• 25 May 2022
logo
“Nə yardan doyur, nə əldən qoyur”

“Nə yardan doyur, nə əldən qoyur”

Yaxud Rusiya siyasətinin gerçək üzü

Nikol Paşinyanın Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinin “Qarabağın təhlükəsizliyi” ilə bağlı səsləndirdiyi fikirlər Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olmadığını, bölgəni öz asılılığında saxlamaq üçün ənənəvi oyunlarını davam etdirəcəyini bir daha sübuta yetirdi və təsdiqlədi ki, Azərbaycan xalqının mütləq əksəriyyəti Rusiyaya güvənməməkdə tamamilə haqlıdır. Rusiya “münaqişə” barmağını Ermənistan-Azərbaycan münasibətlərindən çəkmək istəmir və əlindən gələni edir ki, rəsmi Bakı ilə İrəvan arasında birbaşa dialoq baş tutmasın, hər iki ölkə Kremlin “vasitəçilik lütfü”ndən asılı vəziyyətdə qalsın. Şübhə etmirəm ki, əgər günlərin birində Azərbaycanla Ermənistan istisnasız olaraq bütün məsələlərdə razılaşsalar, sülh müqaviləsini imzalamağa hazır olduqlarını bəyan etsələr də, Rusiya razılaşmanı pozmaq üçün mütləq bir təxribat törədəcək. Necə ki 1999-cu ildə Ermənistan parlamentində baş verən gülləbaranı səhnələşdirməklə əldə olunan bütün razılaşmaları “0” nöqtəsinə qaytarılmasına və hətta prosesin geriyə atılmasına nail olmuşdu. Şübhəsiz ki, 1999-cu ildə Ermənistan parlamentində “səhnələşdirilən” terror aksiyasının arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığını sübuta yetirmək mümkün deyil. Həmin hadisədən istifadə edib hakimiyyətlərini möhkəmləndirən hərbi cinayətkar xuntanın rəhbərləri və MKİ-DTK tör-töküntüləri, onların bu siyasi terror aksiyasında iştiraklarını sübuta yetirən faktları çoxdan məhv ediblər və klassik erməni ənənəsinə uyğun olaraq saxta dəlillərdən “reallıq” düzəldiblər.
Rusiya yenə də öz ampluasındadır və “nə yardan doyur, nə əldən qoyur”. Moskvanın “ədalət” standartları heç bir ölçüyə uyğun gəlmir. Qərbi ikili standartlarda suçlayır, amma öz standartlarının sayı-hesabı bilinmir. Kremlin siyasətinin qeyri-müəyyənlik elementlərinin sayı o qədər çoxdur ki, onların hansı maraqlar və iddialar üzərindən ortaya atıldığını təxmin etmək mümkün deyil.
10 noyabr bəyanatından dərhal sonra Rusiya prezidenti beynəlxalq birliyin artıq mövcud olmayan “Dağlıq Qarabağın”, hazırda isə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan torpaqlarımızın Azərbaycan Respublikasının ərazisi kimi tanındığını bəyan edirdi, yəni həqiqəti dilə gətirirdi. Bu yanaşma Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik müqaviləsində də əks olunub və hətta rəsmi Moskva ölkəmizin ərazi bütövlüyünə təhdid yaradan amillərlə bağlı prinsipial mövqe sərgiləyəcəyinə dair öhdəlik götürüb. İndisə Ermənistan parlamentindəki çıxışında Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini bəyan edən Nikol Paşinyanla “Qarabağın təhlükəsizliyi”ndən danışır. Cənab Putin, Azərbaycanın iqtisadi rayonlarının birinin təhlükəsizliyindən sizə nə var? Sizin hansı sözünüzə inananaq, hansı əməlinizə etimad göstərək?
Rusiyanın indiki siyasətinin təməlində qonşularına sülh, təhlükəsizlik, rifah gətirmək niyyəti dayanmır. Siz postsovet məkanındakı müstəqil dövlətləri və vu dövlətlərin xalqlarını dünyanın inkişaf tempindən illərlə geridə buraxdığınız Rusiyadan və rus xalqından daha rəzil duruma salmaqla öz vətəndaşlarınızın gözündə böyük və güclü görünmək istəyirsiniz. Vəssalam! Sizin ABŞ-la, Avropa İttifaqı ilə dərdiniz-filanınız yoxdur, zatən. Əgər olsaydı, bugünədək yürütdüyünüz siyasətlə onlara ziyan verərdiniz. Rusiyanın dərdi-azarı neoimperialist xəyallarının sərhədləri çərçivəsində gördüyü xalqlarla və onların qurduqları dövlətlərlədir!
Təxminən 1 il öncə “Rusiya siyasətinin üz qabığı” adlı yazımda bu gün qarşılaşdığımız “üz”lə bağlı bəzi məqamlara toxunmuşdum. Sitat:
