• 21 May 2022
logo
“Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpasıdır”

“Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpasıdır”

Fuad Hüseynzadə: “Azərbaycan Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir”

Turan Rzayev: “Rəsmi Bakı hazırda yoluna Brüssel formatı ilə davam edir”

Musa Qasımlı: “Prezident İlham Əliyevin fikirləri daim yol yoldaşımız olmalıdır”

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 12-də 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirilib. Prezident müşavirədə bir sıra ciddi məsələlərə toxundu, önəmli mesajlar verdi. Dövlət başçısının səsləndirdiyi fikirləri ekspertlər “Xalq Cəbhəsi”nə şərh etdilər.
Diasporun Fəaliyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, hazırda Azərbaycan dövləti üçün ən prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir: “Güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Hazırda işğaldan azad olunan ərazilərdə görülən işlər bu gücü bir daha göstərir. Xatırladaq ki, işğal nəticəsində 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 900-ə yaxın kənd, 700-dən çox xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi, 150 min yaşayış evi və mənzil, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri, 6000 sənaye, kənd təsərrüfatı və digər müəssisələri məhv edilib. Bu ərazilərdə vaxtilə 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən 127,7 min hektar suvarılan torpaq və 34,6 min hektar üzüm və meyvə bağları ziyan çəkib. Lakin bütün bunlara baxmayaraq bu gün işğaldan azad olunmuş ərazilərdə planlı şəkildə genişmiqyaslı bərpa və zəruri infrastrukturun yaradılması istiqamətində işlərə başlanılıb. Prezident İlham Əliyev səviyyəsində bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrası nəzarətdə saxlanılır. Vətən müharibəsindən sonra dövlət başçısı dəfələrlə işğaldan azad olunan ərazilərə səfərə gedib və müxtəlif infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərinə qatılıb.
Ümumiyyətlə, işğaldan azad olunan ərazilərin bərpası xüsusi hazırlanmış sosial-iqtisadi konsepsiyaya uyğun olaraq həyata keçirilir. Konsepsiyaya uyğun olaraq planlaşdırmada əsas tutulan sahələrin, şəhərsalma və ərazi qurulması məsələlərinin həll olunması Azərbaycan iqtisadiyyatının inkişafına yeni təkan verəcək. Müxtəlif sahələr üzrə xarici şirkətlərin bərpa işlərinə investiya yatırması yeni iqtisadi perspektivlərə imkanlar açır. Əhalinin bu ərazilərə qayıdışı, normal həyatın davam etməsilə regionda sülh və əminamanlıq da bərpa olunacaq. Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi, Azərbaycan öz gücü ilə hər şeyi bərpa edəcək və Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracaq. Belə olduqda beynəlxalq birliyin bu regiona baxışı tamam dəyişəcək. Bu da gələcəkdə Qarabağ regionunda beynəlxalq ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin keçirilməsinə rəvac verəcək”.

Minsk Qrupu ilə bağlı yekun qərar

Politoloq Turan Rzayev isə deyib ki, Prezident İlham Əliyevin müşavirədə toxunduğu məsələlərdən biri də ATƏT-in Minsk Qrupunun “fəaliyyəti” və “gələcəyi” məsələsi oldu: “Prezident haqlı olaraq qeyd etdi ki, “Biz bu münaqişəni özümüz həll etdik: “Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır”.
Ölkə başçısının bu sözlərini Azərbaycanın ATƏT-in Minsk Qrupu ilə bağlı yekun qərarı kimi də qiymətləndirmək olar. Belə ki, 44 günlük müharibə ilə rəsmi Bakı 28 ildən artıq davam edən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsini hərbi yolla yekunlaşdırdı. Hazırda Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığı kimi, bu adda bir münaqişə də yoxdur. Mövcud problemləri “Ermənistan-Azərbaycan” münaqişəsi kimi qiymətləndirmək olar. İki ölkə arasındakı mövcud problemləri heç bir halda ATƏT-in Minsk Qrupu həll edə bilməz. Çünki qrupun belə bir səlahiyyəti, mandatı yoxdur”.

Brüssel formatı

Onun fikrincə, ATƏT-in Minsk Qrupu keçmiş Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməli idi: “Qurum bunu edə bilmədiyi kimi, Ermənstan ilə Azərbaycan arasında baş verən müharibənin də qarşısını ala bilmədi: “Rəsmi Bakı hazırda yoluna Brüssel formatı ilə davam edir. Birinci və ikinci Brüssel görüşlərində əldə edilən razılaşmalar, atılan konkret addımlar bu formatın daha konstruktiv və məhsuldar olduğunu göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müşavirədə Avropa İttifaqının vasitəçiliyini müsbət qiymətləndirdiyini də açıqca söylədi. Avropa İttifaqının postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini deyən dövlət başçısı buna misal olaraq Brüsseldə qəbul edilən ortaq bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini göstərdi. Bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini Brüsselin Bakı nəzdində etimadını artır. Bu həm də Azərbaycanın Ermənistanla həllini gözləyən məsələlərdə Brüsselin vasitəçiliyinə inamını artıra bilər”.

İrəvana qarşı təzyiq rıçaqları

T.Rzayev əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə Azərbaycanın sülh üçün təklif etdiyi 5 baza prinsipi qəbul etdiyi məlum idi: “Görüş sonrası da bu haqda məlumatlar var idi. Prezidentin müşavirədə bu məsələni bir daha qeyd etməsi isə məlumatı tam təsdiqləmiş oldu.
Prinsip etibarilə Ermənistanın bu şərtləri qəbul etməkdən başqa çarəsi də yox idi. Hər şeydən əvvəl bunu İrəvandan Brüssel də tələb edib. İndiki məqamda Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyü qəbul edib və ərazi iddiasından əl çəkməsi məsələsi sual yaradır. Çünki Ermənistan rəsmiləri açıqlamalarında hələ də Qarabağın “statusunun” müəyyənləşməsi məsələsini dilə gətirirlər. Nəticə etibarilə Ermənistan tərəfi verdikləri vədə əməl etməlidir. Əks təqdirdə iki ölkə arasında sülh mümkün olmayacaq.
Hər halda bunu qarşıdakı zaman göstərəcək, lakin Prezidentin bu məsələdə əmin danışması bunun baş verəcəyinə, ən azından rəsmi Bakının əlində İrəvana qarşı təzyiq rıçaqlarının olduğunu göstərir”.
Millət vəkili Musa Qasımlı isə qeyd edib ki, bir millət olaraq xeyirxahlığımız və qonaqpərvərliyimiz haqqında hələ qədim zamanlardan çox yazıblar: “Bunlar yaxşıdır. Amma bir keyfiyyətimiz də var. O da unutqanlığımızdır. Tariximizdə baş verən hadisələri düzgün bilmədiyimiz, doğru nəticələr çıxarmadığımız və unutduğumuz üçün başımıza çoxlu bəlalar gəlib. Elə son 30 ilə yaxın müddətdə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri bunun əyani göstəricidir.
Başımıza indiyədək gətirilənlərin təkrarlanmaması üçün cənab Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə söylədiyi nitqindəki aşağıdakı fikirlər daim yol yoldaşımız olmalıdır: “... biz heç vaxt bu işğalı unutmamalıyıq, erməni vəhşiliyini unutmamalıyıq. Eyni zamanda, onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir. Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar kimi həmişə bizim yaddaşımızda olmalıdır. Məsuliyyətli insanlar kimi həmişə biz hər şeyə hazır olmalıyıq”.

Əli Zülfüqaroğlu