“İmran Xan Pakistanda siyasi böhranın birinci mərhələsindən qalib çıxdı. Çünki məhz onun tələbi ilə Prezident parlamenti və hökuməti buraxdı”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Kənan Rövşənoğlu deyib. O, bildirib ki, əks təqdirdə İmran Xan istefa verməli, parlament yeni hökumət formalaşdırmalı idi, təbii ki, başqa bir baş nazirin rəhbərliyi ilə: “Çünki İmran xanın hökuməti dağılırdı, bir neçə nazir istefa verib. 13 deputat isə müxalifətə keçib. Belə bir şəraitdə yeganə yol parlamenti buraxıb yeni seçkilərə getməkdir. İmran xan da bunu etdi.
Qeyd etmək lazımdır ki, Prezident və ordu da onu dəstəklədi. Bu mənada birinci mərhələni İmran Xan qazanmış oldu. İndi əgər müxalifət çox ciddi təzyiq etməsə yəqin ki. seçkiyə qədər baş nazir olaraq qala bilər. Əks təqdirdə prezident seçkiyə qədər 3 aylıq müvəqqəti hökumət yaradacaq və neytral şəxslərdən bir nəfəri baş nazir seçəcək”.