“Neobolşevizm və neoimperializmin qarışığından əmələ gələn “siyasi horra” təfəkkürlü Rusiya siyasətçilərindən və beyinlərində, əsasən başlarındakı papağın halqası ölçüsündə qırışlar olan hərbiçilərindən də sivil, mədəni, əxlaqlı davranış gözləməyə dəyməz. Bu “siyasi horra” reallıqları qəbil edə, anlaya və anlaşa bilmir. O yalnız hesablaşmağı bacarır – sözün bütün mənalarında...
Bu səbəbdən də baş verənlərə emosional reaksiya verməyə, qəzəblənməyə, “nə üçün”, “niyə” və bu kimi cavabı heç zaman verilməyəcək sualların girovuna çevrilməyə ehtiyac yoxdur. Mənə görə, Rusiya siyasətçiləri və hərbçiləri ilə onların anlaya biləcəyi üslubda – yumşaq desəm, siyasi “poxrenizm” dilində danışmaq, imkan düşdükcə, yenə də başa düşəcəkləri şəkildə alışdıqları yerə və istiqamətə “göndərmək” lazımdır.
Hələ kiçik yaşlarımda rəhmətlik atam “rusun siyasəti “dovşana qaç, tazıya tut” prinsipi üzərində qurulub, mürəkkəb heç nə yoxdur” deyirdi. 40-45 il bundan öncə! Hətta babamın da belə dediyini vurğulayırdı. Yəni 80-85 il bundan əvvəl! Bu isə o deməkdir ki, çarizmin də, bolşevizmin də, həmçinin müasir demo-oliqarxokratiyanın da prinsipi eynidir, dəyiməyib və dəyişməyəcək. Rusiyada adlar dəyişir, mahiyyət yox. Formalizm bu ölkənin yeganə “üz qabığıdır”. Rusiyanın “təşəbbüsü” və dominantlığı ilə yaranan təşkilatlara baxın: “Müstəqil Dövlətlər Birliyi”, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”, “Avrasiya İqtisadi İttifaqı” və s. “Müstəqil Dövlətlər Birliyi” üzv dövlətlərin müstəqil siyasət yürütmələrinə, “Kollektiv Təhlükəsizlik Müaviləsi Təşkilatı” üzv dövlətlərin öz kollektiv təhlükəsiziklərini təmin etmələrinə, “Avrasiya İqtisadi İttifaqı” isə azad iqtisadi siyasət həyata keçirmələrinə mane olmaq üçün yaradılıb. Bunun əksini sübut etmək istəyən varsa, buyursun, istənilən müstəvidə və daha detallı şəkildə izahını verim. Rusiya siyasətinin missiyası rus xalqını yaxşı yaşatmaqdan ibarət deyil, başqalarının yaxşı yaşamasına mane olmaqdır. Bu ölkədə heç vaxt “mən niyə pis yaşayıram” sualına cavab axtarmayıblar, “başqası niyə yaxşı yaşayır” deyə gileyləniblər və bütün enerjilərini həmin o “başqası”nın yaxşı yaşamaması üçün çeşidli oyunlar qurmağa yönəldiblər...
..Rusiya dünyanın nəhəng təbii resurs mənbəyi və ideya generatorudur. Amma dünyadan fərqləri ondan ibarətdir ki, Rusiyada resursları və ideyaları öldürməklə məşğul olurlar. Dünyanın ən nəhəng təbii ehtiyatlarının “üzərində oturan” dövlətin gününə bax... Şəhərləri, qəsəbələri, kəndləri SSRİ zamanında necə idisə, indi də elədir. SSRİ dövründə Rusiyanın yaşayış məntəqələrini “abıra salan” da “müttəfiq” respublikaların təmsilçilər idi...
...İndi bu nəhənglikdə təbii resurslarla özünə normal iqtisadiyyat, müasir standartlarla müqayisədə orta səviyyədən də aşağı avtomobil sənayesi qura bilməyən, texnologiyasının inkişaf səviyyəsinə görə dünya reytinq cədvəlində 2.68 indekslə 46-cı sırada dayanan bir ölkə başqalarına nə verə bilər? Gün ağlaya bilirsə elə özünə ağlasın...”
Mən kütləvi psixoz həddinə çatmış neoimperialist iddiaların başına götürdüyü bir cəmiyyətin qısa bir zaman çərçivəsində dəyişəcəyinə, sivil inkişaf yolu seçəcəyinə, postsovet məkanına “Rusiyanın arxa bağçası” kimi baxmaqdan əl çəkəcəyinə inanmıram. Təəssüf ki, bunun əksini düşünməyə iynə ucu boyda ümid də yoxdur. Reallıq ondan ibarətdir ki, biz hələ uzun illər müstəqilliyimizi hər cür təhlükədən qorunmaq üçün bir millət və dövlət olaraq mücadilə aparacağıq. Bu səbəbdən də bir an belə tərəddüd etmədən hədəflərimizə doğru inamla addımlamalı, daha güclü və daha həmrəy olmalıyıq. Qarşımıza duran bütün problemlərin həlli içimizdəki Vətən sevgisində və bu sevginin özünü əməldə büruzə verməsindədir!

Elçin Mirzəbəyli