• 28 May 2022
logo
YAP Xətai rayon təşkilatı məktəblilər arasında müsabiqə və yarışlara start verib

YAP Xətai rayon təşkilatı məktəblilər arasında müsabiqə və yarışlara start verib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsindəyik. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinə işıq salınır. Ümummilli Liderin xidmətlərinin miqyası o qədər böyükdür ki, onları indiki və gələcək nəsillərə çatdırmaq üçün müxtəlif tərkibdə tədbirlərin keçirilməsinə böyük ehtiyac duyulur.

Ölkənin ictimai - siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası Ümummilli Liderin ideyalarının təbliğatçısı kimi Onun gördüyü işlərin, xidmətlərinin təbliği istiqamətində səylər göstərir, sıralarında birləşdirdiyi 800 minə yaxın üzvün hər biri bu işə öz töhfəsini verməkdən qürur duyur.

YAP Xətai rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbirlərə start verib. Xətai rayon məktəbliləri arasında başlanan inşa müsabiqəsi, futbol və şahmat yarışları da bu tədbirlərin tərkib hissəsidir. Məktəblilər keçirilən inşa müsabiqəsində öz düşüncələri əsasında dövlətimiz və xalqımız qarşısındakı xidmətləri fonunda dahi şəxsiyyətin portretini yaradacaq, Onu necə düşündüklərini müsabiqədə fəal iştirakları ilə ifadə edəcəklər.

Sonda inşa müsabiqəsinin, futbol və şahmat yarışlarının qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.