Azərbaycan Ordusunun böyük qələbəsinin doğurduğu nəticələr dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qəbul olunub və ölkəmizin işğaldan azad etdiyimiz, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazilər üzərindəki süveren hüquqları müzakirə predmeti deyil, ola da bilməz. Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində bununla bağlı bütün məqamlara və həm də ətraflı, faktlara istinad etməklə aydınlıq gətirdi. Həm bütövlükdə postmünaqişə dövründə, həm də bu ilin birinci rübündə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə həyata keçirilən tədbirlər, ölkəmizin qatıldığı beynəlxalq platformalarda, işitərəfli və üçtərəfli görüşlərdə qəbul olunan yekun sənədlər, ayrı-ayrı təsisatların və dövlətlərin müxtəlif platformalarda ifadə olunan mövqeyi dünyanın regionda yaranmış reallıqlara Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, sərhədlərinin toxunulmazlığı müstəvisindən yanaşdığını təsdiqləyir. Birləşmiş Millətlər Təşkilatının xətti ilə Şuşada, Azərbaycanın BMT-yə üzvvlüyünün 30-cu ildönümü münasibətilə keçirilən tədbir, cənab Prezidentin də öz nitqində qeyd etdiyi kimi, sübuta yetirdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü istisnasız olaraq tanıyan təsisatdır. Azərbaycan torpaqlarının işğalına son qoymaqla, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 28 il ərzində icra olunmayan qətnamələrinin yerinə yetirməsini təmin etdi və bununla BMT-nin üzərindən olduqca ağır bir yükü götürmüş oldu. Ermənistanın Şuşada keçirilən beynəlxalq tədbirə münasibətdə sərgilədiyi isterik reaksiya da bu hadisənin nə qədər mühüm əhəmiyyətə malik olduğunu nümayiş etdirir.
Ötən dövr ərzində ölkəmizin digər beynəlxalq təsiatlardakı fəaliyyəti də kifayət qədər uğurlu olub. Bu xüsusuda dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatını və ölkəmizin bu təsisat çərçivəsindəki uğurlu fəaliyyətini qeyd edtmək yerinə düşər. Təsisata üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il uzadılması dövlətimizə və onun liderinə yüksək etimadın və rəğbətin göstəricisidir. Geridə qalan zaman kəsiyində Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəki fəaliyyəti, eləcə də İƏT-lə ortaq işbirliyi kifayət qədər səmərəli və əhəmiyyətli olub.
Təşkilatın Xarici İşlər Nazirləri Şurasının bu ilin mart ayında keçirilən son toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı dörd qətnamə qəbul edilməsi ölkəmizin İƏT çərçivəsindəki uğurlu fəaliyyətinin bariz nümunəsidir.
Daha bir beynəlxalq təşkilatın – ATƏT-in də 44 günlük müharibənin nəticələrini qəbul etdiyi bu təşkilatın fəaliyyətdə olan sədrinin Prezident İlham Əliyevlə görüşündə də ifadə olundu və sözügedən təsisatın bölgədəki prosesləri postmünaqişə anlayışı çərçivəsindən dəyərləndirdiyi göz qabağındadır. Baxmayaraq ki, ATƏT-in mandat verdiyi Minsk Qrupu və onun həmsədrləri de-fakto fəaliyyətdə olduqları dövrdə Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı təcavüzkara qarşı beynəlxalq təzyiq mexanizmlərinin işə salınması üçün heç bir əməli iş görməmişdilər.
ATƏT-in Minsk Qrupunun ötən müddətdəki fəaliyyətinin nəticələri, Azərbaycan Prezidentinin də vurğuladığı kimi sıfıra bərabər olub. Hazırda isə, Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto etibarsız sayılmalıdır. Çünki Minsk Qrupu həmsədrlərinə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən verilmiş mandatda yer alan müddəaların artıq heç bir əhəmiyyəti qalmayıb. Yəni Azərbaycanın bölgədə yaratdığı reallıqlar ATƏT-in Minsk Qrupunun faəliyyətinə son qoyub. Amma ATƏT bir mötəbər təşkilat kimi, fəəliyyət istiqamətlərinə uyğun olaraq, regionda təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsi üçün Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasına öz töhfəsini verə bilər.
Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin intensivliyi, həmçinin Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı mövqeyi qlobal proseslərə ciddi təsir imkanları olan bu subregional təsisatın da regionda yaranmış reallıqlarla razilaşdığını təsdiqləyir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə ötən ilin dekabr və bu ilin aprel aylarında keçirilən üçtərəfli görüşlərlə bağlı yekun bəyanatlarda “Dağlıq Qarabağ”, “münaqişə” və “Minsk Qrupu” ifadələrinin yer almaması da belə düşünməyə tamamilə əsas verir.
Bütün bunlar, bu ilin ilk rübündə və təbii ki, postmünaqişə dövründə Azərbaycanın öz hədəflərinə doğru inamla addımladığını, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi istiqamətində ardıcıl və prinsipial bir siyasət yürütdüyünü nümayiş etdirir. Bu siyasətin nəticələri isə ortalıqdadır. Artıq Ermənistan Azərbaycanın irəli sürdüyü beşə prinispi, o cümlədən ərazi bütövlüyümüzü qəbul etidiyini və bu xüsusda ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyini bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışında beynəlxalq birliyin Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etməsi də rəsmi İrəvanın etirafı kimi dəyərləndirilə bilər.
Elçin Mirzəbəyli