• 21 May 2022
logo
Medianın İnkişafı Agentliyində Özbəkistanın Milli İnformasiya Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

Medianın İnkişafı Agentliyində Özbəkistanın Milli İnformasiya Agentliyinin rəhbərliyi ilə görüş keçirilib - FOTO

Medianın İnkişafı Agentliyində (MEDİA) Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-nın rəhbərliyi - baş direktorun birinci müavini Sobir Şukurov, baş redaktor Qayrat Xonnazarov, eləcə də Özbəkistan Nazirlər Kabinetinin Turizm, Mədəniyyət və Kütləvi Kommunikasiyalar katibliyinin sektor müdiri Şahobiddin Musayevlə görüş keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanun, bu qanunun üstünlükləri, eləcə də ölkədə vahid media reyestrinin yaradılması layihəsi barədə məlumatlandırıb. Ə.İsmayılov nümayəndə heyətinə bu reyestrin işə salınmasından sonra Azərbaycan KİV nümayəndələrinin yararlana biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki, onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıb.

Agentlik rəhbəri, həmçinin özbəkistanlı həmkarlarını Azərbaycan mediasında kadr potensialının inkişafı ilə bağlı müxtəlif layihələr, ADA Universiteti və Bakı Dövlət Universiteti ilə birgə təşkil olunan ixtisas artırılması proqramları, məşğələlər, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb.

Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-nın baş direktorunun birinci müavini Sobir Şukurov iki ölkə mediası arasında münasibətlərin inkişafına töhfəsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

“Biz təkcə müstəqil informasiya agentlikləri ilə deyil, həm də dövlət strukturları ilə təcrübə mübadiləsi aparmaq istərdik. Bizim əməkdaşlığımız həm də siyasi və normativ aktlar səviyyəsində genişlənməlidir”, - S.Şukurov deyib.

Onun sözlərinə görə, hər iki ölkənin media sahəsində qanunvericilikləri çox oxşardır, ona görə də Azərbaycan və Özbəkistan mediası arasında ikitərəfli əməkdaşlığın inkişafı hər iki tərəfin xeyrinə olacaq.