• 27 May 2022
logo
Deputat: “Azərbaycan "Sputnik-Azərbaycan"ın fəaliyyətini niyə dayandırmır?”

Deputat: “Azərbaycan "Sputnik-Azərbaycan"ın fəaliyyətini niyə dayandırmır?”

"Azərbaycan əsgəri hətta müharibə dövründə belə, kiməsə məhz erməni olduğuna görə güllə atmayıb. Bizim üçün bir anlayış olub - “təcavüzkar”. Milliyətinə qalanda, Bakıda 30 min erməni yaşayıb və heç biri ayrı-seçkiliyə məruz qalmayıb".

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, indi “Sputnik“ məsələsi bizim üçün bu təşkilata erməni milliyətindən kiminsə rəhbərlik etməsi baxımdan müzakirə mövzusu deyil: "Bizi narahat edən Marqarita Simonyanın rəhbəri olduğu “Sputnik“ agentliyini revanşist ermənilərin yuvasına, ruporuna çevirməsidir. Biz hər hansı xarici media strukturunun yayım siyasətinə qarışa bilməsək də, informasiya savaşında milli maraqlarımızı müdafiə etmək hüququmuz var. Bu mənada Simonyanın aşkar təxribat xarakterli fəaliyyəti, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyi və ən əsası isə bu kimi ləyaqətsiz fəaliyyət üçün dövlət resurslarından istifadəsi yolverilməzdir. Azərbaycan "Sputnik-Azərbaycan"ın fəaliyyətini niyə dayandırmır?”.

Bəhruz Məhərrəmov hesab edir ki, ilkin olaraq narahatlığımızı və aydın mövqeyimizi müttəfiqimiz Rusiya tərəfinə rəsmən bildirməli, Simonyanın Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun olmayan fəaliyyətinə etiraz olunmalıdır: “İkinci addım kimi isə, ən azı Simonyan rəhbərlikdən kənarlaşdırılmayana qədər "Sputnik-Azərbaycan"ın fəaliyyəti dayandırılmalıdır. Xüsusən də nəzərə almalıyıq ki, Ermənistanla Azərbaycanın münasibətlərinin nizamlanması və sülh müqaviləsinə ümidlərin artdığı bir dönəmdə "Sputnik-Azərbaycan" regionda sağlam informasiya mühiti üçün təhdiddir".