• 28 May 2022
logo
XİN: Azərbaycan minalardan əziyyət çəkən ölkə olsa da, az yardım alır

XİN: Azərbaycan minalardan əziyyət çəkən ölkə olsa da, az yardım alır

Azərbaycan minalardan ən çox zərər çəkən ölkələrdən biridir. Mina problemi Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarda hərbi səbəb olmadan minalar yerləşdirməsinə görə baş verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsini rəisi Leyla Abdullayeva Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Azərbaycan humanitar minatəmizlənməsinə böyük vəsait ayırıb, bunu milli prioritet elan edib. Humanitar minatəmizləmə quruculuq üçün mühüm hissədir. Yüz minlərlə məcburi köçkün öz evlərinə qayıtmağı səbirsizliklə gözləyir. Bu ərazilər təmizlənməlidir ki, insanlar təhlükəsiz şəkildə evlərinə qayıtsın. Bu proses həm də regionda dayanıqlı inkişafa dəstək verəcək. Ağdam rayonuna səfərinizdə öz gözünüzlə gördünüz ki, bizim üzləşdiyimiz bu problem nə dərəcədə böyükdür”.
Leyla Abdullayeva ANAMA-nın azad edilmiş ərazilərdə fəaliyyətinə də toxunub: “Ərazilərin azad edilməsindən sonra ANAMA-nın strukturu yenidən təşkil edildi ki, üzləşdiyimiz problemlərin öhdəsindən daha effektiv gələ bilsin. Nazirlər Kabineti və Prezident Administrasiyası ANAMA-ya dəstək göstərir, Müdafiə və Fövqəladə Hallar nazirlikləri və Dövlət Sərhəd Xidməti də iştirak edir. ANAMA 19 min hektar ərazini minadan təmizləyib və ya təmizlənməsini əlaqələndirib. Bu, Azərbaycanda minalı ərazilərin yalnız 2 faizini təşkil edir.
Üçtərəfli bəyanatın imzalanmasından sonra təkcə 200-dən çox insan minaların qurbanı olub, onlar arasında mülki şəxslər də var”.
XİN rəsmisi Azərbaycana minatəmizləmə sahəsində az miqdarda beynəlxalq yardım aldığını xatırladıb: “BMT qətnamələrində göstərildiyi kimi minatəmizləmədə beynəlxalq tərəfdaşlıq çox vacibdir.
Ən müasir texnologiya və təlimlər bu proses üçün vacibdir. Azərbaycan minalardan əziyyət çəkən ölkə olsa da, ən az yardım alan ölkədir. Hesab edirəm ki, bu balans dəyişməlidir. Azərbaycan dayanıqlı inkişaf məqsədinə çatmağa sadiqdir və bunun üçün minalardan təmizlənmə vacibdir”.