• 25 May 2022
logo
Fransada prezident seçkiləri erməni lobbisinin artıq lazımsız olduğunu sübuta yetirdi - ŞƏRH

Fransada prezident seçkiləri erməni lobbisinin artıq lazımsız olduğunu sübuta yetirdi - ŞƏRH

Fransada keçirilən prezident seçkilərinin ilk turunun nəticələri, həmçinin, birinci və ikinci tur ərəfəsində keçirilən debatlarda namizədlərə ünvanlanan suallar və bu suallara verilən cavablar qlobal proseslərin bu ölkənin vətəndaşları üçün əhəmiyyət kəsb etmədiyini, fransızların “kiçik bacı” adlandırdıqları ermənilərlə bağlı olan məsələnin isə ümumiyyətlə yada düşmədiyini bir daha sübuta yetirdi.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, seçkilərin həm birinci, həm də ikinci turunda aparılan təbliğat kampaniyalarında verilən vədlərin mütləq əksəriyyətinin sosial məsələlərlə bağlı olması Fransada sosial problemlərin son illər ərzində kritik həddə çatdığını göstərir.

"Hazırda Fransa seçicisini narahat edən əsas problem ərzaq məhsullarının qiymətinin sürətlə artması və ərzaq məhsullarının orta və kasıb təbəqə üçün əlçatan olmayacağı barədə proqnozlardır. Məhz bu amili nəzərə alan fəaliyyətdə olan prezident və eyni zamanda, prezidentliyə namizəd Emmanuel Makronun sosial sferada verdiyi vədlərin ön sırasında əhalinin ərzaqla təmin olunması dayanır.

Emmanuel Makron seçki kampaniyası çərçivəsində “France Bleu” telekamalındakı çıxışında qiymət artımı ilə bağlı əhaliyə ərzaq talonlarının verilə biləcəyini deyib. Makron qeyd edib ki, o, yenidən prezident seçiləcəyi təqdirdə kasıb və orta təbəqəni ərzaq məhsullarının bahalaşmasından və yeni böhrandan qorumaq üçün “ərzaq talonu proqramı” hazırlamağı və həyata keçirməyi planlaşdırır", - deyə E.Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, Fransada seçkiöncəsi keçirilən sorğuların nəticələrinə və ekspertlərin rəyinə görə, seçiciləri əhalinin həyat səviyyəsinin və keyfiyyətinin aşağı düşməsi, dini və etnik ziddiyyətlər, hüquq pozuntusu faktlarının və cinayətkarlığın artması, miqrantlarla və demoqrafik vəziyyətlə bağlı problemlər, sosial infrastrukturun yüklənməsi və digər bu kimi məsələlər narahat edir.

"“Erməni məsələsi” isə bu siyahıda yer almır və bu faktın özü də sübuta yetirir ki, bu ölkədə yaşayan ermənilər siyasi hakimiyyətlərin ehtiyac duyduqları halda istifadə etdikləri kiçik və əhəmiyyətsiz geosiyasi bəhanədən başqa bir işə yaramırlar.

Seçki kampaniyası Fransada erməni lobbisinin təsir imkanlarının kifayət qədər azaldığını və ölkəmiqyaslı proseslərdə heç bir əhəmiyyətə malik olmadığını nümayiş etdirdi. Bu xüsusda ermənilərin Fransa prezidentliyinə namizədlər – İdalqo və Pekresslə bağlı hesablamaları özünü doğrultmadı. Ermənilər hər iki şəxsin prezidentliyə namizəd kimi Ermənistana səfərindən və Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində “zühurundan” da nəticə etibarilə heç bir qazanc əldə edə bilmədilər.

Bu isə sübuta yetirdi ki, erməni lobbisinin gücü haqqında deyilənlərin Ermənistanın mif və əfsanələrdən ibarət “tarixi” kimi reallıqla yaxından-uzağa əlaqəsi yoxdur. Ermənilər təsir imkanları barədə şişirdilmiş və saxta iddialardan ibarət təbliğatlarından özlərini siyasi dairələrə sırımaq üçün istifadə edirlər. Erməni lobbisi isə, əslində, yalnız bələdiyyə səviyyəsində təsirə malikdir, reallıqda isə nüfuzu kifayət qədər aşağıdır", - deyə E.Mirzəbəyli əlavə edib.

O vurğulayıb ki, Ermənistan mətbuatındakı şərhlərin təhlili və aparılan təbliğatın ana xəttində nəzərəçarpan məqamlar belə düşünməyə əsas verir ki, Ermənistanın siyasi hakimiyyəti, erməni diasporu və lobbisi Emmanuel Makronun ikinci tura keçəcəyinə ümid bəsləməyib.

"Çox güman ki, ikinci turda Mari Le Penlə Valeri Pekress, yaxud Ann İdalqonun yarışacağını düşünüblər. Əslində, ermənilərin sözügedən namizədlərin seçki kampaniyasında iştirakları da qabarıq şəkildə nəzərə çarpmayıb. Emmanuel Makronun seçki marafonunda isə ümumiyyətlə gözə dəyməyiblər.

İkinci turda Rusiyaya yaxın Le Penin seçkilərdə qalib gəlmək şansının az olduğunu anlayan erməni lobbisinin növbəti dəfə prinsipsizlik nümayiş etdirərək Makrona dəstək olacağını bəyan etməsi isə Fransanın siyasi dairələri tərəfindən ikrahla qarşılanıb. Makron isə çox güman ki, seçicilərin daxili sosial problemlərdən narahatlığını, həmçinin, erməni lobbisinin zəif nəticələrini və prinsipsizliyini nəzərə alaraq əvvəlki kimi erməni məsələsinə böyük diqqət ayıra bilməyəcək", - deyə E.Mirzəbəyli əlavə edib.