• 17 Sentyabr 2024
logo
Azərbaycan XİN başçısı Ermənistanın 5 baza prinsipini məqbul saydığını bildirib

Azərbaycan XİN başçısı Ermənistanın 5 baza prinsipini məqbul saydığını bildirib

“Bir ildən artıqdır ki, Azərbaycan işğal faktının aradan qaldırılmasını nəzərə alaraq ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün çağırış edilib”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, 2022-ci ilin fevral ayında Azərbaycan növbəti addım kimi, 5 baza prinsipini Ermənistana təqdim edib.
“Bundan sonra bu istiqamətdə addımlar atılıb. Aprel ayının 6-da Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə görüş keçirilib. Həmin görüş nəticəsində hər iki ölkənin xarici işlər nazirlərinə sülh sazişi üzərində işlərə başlanılması tapşırığı verilib. Burada önəmli məqam ondan ibarətdir ki, Ermənistan Azərbaycanın təqdim etdiyi 5 baza prinsipinin məqbul olması ilə bağlı fikir səsləndirib. Eyni zamanda, Brüssel görüşü zamanı bu, daha da aydınlaşıb. Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi beynəlxalq hüquq üzərində qurulub, onlar bir qayda olaraq qonşu ölkələr arasında olan münasibətlərin əsasını təşkil edir. Biz bunu çox önəmli addım hesab edirik. Düşünürük ki, bu istiqamətdə işlərin davam etdirilməsinin əlamətləri mövcuddur”, - XİN başçısı vurğulayıb.