• 4 İyul 2025
logo
Brüssel görüşü Paşinyana “başağrısı” olub

Brüssel görüşü Paşinyana “başağrısı” olub

İlyas Hüseynov: “Vanetsyan pul paylamaqla insanları meydanlara toplamağa çalışır”

2021-ci ilin 14 dekabr və 2022-ci ilin 6 aprel tarixində Brüsseldə Ermənistan və Azərbaycan ali rəhbərləri arasında keçirilən görüşlərdə mühüm siyasi razılıqlar əldə olunub. Bu il keçirilən görüşə uyğun olaraq Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb. Ötən ilin 26 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə Soçidə Azərbaycanın Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası ilə bağlı bildirildi ki, ilin sonuna qədər komissiya çağırılmalıdır. Lakin Ermənistan prosesi yubadaraq vaxt qazanmağa çalışdı və üzərinə götürdüyü məsuliyyətdən boyun qaçırdı. Buna baxmayaraq 6 apreldə Avropanın siyasi paytaxtı Brüsseldə baş tutmuş görüşə görə aprel ayının sonuna qədər sərhədlərlə bağlı komissiya çağırılmalı və təhlükəsizlik zəmanətləri verilməlidir. Sülh prosesinin getdiyi bir dövrdə Ermənistanda kütləvi nümayişlərin keçirilməsi yalnız əldə olunmuş razılıqların üzərindən xətt çəkmək mahiyyəti daşıyır.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Politoloq qeyd edeib ki, Brüssel görüşü və bu görüşdən sonrakı açıqlamalar Nikol Paşinyana qarşı kəskin etirazlara səbəb olub. Müxalifət qüvvələri pərakəndə şəkildə hakimiyyətin “üstünə atılmış” və “Artıq Ermənistan “Artsax”ın qarantı deyil" kimi fikirlər səsləndirib: “Məlumdur ki, sərhədlərin delimitasiyası və Azərbaycan irəli sürdüyü 5 maddəlik təklifin Ermənistan tərəfindən qəbul edilməsi, sülh müqaviləsinin imzalanması Azərbaycana qarşı ərazi iddialarının üzərindən qalın xətt çəkəcək. Buna görə müxalifətin hərəkətlənməsi müşahidə olunur. Proseslər fonunda “Şərəfim var” fraksiyasının lideri - Artur Vanetsyanın etirazları daha sistemli görünür. O, artıq bir müddətdir ki, tərəfdarlarını (az da olsa) meydana yığmağı bacarır. Müharibədən sonra A.Vanetsyanı N.Paşinyana əsas rəqib kimi gördüyümüzü təhlillərimizdə bildirmişdik. Bunun üçün bir sıra səbəblər mövcuddur: 1) Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru A.Vanetsyan vaxtı ilə N.Paşinyanla birlikdə işləyib və onun qərarları ilə razılaşa bilmədiyi üçün onunla yollarını ayırıb və ona rəqib olub; 2) A.Vanetsyan ermənilər üçün yeni fiqurdur, atdığı addımlar bilinmir. Hansı qütbdə yer alması da müəyyən sual doğurur. O, Qarabağ klanına daxil deyil və mövcud hakimiyyətlə də yola getmir. Onun öz partiyası (“Şərəfim var”) var. Qeyd edək ki, son günlər davam edən proseslər Rusiyanın müdaxilələrinin nəticəsi ola bilər. Buna görə də sülh prosesini axsatmaq üçün Paşinyana qarşı təzyiqlərin tədricən güclənməsi baş verir. Ermənistanda müxtəlif siyasi cərəyanları təmsil edən qüvvələr də nümayişlərə qoşulması müşahidə olunur. 