• 21 May 2022
logo
"İkili standartlar ermənilərin saxta təbliğatına rəvac verir"-Nurlan Qələndərli

"İkili standartlar ermənilərin saxta təbliğatına rəvac verir"-Nurlan Qələndərli

“Hər il aprelin 24-ü ərəfəsində bütün dünyada erməni lobbisinin fəallığı artır, beynəlxalq ictimaiyyəti qondarma “erməni soyqırımı”na inandırmaq üçün yeni cəhdlər edilir, bu məqsədlə müxtəlif yollara istinad olunur. Ermənipərəst mövqedən çıxış edən, yaxud qondarma “erməni məsələsi”ndən siyasi maraqları naminə istifadə etməyə çalışan müxtəlif ölkələrdəki bəzi siyasi dairələr də bu uydurma iddiaları dəstəkləyirlər. Saxta “erməni soyqırımı” iddialarını tanımaqla bir sıra siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan mərkəzlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu danılmaz faktlarla üzə çıxır: “Bundan başqa, tarixin müxtəlif dövrlərində baş verən hadisələrə diqqət yetirdikdə əsl soyqırımının məhz ermənilər tərəfindən Azərbaycan xalqına və türklərə qarşı törədildiyi tam aşkar olur. Bu səpkidə Xocalı soyqırımını, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər hərbi cinayətləri xüsusi qeyd etmək lazımdır. Nəzərdən qaçırmaq olmaz ki, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Xocalı soyqırımında iştirak ediblər və hələ də cəzasız qalıblar. İndi ermənilər, sadəcə olaraq, timsah göz yaşları ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar”.
N.Qələndərli söyləyib ki, ikili standartlar ermənilərin saxta təbliğatına və qeyri-qanuni hərəkətlərinə rəvac verir: “Ötən il ABŞ-ın prezidenti Co Bayden ciddi tarixi-siyasi səhvə yol verdi. Onun “soyqırımı” ifadəsini işlətməsi tarixin kobud surətdə təhrif olunması ilə yanaşı, ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına da tamamilə zidd addım idi. Ermənistan isə bundan heç nə qazanmadı. Ona görə dərk etməlidirlər ki, artıq bu mövzu ətrafında ajiotaj yaratmaq getdikcə çətin olur. Başqa bir məqama diqqət yetirək: Fransa prezidenti Makron Ukraynanın Buça şəhərində baş vermiş faciəni “soyqırımı” adlandırmaqdan imtina etdi. O bildirdi ki, “soyqırımı faktına siyasətçilər yox, hüquqşünaslar qiymət verməlidirlər”. Əgər belədirsə, qondarma “erməni soyqırımı” məsələsinə də yanaşma bu cür olmalıdır. Həmin hadisələrə yalnız tarixçilər qiymət verməlidirlər. Tarix isə mifi, yalanı istisna və inkar edir. Ona görə də ermənilərin absurd iddiaları puç olur”.

Əli Zülfüqaroğlu