• 27 May 2022
logo
Putin-Paşinyan görüşünün əhəmiyyəti

Putin-Paşinyan görüşünün əhəmiyyəti

Elşən Manafov: “Paşinyan "danışdırılır" və nəyə isə ümid edir”

Vasif Əfəndi: “Paşinyanın çıxışından açıq sezilirdi ki, o Putinin yanına şikayətə gəlib”

Əkrəm Bəydəmirli: “Şimal qonşumuz Cənubi Qafqazdan əl çəkmək istəmir”

Elxan Şükürlü: “Rusiya hələ də Qərbin Cənubi Qafqaza girişinin önünü kəsməyə müvəffəq olur”

Aprelin 19-da Rusiya Prezidenti Putinlə Ermənistanın Baş naziri Paşinyan arasında Moskvada baş tutan görüşdə, rəsmi məlumata görə, iki məsələ razılaşdırılıb - Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə birgə komissiyanın yaradılması prosesini sürətləndirmək və Kommunikasiyanın açılması və iqtisadi əlaqələrin bərpası üzrə Üçtərəfli İşçi Qrupunun fəaliyyətinin aktivləşdirilməsi.
Görüşün nəticəsi və gözləntilərlə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Paşinyanın Rusiyaya olan səfəri rəsmi xarakter daşıyıb. Göruş zamanı bu səfərin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönmu ilə bağlı olduğu qeyd edilsə də tərəflər arasındakı ikitərəfli münasibətlərin çağdaş durumu, habelə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması müzakirə predmeti olan əsas məsələlər olub: “Görüşün AB-nin təşəbbüsü ilə Brüsseldə keçirilən məlum göruşdən dərhal sonra keçirilməsi bölgədəki proseslərə məhz Rusiyanın həlledici təsir imkanlarına malik olduğunu qabartmaq baxımından diqqətəlayiq olub. Görüş zamanı bu faktoru məhz Paşinyanın etiraf etməsi dolayısı yolla rəsmi Moskvanın Brüsselə mesajı təsiri bagişladı. Yeri gəlmişkən, Rusiyanın bölgədəki proseslərə, o cümlədən Qarabağ uğrunda gedən hərbi əməliyyatların durdurulması ilə bağlı məsələlərə həlledici rolunu bu ilin fevralında Moskvada Rusiya və Azərbaycan arasında müttəfiqliklə bağlı müqavilənin imzalanması zamani prezident İ.Əliyev də etiraf edib. Moskvada Paşinyanla keçirilən göruş zamanı Rusiya prezidenti V. Putinin hazırda tərəflər arasında münasibətlərdə həllini gözləyən əsas məsələ demarasiya və demilitarizasiya problemləridir deməsi göstərir ki, rəsmi Moskva özünün moderatorluğu ilə tərəflər arasında razılaşdırılan Moskva bəyannaməsinin məlum müddəalarının yerinə yetirilməsində maraqlıdır, zira bu razılaşma bölgədə sülh və təhlukəsizliyin təminatı ilə bağlı məsələlərdə kimin söz və nüfuz sahibi olmasi ilə bağlı amillərin qabardılması baxımından Kremlin maraqlarına cavab verir”.
Politoloq qeyd edib ki, Qərb və Rusiya arasında hazırda Ukraynada yaşanan hərbi, diplomatik, iqtisadi və geosiyasi qarşıdurmanın fonunda bu amilin qabardılması Moskva üçün həyati əhəmiyyət kəsb edir. Bölgədə 3+3 formatında perspektiv əməkdaşlığın konturları da göstərir ki, Rusiya, habelə İran bölgədə nüfuz dairəsi uğrunda mübarizədə Qərblə kompromisə getmək fikrində deyillər: “Bressel görüşündən fərqli olaraq Paşinyanın “Dağlıq Qarabag” münaqişəsinin tənzimlənməsində Rusiya faktoruna müraciəti, ümumiyyətlə bu ifadəni işlətməsi göstərir ki, rəsmi İrəvan Bakı ilə sülh danışıqları ilə bağlı müzakirələrdə Qarabağ kartından imtina etmək fikrində deyil. Məğlub durumda olmasına, faktiki olaraq təslimçilik aktına imza atmasına baxmayaraq Paşinyanın yenidən “DQ” problemini müzakirələrə qaytarmaq istəyi göstərir ki, o "danışdırılır" və nəyə isə ümid edir. Bu nəsə əlbəttə ATƏT və onun Minsk qrupudur. Bundan əlavə Paşinyanın Moskvaya səfəri ərəfəsində ABŞ-ın Ermənistandakı səfirinin bu ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə göruşməsi və onları Qərb bankları kimi Rusiyaya qarşı maliyyə sanksiyalarına qatılmaq çağırışı Paşinyanın sevdasından xəbər verir, cunki onun razılığı olmadan erməni bankirlərinin bu tədbirə qatılacaqları inandırıcı təsir bagışlamır. Paşinyanın qlobal maliyyə mərkəzlərindən biri sorosçularla əlaqəsi nəzərə alınarsa, belə bir mesajın hardan gəldiyini müəyyənləşdirmək mümkün deyil”.
E.Manafovun fikrincə, Rusiyaya ilk baxışda sadiqliyini göstərməklə ehtimal ki, baş nazir Ukrayna cəbhəsində hadisələrin hansı axarda getməsindən asılı olaraq qərar qəbul etmək fikrindədir. Lakin Paşinyanın əsil xilqətindən təbii ki, Kreml də xəbərdardır, digər tərəfdən Putinin Ukrayna hadisələri fonunda Qərbi Rusiyanın qeyri dostları kateqoriyasına aid etməsindən sonra Minsk qrupunun reabilitasiya olunacağı inandırıcı təsir bagışlamır, buna xarici işlər naziri Lavrov da işarə etmişdir, nəhayət bu qurumun əvvəlki statusunun bərpa olunmasında da rəsmi Bakı maraqlı deyil, hərçənd Prezident Əliyev əməkdaşlığın davam etdirilməsinin də əleyhinə deyil: “Moskva isə Azərbaycanla münasibətlərin onun bölgədəki təsir imkanlarının saxlanılmasında nə kimi əhəmiyyətli rol oynadığının mahiyyətinə vardığından erməni tərəfinə əlavə demarşlar etməyəcək, zira buna ehtiyac da yoxdur. Ermənistan iqtisadiyyatının durumu, burada Rusiya biznesinin nəhəng imkanları, Ermənistanda Rusiyanın hərbi bazası, Rusiya yönumlu siyasi istibleşment Moskvanın bu ölkədə malik olduğu əyləc mexanizmlərini. Qarabağ savaşında Kremlin loyallığı və nəticədə ordumuzun müzəffər qələbəsi nəticəsində Ermənistanın düşdüyü dərin iqtisadi, sosial və siyasi böhran Paşinyanın başı üzərində asılmış əsl Domokl qılıncıdır”.
Politoloq Vasif Əfəndi isə qəzetimizə verdiyi açıqlamasında bildirib ki, Novo-Oqarevoda Putin – Paşinyan görüşünün Ermənistanın tərəfinin israrlı tələbi əsasında reallaşdığı güman edilsə də Putinin istəyi əsasında baş verib. Putinin Ukraynanın Şərqində növbəti irimiqyaslı hücumlar təşkil etdiyi bir dövrdə Paşinyana zaman ayırmasının bir neçə səbəbi ola bilərdi: “Bunlardan birincisi, Ukrayna savaşında faktiki olaraq bütün dünyadan təpki aldığı bir şəraitdə Ermənistanı dəvət edərək tək qalmadığı görüntüsünü verməkdirsə, digər səbəb isə son günlərdə erməni separatçılarının Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yeni müdafiə qurğuları inşa etmək cəhdlərinə Azərbaycan ordusunun müdaxiləsi ola bilər. Məncə hər iki variant eyni zamanda üst-üstə düşüb. Daha bir səbəb isə İlham Əliyevlə Nikol Paşinyanın Avropa İttifaqının vasitəçiliyi ilə Rusiyanın iştirakı olmadan təşkil edilmiş görüşdən Moskvanın narahat qalmasıdır. Putin Ukrayna cəbhəsində çox ciddi problemlərlə üzləşdiyi bir zamanda onun başı üzərindən təşkil edilmiş görüşdən razı qalması da mümkün görünmürdü və onun reaksiyasının olacağını da istisna etməməliyik”.
