• 29 May 2022
logo
“Brüssel görüşü Azərbaycan üçün uğurludur”

“Brüssel görüşü Azərbaycan üçün uğurludur”

Turan Rzayev: “İlk növbədə tərəflər arasında sülh sazişinin hazırlanmasına dair razılıq əldə olundu”

“Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil edilən 4 saatdan artıq davam edən görüşü müsbət qiymətləndirmək olar”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Polioloq əlavə edib ki, görüş sonrası Prezident Mişel də Tvitter hesabında paylaşım edərək görüşü məhsuldar adlandırıb: “Bununla belə görüşün 4 saat çəkməsi həm də tərəflər arasında müzakirələrin gərgin atmosferdə keçdiyini deməyə əsas verir. Tərəflər görüş zamanı sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan ediblər. Prinsip etibarilə Azərbaycan 5 bəndlik sülh təkliflərini Ermənistana çox öncədən təqdim edib. Bu mənada görüş zamanı rəsmi Bakının tələblərini öncədən təxmin etmək mümkün idi”.
Onun fikrincə, Brüssel görüşünü bir neçə aspektdən Azərbaycan üçün uğurlu hesab etmək olar: “Birincisi, tərəflər arasında sülh sazişinin hazırlanmasına dair razılıq əldə olundu. Belə ki, tərəflər xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi üzərində razılaşıb. Dünən axşam jurnalistlərin suallarını cavablandıran Prezident Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesin məhz bu gecə başladığını bildirib. Yəni demək olar ki, artıq proses başlayıb. İndiki məqamda sülh sazişinin hazırlanması ilə paralel imzalanması da mühüm məqamdır. Bu isə Ermənistan tərəfinin şərtlərindən asılı olacaq. Azərbaycan tərəfinin şərtləri, tələbləri bəllidir. Rəsmi İrəvanın ütopik istəkləri prosesi uzada bilər.
İkincisi, sərhədin delimitasiya və demarkasiya məsələsidir. Belə ki, tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb. Sərhədin delimitasiya və demarkasiyası rəsmi Bakı üçün hazırda prioritet məsələdir. Ancaq bu məsələ ilə bağlı danışıqlara başlanılması bir neçə bəyanatda əks olunsa da Ermənistan qəbul etdiyi bəyanatlara zidd olaraq prosesi uzadır və buna görə təzyiqlə üzləşmir. Hesab edirəm ilk növbədə bu məsələ öz həllini tapmalıdır.
Üçüncüsü, ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmir yolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu Zəngəzur dəhlizinin reallaşması baxımından da vacib yanaşmadır”.
T.Rzayev əlavə edib ki, Azərbaycan üçün Zəngəzur dəhlizinin icrası hazırda hər şeydən vacibdir: “Ancaq Ermənistan tərəfi bu məsələdə də süni maneələr yaradır. Misal üçün Brüsseldə 2021-ci ilin dekabrın 14-də keçirilən görüşdə qəbul olunan ortaq bəyanatda dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunsa da rəsmi İrəvan hələlik heç bir addım atmayıb. Ermənistan prosesi uzatdığına görə Azərbaycan İran üzərindən dəmiryolunun çəkilməsi ilə bağlı Tehranla memorandum imzaladı. Halbuki Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir əldə etməsinə imkan verə bilərdi. İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qalıb.
Bununla belə hesab edirəm hazırda bu ölkədə Zəngəzur dəhlizinin icrasını istəyən qüvvələr də mövcuddur. Bu reallığı nəzərə alıb Ermənistana təzyiqləri davam etdirmək lazımdır.
Dördüncüsü, sənəddə Dağlıq Qarabağ ifadəsi və ya ATƏT-in Minsk Qrupunun həmsədrlərinə dair heç bir istinad yoxdur. Halbuki Ermənistan tərəfi israrla prosesin ATƏT formatında həllini istəyirdi.
Rəsmi İrəvanın bu tələbdən nəyi umduğu bəllidir. Bakı üçün bu fəaliyyətsiz qurumun iştirakının heç bir əhəmiyyəti yoxdur. Görünür Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də bu qənaətdədir...”.

Əli