• 25 May 2022
logo
Əli Hüseynli: “Brüssel görüşünün yekunları Azərbaycanın maraqlarını tam şəkildə əks etdirir”

Əli Hüseynli: “Brüssel görüşünün yekunları Azərbaycanın maraqlarını tam şəkildə əks etdirir”

“Brüssel görüşünün yekununu Azərbaycan diplomatiyasının böyük nailiyyəti hesab etmək olar”.
Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Birinci vitse-spiker bildirib ki, dünən Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş 4 saatlıq danışıqlar artıq geridə qalıb: “Bu formatda ilk görüş 14 dekabr 2021-ci ildə keçirilib. Söz yox ki, ötən dövr ərzində Azərbaycan Prezidentinin Brüssellə məsləhətləşmələri və əldə olunmuş intensiv əməkdaşlıq Aİ-nin vasitəçilik missiyasının imkanlarının genişlənməsinə də öz müsbət təsirini göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələdə tutduğu möhkəm mövqe, nümayiş etdirdiyi güclü iradə və prinsipiallıq son nəticədə danışıqlarda fundamental anlaşmanın əldə edilməsi ilə nəticələnib. Bu formatda sayca ikinci olan üçtərəfli danışıqlara hazırlıq mərhələsi çərçivəsində aparılan araşdırmalar və qurulan təmaslar, görüşün gedişi və müzakirələrin nəticələri onu deməyə əsas verir ki, budəfəki görüş postmüharibə dövründə iki ölkə arasında sülhün təmin olunması istiqamətində başlanan yeni mərhələnin uğurla davam etməsi üçün daha böyük perspektivlər açır”.
Ə. Hüseynli danışıqların başa çatmasından dərhal sonra Şarl Mişelin səsləndirdiyi yekun bəyanata da münasibət bildirib: “Yekun bəyanatda da nəzərəçarpacaq nəticələrin əldə edildiyinin qeyd olunması Avropa İttifaqının da bu qənaəti bölüşdüyünü təsdiq edir. Bu, həm də "Brüssel formatı"nın təşəbbüskarı kimi tərəfsiz vasitəçilik missiyasını yerinə yetirən Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında sivil münasibətlərin formalaşmasında maraqlı olduğuna işarədir. Hesab edirəm ki, burada pozitiv məqamların əldə olunmasında bundan öncə Avropa liderinin Bakıya səfəri zamanı Prezident İlham Əliyevin Şarl Mişellə apardığı müzakirələr də az rol oynamayıb. Qeyd etməliyəm ki, Prezident İlham Əliyev yalnız Azərbaycan tərəfinin irəli sürdüyü Yekun nizamlanmanın baza prinsipləri kimi danışıqlar prosesinin əsasını təşkil edəcək 5 baza tezisinin qəbul edilməsindən sonra danışıqlar prosesində iştirak etməyə razılıq vermişdi. Göründüyü kimi, yeni prinsiplərin əsası Azərbaycanın sərhədlərinin pozulmazlığı və ərazi bütövlüyü imperatividir.
Görüşün gedişində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Moskva bəyanatının müddəalarına tam əməl olunmasının zəruriliyi də qeyd olunub. Belə ki, Brüsseldə yekun sülh sazişinin bağlanması ilə bağlı hazırlıqlara başlamaq barədə razılığa gəlinib. Artıq Azərbaycan və Ermənistan liderləri xarici siyasət idarələrinin başçılarına bununla bağlı müvafiq tapşırıqlar veriblər. İkincisi, sərhədin delimitasiya və demarkasiyadır, tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıblar. Eyni zamanda nəqliyyat kommunikasiyalarının, dəmir yolu və avtomobil yollarının açılması və bərpası məqsədilə İqtisadi Məsləhət Şurasının yaradılması ilə bağlı mühüm qərar qəbul olunub”.
Birinci vitse-spiker diqqətə çatdırıb ki, Avropa İttifaqının işğal olunmuş ərazilərin minalardan təmizlənməsi və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlıların tapılmasında səylərin artırılmasında Azərbaycanı dəstəkləməyə hazır olduğu Şarl Mişelin bəyanatında bir daha təsdiqlənib:
“Danışıqlarının yekun sənədində "Dağlıq Qarabağ" adlı ərazi-inzibati vahidinin adının çəkilməməsi, “Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinməməsi, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra öz siyasi və hüquqi statusunu itirmiş ATƏT-in Minsk qrupunun xatırlanmaması Azərbaycan diplomatiyasının ən böyük nailiyyətlərindəndir. Bu, o anlama gəlir ki, Aİ-nin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların yeni formatı yaradılır və sülh sazişinin hazırlanması prosesi İrəvanın istədiyi kimi Minsk qrupu çərçivəsində yox, ikitərəfli formatda həyata keçiriləcək. Bu mexanizm qoşunların təmas xəttində sabitliyin pozulması cəhdlərini minimuma endirir və sərhəddə vəziyyətin tam miqyaslı şəkildə normallaşmasına zəmanət verir. Danışıqlar prosesində bütün bu irəliləyişləri nəzərə alaraq Brüssel görüşünün yekununu Azərbaycan diplomatiyasının böyük nailiyyəti hesab etmək olar. Ümumiyyətlə isə, 44 günlük ikinci Qarabağ savaşının yaratdığı yeni geosiyasi reallıqlar fonunda son dövrdə bölgədə inkişaf edən proseslər və əldə olunmuş nəticələr Cənubi Qafqazda sülhün bərqərar olunmasına yönəlik proseslərin əsas aktoru olan Azərbaycanın beynəlxalq nüfuzunu və rolunu daha da artıran müsbət amillərdir”.