• 29 May 2022
logo
Britaniya minatəmizləmə sahəsində Azərbaycana dəstəyini davam etdirəcək

Britaniya minatəmizləmə sahəsində Azərbaycana dəstəyini davam etdirəcək

Böyük Britaniya minatəmizləmə işində Azərbaycana dəstək göstərməyə davam edəcək.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
O bildirib ki, Azərbaycan üçün minatəmizləmə çox mühüm proseslərdən biridir: “Çox şadam ki, Böyük Britaniya da bu işdə Azərbaycana dəstək göstərir. Minatəmizləmənin bir neçə komponenti var. Bunlardan biri minalanmış ərazilərlə bağlı maarifləndirmə işinin aparılmasıdır. Bildiyiniz kimi, bəzi insanlar qanunsuz şəkildə geri qaytarılmış torpaqlara keçiblər. Bunun nəticəsində onlar mina qurbanı olub. Bu sahədə gördüyümüz tədbirlərin əhəmiyyətini vurğulamaq istəyirəm. Yol kənarlarında bilbordların quraşdırılması və şagirdlər arasında maarifləndirmə tədbirləri nəticəsində insanların minalarla bağlı bilikləri artıb. Digər tərəfdən, bir çox britaniyalı ekspert minaların təmizlənməsi işinə öz dəstəyini göstərib”.
Səfir Britaniya şirkətlərinin bu sahədə Azərbaycana dəstək göstərdiyini ifadə edib: “Dünən Ağdama səfər çərçivəsində həmin şirkətlərin fəaliyyətini görmək imkanı oldu. Həmçinin bizim Müdafiə Nazirliyimiz də minatəmizləmə sahəsində öz dəstəyini göstərir. Minatəmizləmənin bir digər elementi konvensiyalarla bağlıdır. Hesab edirəm ki, irəli baxmaq və Azərbaycanın bu sahədə liderliyini göstərməsi üçün həmin konvensiyalara qoşulması önəmlidir”.