• 29 May 2022
logo
Törətdikləri cinayətlərə görə ermənilər cəzalarını alacaq

Törətdikləri cinayətlərə görə ermənilər cəzalarını alacaq

Cənubi Qafqaz regionu həmişə ən mürəkkəb regionlardan biri kimi səciyyələndirilir. Təbii ki, regionun coğrafi yerləşməsi, kommunikasiya imkanları, zəngin təbii ehtiyatları dünyanın diqqətini tarixən cəlb edib. Lakin region təkcə qeyd olunan əlamətlərinə görə səciyyələndirilmir. Cənubi Qafqaz daha çox münaqişəli region kimi səciyyələndirilir. Həqiqətən də tarixə saldıqda, Cənubi Qafqazın əsrlər boyu münaqişələrlə zəngin olduğunu görmüş oluruq. Regionda münaqişələrin əsas səbəbkarı həmişə ermənilər olmuşlar. Ermənilər qeyri-erməni olan hər kəsə qarşı nifrət aşılayıblar, onlara qarşı təxribatlar törədiblər və onları fiziki məhv etməyə çalışıblar. Xüsusilə də, azərbaycanlılara qarşı düşmənçiliyi daim qanlı cinayətlərlə müşayiət olunmuşdur. 1918-ci ilin mart ayında ermənilər tərəfindən Qafqazda sözün əsl mənasında etnik təmizləmə həyata keçirilməyə başladı. Azərbaycanın müxtəlif bölgələrində dinc azərbaycanlılar kütləvi şəkildə qətlə yetirildi. Daşnak erməni silahlıları Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Qarabağda, Zəngəzurda və digər yerlərdə otuz mindən çox azərbaycanlını vəhşicəsinə qətlə yetirilmişdir. Bundan əlavə sağ qalanlar da dözülməz işgəncələrə məruz qalmışlar. On minlərlə insan öz tarixi, doğma torpaqlarından didərgin salınmışdır. Ermənilər ən qanlı və qəddar cinayətlərini 1918-ci il martın sonlarında Bakıda törətdilər. Bakıda azərbaycanlılara qarşı soyqırımının törədilməsində Bakı Sovetinin və Daşnaksutyun partiyasının ümumilikdə on mindən artıq silahlıları dinc şəhər sakinlərinə qarşı misli görünməmiş vəhşiliklə qətliyam törətdilər. Ümumiyyətlə, ermənilərin Bakıda törətdikləri qanlı cinayət miqyasına və qəddarlığına görə analoqsuzdur. Bakıda təkcə azərbaycanlılar deyil, yəhudilər, ruslar, avarlar, talışlar və ümumiyyətlə, qeyri-erməni olan hər bir kəs böyük amansızlıqla qətlə yetirilmişlər. Xüsusilə qeyd etmək lazımdır ki, ermənilər dinc insanlarla yanaşı, Azərbaycan xalqına məxsus olan tarixi mədəni və dini abidələrə qarşı da terror törədiblər. İnsanlığa qarşı törədilən belə qanlı cinayətlərə lazımi siyasi-hüquqi qiymət verilmədikdə, olduqca təhlükəli president yaranır. Təsadüfi deyildir ki, özünü tam cəzasızlıq şəraitində hiss ermənilər sonrakı dövlərdə də azərbaycanlılara qarşı oxşar cinayətlər törətmişlər. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində dinc sakinlər eyni vəhşiliklə qətlə yetirildi. Ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətlər qan yaddaşımızda hər zaman qalmaqdadır və bundan sonra da qalacaq. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalanmışdır. Ulu Öndərin imzaladığı bu Fərmanla martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. SÖzü gedən Fərmanda qeyd olunur: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir". Nəzərə almaq lazımdır ki, Heydər Əliyev tərəfindən "Azərbaycanlıların Soyqırımı Günü" elan edilməsi haqqında Fərmanın imzalanması hər il təkcə bu günün anılmasını şərtləndirmədi. Fərman ermənilərin xalqımıza qarşı törətmiş olduqları bütün cinayətlərin dərindən araşdırılması, bu cinayətlər haqqında dünya ictimaiyyətinin sistemli şəkildə məlumatlandırılmasını və digər müvafiq tədbirlərin həyata keçirilməsi üçün təsirli amilə çevrildi. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tarixi qələbə çalaraq torpaqlarımızı erməni işğalından azad etdi. Bununla, həm də Azərbaycan dövlətinin sarsılmaz güc mövqeyi təmin olundu. Bundan sonrakı mərhələdə Azərbaycan öz milli maraqlarını daha inamla və qətiyyətlə qorumaqdadır. Müvafiq olaraq, xalqımıza və dövlətimizə qarşı törətmiş olduqları qanlı cinayətlərə görə ermənilərin cəzalandırılması istiqamətində də daha təsirli addımlar atmaq imkanına malikik.

Elşad Mirbəşir oğlu

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı