• 29 May 2022
logo
Milli Məclisdə TÜRKPA-nın seminarı keçirilib

Milli Məclisdə TÜRKPA-nın seminarı keçirilib

Aprelin 21-də Milli Məclisdə TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının “Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar və perspektivlər” mövzusunda seminarı keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbir Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili moderatorluq edib.
Tahir Mirkişili dünyada texnologiyaların inkişaf etməsi, əmək məhsuldarlığına yaranan tələblər kontekstində əhalinin həssas qruplarının qorunması, işsizliyin azaldılması, yoxsulluğa qarşı mübarizənin vacibliyini qabardıb. Bu kontekstdə Azərbaycanda aparılan sosial siyasətin əsas istiqamətləri, onun qanunverici bazası, sosial sahibkarlığın inkişaf etdirilməsi, təşviqi mexanizmlərinin yaradılması barədə danışan komitə sədri qeyd edib ki, təkcə ünvanlı dövlət sosial yardım proqramı çərçivəsində il ərzində 47 min ailə 158 milyon manat vəsait alıb, özünüməşğulluq proqramları çərçivəsində isə təxminən 16 minə yaxın vətəndaş istehsal vasitələri ilə təmin edilib.
Komitə sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Azərbaycanda sosial cəhətdən həssas qruplara xüsusi qayğının göstərilməsi, onların əmək, məşğulluq və yaradıcı potensialının gerçəkləşdirlməsi istiqamətində görülən işlərdən və yaradılan inklüziv imkanlardan və innovativ həllərdən bəhs edib.
Sonra TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er toplantının Türk dünyasının qardaşlığına, parlamentlərarası əlaqələrinə töhfə verəcəyinə inamını bildirib. Mehmet Süreyya Er seminarın dünyanın, o cümlədən TÜRKPA ölkələrinin də qarşılaşdığı müasir çağırışlar, xüsusən ən həssas təbəqələr üçün imkanların genişləndirilməsi ilə bağlı üzərinə düşən məsuliyyətin yerinə yetirilməsi baxımından əhəmiyyətinə toxunub.
TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sabah keçiriləcək 9-cu iclasında “Sosial sahibkarlığın inkişafı haqqında” model qanun layihəsinin müzakirə ediləcəyini də qeyd edən Baş katib tədbirin gerçəkləşməsində göstərdiyi yüksək qonaqpərvərliyə və hərtərəfli dəstəyə görə Milli Məclisə və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Seminarın açılış hissəsində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədri Fərid Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Samir Hümbətov çıxış ediblər.
“TÜRKPA-nın üzv ölkələrinin əhalisinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə cəlb edilməsi problemləri və qanunvericilik səviyyəsində həlli yolları” adlanan I sessiyası TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Aybek Osmonovun moderatorluğu ilə keçirilib.
Sessiyada Milli Məclisin deputatı, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının üzvü Hikmət Məmmədov çıxış edib.
Qeyd edək ki, bu sessiyada Azərbaycan tərəfindən təqdimatı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin şöbə müdiri Aygün Musayeva təqdim edib.
Seminarın “TÜRKPA-nın üzv ölkələrində sosial sahibkarlığın inkişafının stimullaşdırılmasına qanunvericilik dəstəyi” adlanan II sessiyasına Milli Məclisinin üzvü, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini, Nizami Cəfərov moderatorluq edib.
Nizami Cəfərov sosial cəhətdən tarixən cəmiyyətin bir hissəsi olmuş həssas qrupların problemlərinin müasir dövrdə aktuallaşmasına toxunub, dünyada köçkün və qaçqınlarının sayının artmasının bu problemi daha da qabartdığını bildirib. II sessiyada Azərbaycan tərəfindən təqdimatla Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edib. O, sosial sahibkarlıq fenomenini qanunvericilik aspektindən xarakterizə edib, onun Azərbaycan qanunvericiliyindəki yeri, normativ-hüquqi bazası, təşkilati-hüquqi formaları haqqında məlumat verib. Sosial sahibkarlığın inkişaf etdiyi sahələr, onun hüquqi tənzimlənməsinin təməl prinsiplərindən bəhs edib.
Sessiyalardan sonra seminara yekun vuran Milli Məclisin komitə sədri Tahir Mirkişili seminarda söylənənləri ümumiləşdirərək belə bir fikir ifadə edib ki, sosial cəhətdən həssas təbəqələrinin istehsal fəaliyyətinə cəlb edilməsində dövlətin həvəsləndirici tədbirlərinin və qanunvericilik dəstəyinin rolu əvəzsizdir.

Milli Məclisdə TÜRKPA-nın seminarıMilli Məclisdə TÜRKPA-nın seminarı