• 8 Sentyabr 2024
logo
“İrəvandakı aksiyalar təşkil edilmiş tamaşadır”

“İrəvandakı aksiyalar təşkil edilmiş tamaşadır”

Turan Rzayev: “Müxalifətin tələblərinə baxdıqda Paşinyanın nə etmək istədiyi haqda fikir formalaşır”

Ermənistanda parlamentin müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyalarının təşkilatçılığı ilə aksiya keçirilib. Aksiya İrəvandakı Azadlıq və Fransa meydanlarında keçirilib. Aksiya iştirakçıları “Ermənistan Nikolsuz”, “Nikol satqındır”, “Ermənistan, qalx” və s. şüarlar səsləndiriblər. Aksiyada müxalifət liderləri Serj Sarkisyan, Naira Zohrabyan və digər şəxslər də qatılıb.
Politoloq Turan Rzayev “Xalq Cəbhəsi”nə bildirdi ki, Ermənistanın paytaxtı İrəvanın Azadlıq meydanında təşkil edilən etiraz aksiyası ciddi suallar doğurur. Onun sözlərinə görə, aksiyanın Brüssel görüşü öncəsi təşkil edilməsi aksiyanın Paşinyan hakimiyyəti tərəfindən təşkil edildiyi ya da ümumiyyətlə aksiyanın keçirilməsində iqtidarın maraqlı olduğu versiyasını önə çıxarır: “Prinsip etibarilə bu versiya mümkündür. Aksiyanın parlamentin müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyalarının təşkilatçılığı ilə keçirildiyi deyilir. Mitinqdə müxalifət liderləri Serj Sarkisyan, Naira Zohrabyan, İşhan Saqatelyan və sairləri iştirak edib.
Müxalifət aşağıdakı tələbləri irəli sürdü:
1. Ermənistan Qarabağın təhlükəsizliyinin və öz müqəddaratının təyin etməsinin qarantı olmalıdır.
2. Qarabağa Azərbaycanın tərkibində hər hansı status verilməsi rədd edilməlidir.
3. Qarabağ anklav olmamalıdır. Etibarlı quru sərhəddi istənilir.
4. 1994 - cü ildə ATƏT sammiti çərçivəsində qəbul edilən danışıqlar formatı bərpa edilməlidir.
5. Dəhliz verilməməlidir.
6. Sərhədlərin demarkasiyası və delimitasiyası hələlik reallaşmamalıdır.
7. Qarabağdakı ermənilərinin müqqədaratı təyin edilməli, bu mövzuda onların hüquqlarını daraldacaq heç bir sənəd imzalanmamalıdır.
8. Türkiyə ilə danışıqlarda “soyqırımı” sual altına qoyacaq heç bir sənədə imza atılmamalıdır.
Müxalifətin tələblərinə baxdıqda Paşinyanın nə etmək istədiyi haqda fikir formalaşır. Hesab edirəm Nikol Paşinyan bununla ictimai rəyə əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortaladı.
Paşinyan həm də Qərbdəki havadarlarına Azərbaycanın tələblərinin onun hakimiyyətinə təhlükə yaratdığı təəssüratı bağışlayır.
Lakin Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ problemi həll olunub, geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq. Gec-tez sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində iş başlamalıdır. Bu, nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır”.
Deputat Məzahir Əfəndiyev “Report”a bildirib ki, postmüharibə çağırışları kifayət qədər maraqla müşahidə olunur: “Belə ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatından sonra müharibənin başa çatdığını elan edib. Daha sonra regionda davamlı sülhün təmin olunması üçün sülh çağırışı ilə beynəlxalq hüquqa əsaslanan 5 şərtini Ermənistan tərəfinə göndərib".
Onun sözlərinə görə, Ermənistan tərəfi isə vaxtı uzatmaq üçün müxtəlif tədbirlərdə həmin şərtlərlə razı olduğunu bəyan edir və Azərbaycanın sülh təklifini ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə göndərməklə onlardan da bu çağırışa münasibət bildirməyi xahiş edir: “Ancaq Ermənistan burada bir məsələdə uduzur, çünki ATƏT-in Minsk qrupu fəaliyyətini başa çatdırıb. Çünki ən azından onların 30 il ərzində bütün məsələlərə daha aydın və obyektiv münasibət bəsləmək imkanları var idi”.
Deputat xatırladıb ki, Ermənistan de-fakto sülhə razı olduğunu bəyan edib: “Ancaq onların sülh şərtlərinə uyğun olaraq sülh sazişi imzalaması inandırıcı görünmür. Ona görə də hazırda Ermənistanın daxilində müxtəlif qüvvələr çalışırlar ki, bu prosesə təsir göstərsinlər. Biz belə halları dəfələrlə müşahidə etmişik. Dəfələrlə Azərbaycan və Ermənistan liderləri bir masa arxasında oturub məsələləri birbaşa olaraq müzakirə etmək istəyən zaman bu kimi təxribatlara yol açılır. Düşünürəm ki, Ermənistanda təşkil olunan aksiya bütün Ermənistan əhalisinin istəyini ifadə etmir. Sadə Ermənistan vətəndaşları sülh istəyirlər. Ancaq bu gün mövcud hakimiyyət və Ermənistanın havadarları bu prosesə də mənfi təsir göstərməklə müxtəlif çağırışlar və aksiyalar təşkil edirlər. Hesab edirəm ki, bu da Ermənistanın sülh prosesinə tam hazır olmadığını şərtləndirir”.

Əli Zülfüqaroğlu