulanıb.
Sayt bu gün Azərbaycanda bir sıra dərin və aşkar dəyişikliklərin olduğunu yazıb. Ölkənin yaxın zamanlarda Qərb üslubunda liberal demokratiyaya keçid edəcəyini düşünməyin tez olduğunu yazan müəllif qeyd edir ki, ortada dəyişən bir cəmiyyətə və həm də cəmiyyətlə birlikdə dəyişməyin zəruriliyini qəbul edə biləcək bir hökumət var və tendensiya bu istiqamətdədir:
“Qərb standartlarından yanaşsaq, ölkə iqtisadi cəhətdən inkişafa məhkumdur və buna görə də Əliyev hər şeyi tərpədir. Oktyabrın 15-də Prezident bir sıra yüksək vəzifəli dövlət məmurlarına xitabən dedi ki, bəziləri ölkədə həyata keçirilən islahatları sabotaj edir. Korrupsiyaya uğramış belə məmurlar şəxsi maraqlarını dövlət və xalqın maraqlarından üstün tuturlar”.
Saytın məqaləsində Prezident Administrasiyasının rəhbəri postuna yeni təyin olunmuş 44 yaşlı Samir Nuriyev haqqında da söz açılır.
Müəllif onun ABŞ-ın Dyuk Universitetini bitirdiyini yazıb:
“Cənab Nuriyevin təyinatı həm də o deməkdir ki, Azərbaycan rəhbərliyi ABŞ və Avropa ilə münasibətləri sabitləşdirmək istəyir. Bölgənin coğrafi mövqeyi, ümumiyyətlə, Cənubi Qafqaz Qərb üçün 10 il əvvəlki cazibəyə malik deyil və elə bir starateji əhəmiyyət daşımır. Amerika hazırda öz fikrini Hind və Sakit okeanına və Atlantikanın hər iki tərəfində gedən proseslər üzərində cəmləşdirib. Cənab Nuriyev Azərbaycanı Qərb siyasətçilərinin diqqət mərkəzinə qaytarmaq üçün çox səy göstərməlidir.
Nazirlər Kabinetindəki digər dəyişikliklər arasında prezidentin nəzərində bacarıqlı iqtisadi məsləhətçi kimi yüksələn Əli Əsədovun baş nazir vəzifəsinə təyin edilməsi də var.
Oktyabrın sonlarında Əliyev daha bir gənc, bacarıqlı, Qərb təhsilli texnokrat Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin etdi. Bu hərəkətlər hökumətin prioritetlərinin iqtisadi islahat və həyat səviyyəsini yüksəltməli olduğunu qəbul etməsinə aşkar işarədir. Bu ilin əvvəlində 39 yaşında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilən Sahil Babayev əmək haqqı və pensiya artırılması üçün ciddi işlər görüb.
Hökumət mövcud sisteminin qlobal enerji bazarlarında, beynəlxalq ticarət sistemində və bütövlükdə geosiyasi mühitdə davam edən dəyişikliklərə cavab verə biləcək qədər çevik olmadığını anlayır. Bu çətinlikləri nəzərə alan hökumət isə Azərbaycanın siyasi sisteminə yeni nəfəs verə bilər”.
Yazıda qeyd olunur ki, bu ilin əvvəlində Azərbaycan hökuməti 50-dən çox siyasi məhbusu sərbəst buraxıb və bu, bir xoş xəbər kimi qarşılanıb:
“Azərbaycanda siyasi məhkumların azad olunması vaxtaşırı baş verir: ehtimal ki, bununla Azərbaycan hökuməti Qərbə xoşməramlı olduğunu nümayiş etdirir”.
Məqalənin rezume hissəsində deyilir: “Bəlli olan budur ki, Azərbaycan dəyişir və onun rəhbərləri hökumətin də dəyişməli olduğunu qəbul edirlər. Yeni və daha innovativ texnokratlar nəsli təsir gücü yüksək olan mövqelərə gəlirlər. Tezliklə baş tutacaq parlament seçkiləri də ölkədəki dəyişikliklərə ciddi təsir edəcək. Bu dəyişikliklərin nəticəsi necə olacaq? Yeni hökumətin azərbaycanlıların gələcək ehtiyaclarını ödəyə biləcək dəyişiklikləri həyata keçirmək gücündə olub-olmadığını zaman göstərəcək”.