• 2 İyul 2025
logo
“Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana gəlmək bizim üçün əvəzolunmaz mükafatdır”

“Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana gəlmək bizim üçün əvəzolunmaz mükafatdır” - Mayisə Ağamirzəyeva

“İlk dəfə deyil ki, Dünya Azərbaycanlılarının Qurultayında iştirak edirəm. Ancaq ilk növbədə onu qeyd etmək istəyirəm ki, son illər diasporada olan dirçəliş, dünya azərbaycanlılarının aktivliyi özünü bariz şəkildə göstərir”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Niderlandda fəaliyyət göstərən Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva səsləndirib. M.Ağamirzəyeva bildirib ki, xüsusilə də 44 günlük Vətən Müharibəsi dönəmində azərbaycanlıların göstərdiyi fəaliyyət göz önündədir: “Xaricdə yaşayan azərbaycanlılar müharibə zamanı öz istiqamətləri üzrə ciddi addımlar atdılar. İstər mənim sədri olduğum Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyi, istərsə də əlaqələndiricisi olduğum Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının bütün üzv təşkilatları çox aktiv olduq.Bu gün fərəhli haldır ki, biz, Dünya Azərbaycanlılarının V qurultayında iştirak etmək üçün Şuşamıza gedəcəyik.
Mayisə Ağamirzəyeva həmçinin “bu tarixi günü bizə bəxş edən Prezidentimizə, Ali Baş Komandanımıza öz dərin təşəkkürümüzü bildirir və ona cansağlığı arzulayırıq”,- deyə vurğulayıb: “Sözsüz ki, minlərlə şəhidimiz var. Onları dünyaya gətirən, boya başa çatdıran analarımızn qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Eyni zamanda öz qanları hesabına torpaqlarımızı işğaldan azad edən qazilərimizə can sağlığı arzu edirik.
Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Torpaqlarımız artıq azad, şəhidlərimizin ruhu isə şadddır. Öz torpaqlarına sahib olmuş, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana gəlmək bizim üçün əvəzolunmaz bir mükafatdır və sözlə ifadəsi çətin olan bir duyğudur. “Qarabağ Azərbaycandır” şüarını, hər yerdə dalğalanan bayraqları görəndə insanda tamam başqa bir hiss yaranır. Təbii ki, biz ölkəmizlə hər zaman qürur duymuşuq. Amma torpaqlarını işğaldan azad etmiş qalib bir dövlətə, xalqa mənsub olmaq insana fərqli hisslər yaşadır. Onu da qeyd edim ki, mən qarabağlıyam. Bu səbəbdən də Şuşanı görmək məndə xüsusi həyəcan yaradır.
Bu səbəbdən də V Qurultay əvvəlki Qurultaylardan fərqlənir. Qurultayla bağlı hər şey yüksək səviyyədə təşkil olunub. Təşkilatçılıq çox önəmlidir və bütün məsələlər incəliyinə qədər düşünülüb. Neçə gündür ki, bir-birimizə “Şuşaya gedirik”, “Şuşada görüşərik”, deyə bildiririk. İnanın ki, illərdir bu ifadələrin arzusunda olmuşuq. Allaha şükürlər olsun ki, artıq arzularımız reallaşıb”.

Əli Zülfüqaroğlu