• 7 İyul 2025
logo
Çindən Almaniyaya yeni marşrut: Azərbaycanın əhəmiyyəti artır

Çindən Almaniyaya yeni marşrut: Azərbaycanın əhəmiyyəti artır

Elçin Mirzəbəyli: “Yeni marşrutun bizim üçün önəmi ölkəmizin tranzit imkanlarının genişlənməsi və Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizindəki rolunun əhəmiyyətli dərəcədə artmasıdır”

Məlum olduğu kimi, Çin Almaniyaya yeni marşrut xətti açıb. Beləliklə, Çindən daşınan yüklər dəmiryolu və dəniz nəqliyyatı vasitəsilə Xəzər və Qara dənizdən, eləcə də Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçməklə Almaniyanın Manheym şəhərinə çatdırılacaq.

Yeni marşrutun ölkəmiz üçün əhəmiyyəti ilə bağlı BayMedia-nın sualını cavablandıran siyasi şərhçi Elçin Mirzəbəyli qeyd edib ki, daha öncə bu marşrut üzrə Çinlə Avropa arasında yükdaşınmaları həyata keçirilməyib və yeni marşrut üzərində yer alan ölkələr sözügedən istiqamətlər üzrə yükdaşınmalarında əsas tranzit subyektləri kimi yer almayıblar: “Çinin “Juyan” beynəlxalq logistik şirkətinin meneceri Ca Minin qlobal media resurslarına verdiyi açıqlamaya görə, yeni marşrut Çinlə Avropa arasında yükdaşınmaların həyata keçirilməsində əsas ağırlıq mərkəzi funksiyasını yerinə yetirəcək, yük daşınmalarının effektivliyini artıracaq və xərcləri nəzərəçarpacaq dərəcədə azaldacaq”.

Siyasi şərhçinin sözlərinə görə, yeni marşrutun bizim üçün önəmi ölkəmizin tranzit imkanlarının genişlənməsi və Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizindəki rolunun əhəmiyyətli dərəcədə artmasıdır: “Bu isə Prezident İlham Əliyevin təşəbbüsü Azərbaycanda nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələrin nə qədər mühüm əhəmiyyətə malik olduğunu sübuta yetirir".