• 6 İyul 2025
logo
“V Qurultay diaspor təşkilatlarımızın Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq”

“V Qurultay diaspor təşkilatlarımızın Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq” - İlyas Hüseynov

“Dünya azərbaycanlılarınnı təşkilatlanması və diaspor quruculuğunda ümummilli lider Heydərə Əliyevin mühüm rolu vardır. Dünya Azərbaycanlılarının ilk Qurultayı "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib. Ulu öndər Heydər Əliyev proqram xarakterli nitqində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüarını səsləndirib.
Bununla yanaşı, 2006-cı il martin 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də lV qurultayların keçirilməsi də göstərir ki, ölkəmizdə diaspora quruculuğu sahəsi hər zaman dövlətin strateji prioritetləri sırasında olub. Cənab Prezidenti İlham Əliyev daim bu sahəyə diqqət ayırıb və soydaşlarımızın təşkilatlanması işinə mühüm töhfələr verib”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, ötən dövrə nəzər salanda Azərbaycan diaspor təşkilatlarının keçidiyi inkişaf yolu təqdir olunmalıdır: “Xüsusilə vurğulanmalıdır ki, əldə olunmuş nailiyyətlərdə, bir sıra uğurlarda Azərbaycanın dövlət və milli maraqlarının müdafiəsində diasporun rolu çox mühümdür.
Bu sahəni əlaqələndirən Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi, 2018-ci ildə yeni “Strateji Yol Xəritəsi”nin işlənib hazırlanması və icrası, diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi sayəsində soydaşlarımız daha da təşkilatlandı. Xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılmasında Diasporla İş üzrə Dövlət Komitəsinin əvəzsiz rolu var.
Qeyd edək ki, son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının yaradılması, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması (Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri) soydaşlarımızın vahid ideya ətrafında birləşməsinə təkan vermişdir. Bu birlik və həmrəyliyə biz Vətən müharibəsində şahidlik etdik.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəblərinin təsis olunması, bu gün həmin məktəblərdə 250 artıq azərbaycanlı uşağın ana dilində təhsil alması da göstərir ki, xaricdə yaşayan soydaşlarımızın ana dilində təhsil alması üçün hər bir şərait yaradılıb”.
Ekspert əlavə edib ki, digər tərəfdən, diasporun Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi azərbaycan xalqının siyasi iradəsini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi: “Xüsusilə vurğulamaq lazımdır ki, Qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin mühüm siyasi əhəmiyyəti vardır. Mədəniyyət paytaxtımız Şuşa yenidən böyük tədbirə ev sahibliyi edəcək. Bu tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası olmaqla yanaşı, zəfər qazanmış xalqın nümayəndələrinin Şuşada dünya azərbaycanlılarını birləşdirmək ideyası ətrafında daha təsirli olacaq. Cənab Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti bu reallığı mümkün etdi, artıq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız qələbəmizin rəmzi rolunu oynayan Şuşada toplaşacaqlar.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq”.