5165 Hərəkatı da Azadlıq Meydanında keçirilən mitinqə qoşulub və hamını buna səsləyib. Buna baxmayaraq, İrəvanda müxalifətin aksiyaları davam etsə də, “Şərəfim var” fraksiyasının lideri Artur Vanetsyan iştirakçıların azlığından şikayətlənib. Lakin meydanlarına çoxalacaqlarına ümid edib. Daha sonra qanunsuz olaraq Xankəndinə səfər etmiş, Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan da Artur Vanetsyanın yanında görünüb. Başqa sözlə, Ayvazyan da aksiyaya qoşulub. Digər tərəfdən, sosial şəbəkələrdə Artur Vanetsyanın köməkçisi Aram Qriqoryan camaata pul paylayaraq onların aksiyalarda iştirakını təmin etmək istəyini nümayiş etdirən görüntülər paylaşılıb”.
Politoloq qeyd edib ki, aksiyalarda iştirak edənlərin azlığından şikayət edən A.Vanetsyan pul paylamaqla insanları meydanlara toplamağa çalışır. Bu maliyyənin haradan qaynaqlandığı da müəyyən suallar yaradır: “Son günlər Ermənistanda müxalifətin aksiyası dinamika qazanıb. “Şərəfim var” fraksiyasının lideri, aksiyaların təşəbbüskarı Artur Vanetsyan bu barədə xəbərdarlıq etmiş və “Mübarizəmiz yeni mərhələyə qədəm qoyur” demişdir. Polisin aksiya iştirakçıları ilə rəftarından belə qənaətə gəlmək olar ki, Paşinyan müxalifətə “göz açmağa” imkan verməyəcək. Nəzərə alsaq ki, Paşinyan, hələ də ölkənin ən reytinqli siyasətçisi hesab edilir, Vanetsyanla mübarizə onun üçün çətin olmamalıdır. Hazırkı vəziyyətdə orduda itaətsizlik böyük problemlərə gətirib çıxara bilər. Aydın məsələdir ki, Ermənistan ordusuna kənar qüvvələrin təsir imkanları böyükdür. Ona görə, Azərbaycanla sərhəd xəttində təxribatların törədilməsi ehtimalı var və bu, normallaşma prosesinə mənfi təsir göstərəcək. Paşinyan ordudan gələ biləcək təhlükələrdən sığortalanmaq üçün bir müddət öncə komanda üzvlərindən Suren Papikyanı müdafiə naziri təyin edib. Hərbi səriştəsi olmasa S.Papikyan Ermənistanın baş naziri Nikol Paşinyana sadiqliyi ilə seçilir. Paşinyan bununla orudunu tam olaraq özünə tabe etmək istəsə də, həssas dövrdə yeni təhlükə ocaqları meydana gələ bilər”.
Eyni zamanda qeyd edək ki, 44 günlük müharibədə ölən erməni əsgərlərinin valideynləri Paşinyanın mühakimə olunmasını tələb edirlər. Sosial və siyasi narazılıqlardan yaranan etiraz aksiyaları Ermənistanı öz cənginə alıb. Ermənistanın Vəkillər Palatasının keçmiş rəhbəri Ara Zohrabyan Paşinyanı dövlətə xəyanətdə ittiham edib. Paşinyana qarşı irəli sürülən ittihamların siyahısını qeyd edək: “Söz azadlığı məhdudlaşdırılıb; Səfərbərlik səmərəsiz aparılıb; Müharibə dayandırmaq imkanı olsa da, bunu etməyib; Şuşa Azərbaycana təslim edilib; Süinkdəki (Zəngəzur) qoşunların geri çəkilməsi ilə bağlı əmr verib və s. Sonda qeyd edək ki, Ermənistanda baş verən siyasi narazılıqlar və nümayişlər sülh gündəliyinə mənfi təsir edir və Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətləri normallaşdırmağa imkan vermir. Daxili sosial-siyasi narahatlıq danışıqlar prosesinə təsir etməklə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan bunu diplomatik sahəyə daşımağa çalışır. Lakin etirazlar geniş miqyas alarsa, Nikol Paşinyanın devrilməsi də baş verə bilər”.
Cavid