• 29 Mart 2024
logo
Paşinyan Ermənistanın  keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür

Paşinyan Ermənistanın  keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür

Ermənistanda hakim maydansevərlər və qrantyeyənlər qrupu korrupsiyaya qarşı mübarizə adı altında respublikanın sabiq rəhbərliyinə qarşı səlib yürüşünü davam etdirir.
Lakin paşinyançıların qəribə şıltaqlığına görə zərbəyə sırf “Qarabağ klanı”nın nümayəndələri tuş gəlirlər.
Məlum olduğu kimi, keçmiş prezident Koçaryan 2008-ci ilin martında seçkiləri tam uduzmuş prezidentliyə namizəd Ter-Petrosyanın (səslərin 21,5 faizini toplayıb) tərəfdarları tərəfindən təşkil edilmiş “Yerevan-maydan”ın zorla qovulmasına görə “konstitusiya quruluşunun devrilməsi“ kimi cəfəng bir ittihamla həbs edilib. Müstəntiqlər ona 3 milyon dollar məbləğində rüşvət işini “sırıya” bilməyiblər.
Koçaryan Vovayeviçin qərarı ilə istintaq təcridxanasına qayıdıb. İndi də Paşinyan qıllı barmaqlarını Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana doğru uzatmaq qərarına gəlib.
Sarkisyan fermerlərə dəstək milli layihəsi çərçivəsində dövlət üçün dizel yanacağının tədarükü tenderi ilə bağlı epizodda təqsirləndirilir.
Tender zamanı yaranmış vəziyyət təkcə Ermənistan üçün deyil, bütün postsovet məkanı üçün çox səciyyəvidir. Hərracda dizel yanacağına ən aşağı qiymətlər təklif etmiş firma yerinə, Sarkisyanın hansısa dostu, dizel yanacağını baha qiymətə itələyən şəxs qalib gəlib. Nəticədə dövlətə bir milyon dollardan çox ziyan dəyib.
Şəksiz ki, bu hadisə sabiq prezidentə başucalığı gətirmir, lakin Sarkisyana cinayət işi açılmasını birbaşa Ermənistan Konstitusiyasının maddəsi qadağan edir. Həmin maddəyə görə, dövlətin birinci şəxsləri keçmiş işlərinə görə cəzalandırıla bilməz.
Paşinyanın ətrafındakı ekspertlər donquldanaraq deyirlər: “Nə olsun, bu, boş formalizmdir: biz impiçment haqqında müddəadan istifadə edərək onu cinayət məsuliyyətinə cəlb edəcəyik”.
Burada başını tutmayasan, nə edəsən. İndiyədək impiçment yalnız fəaliyyətdə olan prezidentə şamil olunurdu. İstefada olan şəxsə impiçment elan etmək hətta nonsens deyil, sözün həqiqi mənasında marazmdır.
Əgər Paşinyan və onun ətrafının Sarkisyanı korrupsiyaya görə cəzalandırmaq üçün əlləri bu dərəcədə güclü gicişirsə, onda konstitusiyaya düzəlişlər edin. Hərçənd bu addım bir növ “arılar bala qarşı” mətləbini xatırladır. Axı Paşinyan ömrü boyu baş nazir vəzifəsini tutmayacaq, onun özünü də nə vaxtsa elədiyi saysız-hesabsız səhvlərə görə divara qısnayacaqlar. Onda hesab edək ki, bu maraqlı ssenari heç bir işə yaramır.
Sonunda Sarkisyan tək deyil ki. Sabiq prezidentin bir vaxtlar ürək genişliyi nümayiş etdirib yardım göstərdiyi tərəfdarları və “xaç övladları” mütləq azadlıqda dolaşırlar. Nə edirsinizsə edin, araşdırın, sübuta yetirin, həbsə atın.
Lakin məlum olduğu kimi, Paşinyanın bəzən qanunun tələblərini və nəzakət qaydalarını büsbütün inkar edən daosu var. Elə götürək Vovayeviçin may ayında öz tərəfdarlarına respublikanın məhkəmə orqanlarının fəaliyyətini dayandırmaq çağırışını. Axı hakimlər maydan baş nazirinin istəyinə görə özlərini buraxmaq istəmədilər. Qanuna görə isə bu “inqilabçının “ və onun ətrafının hakimləri tutduqları vəzifələrindən azad etmək səlahiyyəti yoxdur: odur ki, “qoy onların öhdəsindən xalq özü gəlsin”.
Bəs bu kabab sevən qisasçı baş nazir dizel yanacağı ilə bağlı çoxdankı işə görə Serj Sarkisyanı nə üçün küncə sıxışdırıb? Axı qanuna əsasən ona çırtma vurmağa da haqqı yoxdur. Özü də nə üçün məhz indi? Axı sonra keçmiş baş nazir olmuş keçmiş prezident hakimiyyəti faktiki olaraq Paşinyana peşkəş edib.
Belə bir hiss yaranır ki, qisasçılıq Paşinyanın bütün səbəb və əməllərinə o dərəcədə sirayət edib ki, o, sosial ədalət və bizdə toxunulmaz adamlar yoxdur harayı ilə çoxdan mətbəx-kommunal xırdaçılığına və şəxsi intiqam hisslərinə yuvarlanıb.
Sarkisyana gəldikdə isə 2008-ci ilin fevral seçkilərində məhz o, öz opponentlərini, o cümlədən bir vaxtlar Paşinyanın buyruq uşağı kimi yanında işlədiyi Levon-ter-Petrosyanı geridə qoyaraq Ermənistanın üçüncü prezidenti olub. Yəni formal olaraq, Sarkisyanın “Bir mart” işinə də aidiyyəti var və deməli, o, Paşinyanın “konstitusiya quruluğuna sui-qəsd”ə görə həbsxanada oturmasında “günahkardır”.
Görünür, Paşinyan yaxın vaxtlara qədər Sarkisyandan hesab sormağa tələsməyib və onu bir növ desert üçün saxlayıb, yəni əvvəlcə daha çox nifrət etdiyi Robert Koçaryanla haqq-hesab çürütmək istəyib.
Hər halda, Paşinyanın baş nazirliyi hələ müddətinin ortasına da çatmayıb, yeni administrasiyasının nəzərəçarpan uğurları da yoxdur, beləliklə, öz reytinqini gücləndirmək üçün namünasib olan və sıfır dəstəyə malik eks-prezidenti nümunəvi-nümayişkaranə tənqid vasitəsi kimi döyərək ehtiyatda saxlamaq heç vaxt əngəl deyil.
Lakin Sarkisyan siçandan da sakit süpürgənin arxasında gizlənmək və keçmiş xatirələri oyatmamaq yerinə, noyabrın sonunda birdən-birə Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa Xalq Partiyasının sammitində Paşinyanı və ətrafını sərt tənqidə atəşinə tutaraq özünü zərbə altında qoyub.

