• 6 İyul 2025
logo
Yalançı yaddaşsız olur

Yalançı yaddaşsız olur

...Bütün atalar sözlərini, el məsəllərini ələk-vələk elədim, amma fərari törəmələrini ölkədən kənarda gizlədib vətənsevərlikdən dəm vuran Kərimlinin və onun Azərbaycan əleyhinə təbliğat apatmaq üçün hər fürsəti Qənimət bilən Zahidinin son sərsəmləmələrini azacıq da olsa ifadə edə biləcək bir deyim tapa bilmədim...

Bu adamlar bir zamanlar transfinasçı, qlobal maliyyə dələduzu Sorosun - “Fatma cijiləri”nin “rəngli inqilab” ssenarilərindən bəh-bəhlə sitat gətirir, Ukraynanın bugünkü faciələrinin əsasını qoyan və kənardan idarə olunduğu zərrə qədər də şübhə doğurmayan hadisələrin təsiri altına köynəklərinin, papaqlarının... rəngini dəyişir, müsəlman Şərqinin bir hissəsini cəhənnəmə çevirən “ərəb baharın”dan az qala demokratiyanı simvolizə edən proses kimi bəhs edirdilər. Rəzil oldular, amma yenə də nəticə çıxarmadılar. Azərbaycan dövləti və xalqı üçün həyati əhəmiyyət kəsb edən zaman kəsiyində - Aprel və Tovuz döyüşlərin baş verdiyi günlərdə, 44 günlük Vətən müharibəsində və daha sonra düşməni açıq-aşkar himayə edənlərlə eyni “səngər”dən üzərimizə yürüdülər, hər addımımızda qüsur axtardılar, bizi səbəbsiz ittiham edənlərin qərəzli kampaniyalarının “yoluna” “qırmızı xalı” döşədilər. İfşa olunmaqdan siyasi obrazları aşsüzənə döndü, amma yenə də nəticə çıxarmadılar. Və çıxarmayacaqlar da...

...İndi təkrar-təkrar Ukraynada baş verən hadisələrin fonunda insanların hisslərindən istifadə etməyə, real müqayisəli təhlil aparmadan, gerçək vəziyyəti bilərəkdən şərh etmədən hər bir ləyaqətli Azərbaycan vətəndaşının həssas yanaşdığı məsələlər üzərindən ənənəvi populist şüarlarıyla siyasi alver etməyə çalışırlar. Əli Kərimli yazır ki, “Çöx şükürlər olsun, Azərbaycanın şəhərləri, iqtisadiyyatı Ukrayna kimi dağılmayıb” və təbii ki, bundan sonra hərbi əməliyyatların həyata keçirildiyi zaman kəsiyində ictimai rəyə hesablanmış, informasiya savaşının tərkib hissəsi kimi durmadan körüklənən nəsnələrdən nümunə gətirir. Azərbaycanın 20 faizi darmadağın, yerlə bir edilib. Kəndlərimizdə, qəsəbələrimizdə, şəhərlərimizdə daş üstə daş qalmayıb. Görəsən ermənilər Azərbaycanın yaşayış məntəqələrini necə dağıtmalıydılar ki, Əli Kərimlini qane etsin? Ay filan-filan şüdə, Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qalıb, məscidlərimizi, ziyarətgahlarımızı, tarixi və mədəni abidələrimizi, evlərimizi, qəbirlərimizi darmadağın ediblər. Babalarımızın, nənələrimizin, qardaş və bacılarımızın sümüklərini məzarlarından çıxarıb topdağıtmaz mülklərimizin daşları kimi daşıyıb aparıblar. Torpaqlarımız işğal ediləndə Azərbaycan əhalisinin sayı 7 milyondan bir qədər çox idi... Onun da 14%-i öz ev-eşindən didərgin salınmışdı. Hələ tarixi Azərbaycan torpaqlarından – indiki Ermənistan ərazisindən qaçqın düşən soydaşlarımızdan, onların qarşılaşdığı məhrumiyyətlərdən söz açmıram. Azərbaycan dövləti 30 ilə yaxın bir müddətdə 1 milyon məcburi köçkünün və qaçqının qayğıları ilə, torpaq itkisi və misli görünməmiş ədalətsizliklə qarşı-qarşı qaldı. Təkbaşına! Kimsənin köməyinə bel bağlamadan. Amma əyilmədi, sınmadı... Və ona görə dağılmadı ki, siyasi hakimiyyətin başında qorxaqlar, fərarilər, təsir agentləri, nüfuz müvəkkilləri deyil, dövlətin və xalqın mənafeyi üçün ölümü gözə alan qətiyyətli, prinsipial, prosesləri düzgün hesablamağı və qiymətləndirməyi bacaran şəxsiyyətlər dayanmışdılar və bu gün də dayanmaqdadırlar.

Ölkədən kənara sızan, dövlətə, millətə heç bir faydası dəyməyən, mayası xəyanətdən yoğrulanlar, uzun illər boyu ermənilərin və onları himayə edənlərin təbliğatına vasitə olmaqdan utanıb susmaq, ölüb yerə girmək əvəzinə, qızıl-qırmızı üzə dirənirlər.

Hər dəfə belələrinin həyasızcasına püskürdükləri yalanlara, qərəzli, əsassız və sifarişli müqayisələrinə münasibət bildirəndə, bəzi həmkarlarım, sosial şəbəkələrdəki dostlarım “baş qoşma” deyirlər. Baş qoşmuram, ayaq qoşuram... Bu adamlara kim olduqlarını hər dəfə xatırlatmaq lazımdır. Həm də layiq olduqları müstəvidə. Yoxsa “unuda bilərlər”. Yalançı yaddaşsız olur!

Elçin Mirzəbəyli