V.Əfəndi qeyd edib ki, görüşün jurnalistlər üçün təşkil olunmuş hissəsində həm Paşinyanın dilindən, həm də Putin tərəfindən Qarabağ inzibati rayonu ərazisində problemlərin olduğu dilə gətirildi: “Bu məqamda diqqətimi çəkən Paşinyanın “Dağlıq Qarabağ”, Putinin isə sadəcə Qarabağ ifadəsini işlətməsi oldu. Əslində Putin bir daha Paşinyana mesaj olaraq nəzərinə çatdırdı ki, hüquqi cəhətdən Dağlıq Qarabağ adında problem mövcud deyil. Lakin Paşinyanın çıxışından açıq sezilirdi ki, o Putinin yanına şikayətə gəlib və Azərbaycanın Qarabağ inzibati rayonunda separatçıları müdafiə mövqeləri inşa etməyə mane olmasının qarşısını alınmasını istəyir. Hazırda Ukraynada baş verən proseslərin nəticələrindən asılı olmayaraq biz Qafqazda sülhün dayanıqlı olmasından ötrü çalışmalıyıq. Bu yaxınlarda baş tutan Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşü müsbət dəyişikliklərin mümkünlüyünə optimist düşüncələr yaradır. Bu isitiqamətdə daha da fəal çalımalıyıq. Mümkün qədər tez bir zamanda razılaşmada əldə olunan demarkasiya delimitasiya işlərinə başlamalıyıq. Rusiyanın Ukrayna ilə müharibəni nə zaman bitirəcəyini və aramıza girəcəyini gözləməməliyik”.
Ekspert Əkrəm Bəydəmirlinin fikrincə isə Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən ikitərəfli görüş, onu bir daha göstərir ki, Şimal qonşumuz Cənubi Qafqazdan əl çəkmək istəmir: “Ukrayna ilə müharibə də ciddi itkilər verən, iqtisadiyyatı gündən-günə çokən, Qərb tərəfindən tamailə təcrid olan Rusiyanı bu gün Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması maraqlandırmır. Rusiyanın bizim regionumuzda sülhə töhfə verəcəyi də inandırıcı deyil. Lakin bir məqam inandırıcıdır ki, Rusiya öz maraqları çərçivəsində imitasiya xarakterli sülh görüntüsü yaratmaqda və regionu əvvəlki kimi öz nəzarətində saxlamaqda davam etmək istəyindədir. Təbii ki, belə istəklər baş tutan deyil. Çünki dünyada geosiyasi proseslər tamamilə Rusiyanın əleyhinə işləyir. Bu ölkənin imperiya maraqlarından çıxış edərək Cənubi Qafqaz respublikalarına əvvəlki qaydada təzyiq dili ilə danışması mümkünsüzdür. Ona görə də Azərbaycan Şimal qonşumuzla heç bir qarşıdurmaya getməyərək, normal əməkdaşlığı davam etdirərək, Qarabağın bütün ərazilərində tədricən öz suverenliyini bərpa etməklə postRusiya dönəminə hazırlaşmalıdır”.
Politoloq Elxan Şükürlü isə bildirib ki, Putin-Paşinyan görüşünün mətbuata açıqlanan detallarından, verilən yekun bəyanatdan aydın olur ki, Rusiya prezidenti Ukrayna hadisələrindən həvəslənmiş Ermənistanın qərbyönümlü baş nazirinə öz iradəsini növbəti dəfə qəbul etdirə və bundan sonrakı mərhələdə də onun Kremlin cızdığı trayektoriya ilə hərəkətə məcbur qaldığını yaxşıca anlada bilib: “Bu, ilk növbədə, Paşinyanın Rusiya əleyhinə Qərbin tətbiq etdiyi sanksiyaları qınayan və bu sanksiyalardan yayınmaq üçün də Rusiya ilə birgə hərəkət edəcəyinin ifadə olunduğu yekun bəyanatda öz əksini tapıb.