Populistlərin hakimiyyətə gəlməsində” öz üzərindəki məsuliyyəti inkar etməyən Sarkisyan Paşinyana konstitusiya və demokratiya normalarının pozulmasını, şəxsi motivlərlə siyasi təqibləri və cəmiyyətin həyatının yaxşılaşdırılması istiqamətində şübhəli uğurları da xatırladıb, hətta Yerevanda qərar vermək səlahiyyəti olan kimlərisə narahat edən bir-iki siyasi bəyanatlar da verib.
Birincisi, Sarkisyan Ermənistanla Aİ arasında yaxşı münasibətlərin inkişafının əsasının onun prezidentliyi dövründə qoyulduğunu bəyan edərək ən yaralı yerə toxunub. İkincisi, Bakıya mesaj verilib ki, “Artsax (Dağlıq Qarabağ) heç bir vaxt Azərbaycanın tərkibinə qaytarılmayacaq”. Üçüncüsü, Paşinyanı Avropa mühitində xırda və çox qisasçı diktator kimi təqdim edərək evin sirrini bayıra çıxarıb.
MXAT sayağı pauza gözlədikdən sonra təzadlara istinad etməklə Paşinyanın tərəfdarları Sarkisyana cavab hazırlayıblar. Eks-prezidentin ünvanına ittihamlar səsləndirməklə yanaşı, ictimaiyyəti Ermənistanın yeni İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin korrupsiyaya görə saxlanılması xəbəri ilə sevindiriblər. Guya, “inqilab hökuməti hər kəsə qarşı sərt və ədalətli münasibət sərgiləyir”.
Hərçənd, nə qədər riyakarlıq etsələr də, Paşinyan tərəfdarları teatr tamaşası quruluşunu gizlədə bilməyiblər.

Paşinyan administrasiyasına qarşı qanuni sual meydana çıxır: “ bizdə mühakimə oluna bilməyəcək məmurlar yoxdur” tezisinin bəyan olunmasına rəğmən nədən Vovayeviçin keçmiş rəisi və himayədarı, eks-prezident Levon Ter-Petrosyan cidd-cəhdlə zərbə altından çıxarılıb?
Paşinyanın tərəfdarlarının buna da cavabı var: guya Ter-Petrosyan postsovet Ermənistanın birinci prezidenti olsa da və onun hakimiyyəti dövründə bir çox mənfi hadisələr baş versə də, amma bunlar o qədər çoxdan olub ki, artıq demək olar ki, həqiqətə uyğun deyil. Üzərindən iyirmi ildən çox keçib - bütün yararlılıq müddətləri bitib və hər şeyin üzərini toz basıb.
Təbii ki, təşkilatçısının və ilhamvericisinin seçkilərdə uduzan Ter-Petrosyan olduğu 2008-ci ilin mart hadisələrinə görə 1 nömrəli eks-prezidenti heç bir məsuliyyətə cəlb etməyəcəklər, çünki onun ardınca Paşinyanın bir çox silahdaşları da yedəklə tələyə düş bilərlər. Paşinyan özü, əfsus olsun ki, 11,5 il əvvəl baş vermiş hadisələrə görə məhkum edilməyəcək. Bir şəxsi bir əmələ görə iki dəfə məsuliyyətə cəlb etmək qanunla qadağandır, hərçənd bəzi işbazlar üçün belə lazımdır. Heç olmasa “inqilabi məqsədəuyğunluq” mülahizəsinə əsasən....”