Baxın, yekun bəyanatda deyilir: “Vladimir Putin və Nikol Paşinyan bir sıra ölkələrin birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etməsindən narahat olduqlarını ifadə ediblər. Onlar iki ölkənin ərzaq və enerji təhlükəsizliyi, logistika və digər sahələrdə sanksiyaların səbəb olduğu çətinliklərin öhdəsindən birlikdə gəlmək niyyətlərini bildiriblər”.
Halbuki bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri xanım Linn Treysi erməni bankirlərlə keçirdiyi görüşdən danışaraq, onları Rusiyaya kömək göstərməkdən çəkinməyə çağırmış və ABŞ-ın Paşinyan hökumətinin sanksiyalara sadiqliyini çox yüksək qiymətləndirdiklərini bəyan etmişdi. Hətta Paşinyanın bəzi erməniqanlı azərbaycanlı pərəstişkarları da bəh-bəhlə ABŞ səfirinin bu bəyanatını tirajlayraq, Azərbaycan hakimiyyətini sərt tənqidə və təhdidə başlamışdılar ki, niyə Ermənistan kimi davranmır, Rusiya əleyhinə sanksiyalara qoşulmur”.
İndisə məlum olur ki, qərbpərəst Paşinyan Kremlə çatan kimi fikrini dəyişib: o, nəinki Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların yaratdığı çətinliklərdən narahatdır, hətta bundan sonra bu çətinliklərə qarşı Rusiya ilə birgə hərəkət etmək niyyətindədir!
...Putin-Paşinyan görüşünün bizim üçün ən əhəmiyyətli detallarından biri isə, şübhəsiz ki, 44 günlük Qarabağ savaşından dərhal sonra Türkiyə Prezidenti Ərdoğanın təklif etdiyi və Azərbaycan Prezidenti Əliyevin də dəstəklədiyi “3+3 formatı”nın həm Rusiya, həm də Ermənistan tərəfindən artıq əsas Regional Əməkdaşlıq Platforması kimi qəbul edildiyinin dilə gətirilməsi, dolayısı ilə bundan sonrakı mərhələdə regiondakı problemlərin məhz bu müstəvidə çözüləcəyinin anons edilməsidir. Yekun bəyanatda bu haqda deyilir: “Tərəflər bütün region ölkələri arasında dialoqu və çoxplanlı əməkdaşlığı inkişaf etdirmək üçün əlavə imkanlar yaradan "3+3" Regional Əməkdaşlıq Platformasının uğurla fəaliyyətə başlamasını qeyd ediblər”.Bu, o deməkdir ki, Ermənistan hakimiyyətinin süni şəkildə 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarının icrasını uzatmaq cəhdləri bundan sonra həm də bütövlükdə regional əməkdaşlığın qarşısını kəsən əsas maneə kimi görüləcək və daha ona dözümlü yanaşılmayacaq; eyni zamanda, 6 apreldəki Brüssel görüşüylə Avropa İttifaqını da aktiv şəkildə prosesə qoşmaqla, region ölkələri arasında nəqliyyat-kommunikasiya xətlərinin işə düşməsinin və tərəflər arasında qalıcı sülh sazişinin imzalanması prosesinin tezləşdirilməsi təmin ediləcək: “Qısası, bu görüşdən çıxan yekun nəticə odur ki, Rusiya hələ də Qərbin Cənubi Qafqaza girişinin önünü kəsməyə müvəffəq olur və onun “hamı üçün gərəkli körpü” statusunu qəbul etməklə yanaşı, məhz region ölkələrinin - Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanın fəal əməkdaşlıq meydançasına çevrilməsində maraqlıdır.Belə də olmalıdır: region ölkələri öz evlərinin problemlərini özləri həll etməyi bacarmalı, "yad əllər"in bu evlərdə hökmranlığına imkan verməməlidirlər!”.

Cavid