• 7 Dekabr 2024
logo
XİN: Azərbaycan BMT-nin prinsiplərinə hər zaman sadiq olub

XİN: Azərbaycan BMT-nin prinsiplərinə hər zaman sadiq olub

BMT Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.
O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycana qarşı təcavüz pislənilib, ölkənin ərazi bütövlüyü və suverenliyi dəstəklənib və Ermənistanın öz ordusunu Azərbaycan torpaqlarından çıxarmağa çağırış edilib: “BMT Baş Assambleyası da eyni yanaşmanı nümayiş etdirib. BMT rəsmiləri münaqişənin yaratdığı ağır fəsadlarla tanış olublar. Bu səfərlər BMT rəhbərliyi Azərbaycanın yanındadır və onun ədalətli mövqeyini dəstəkləyir”.
Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan 30 il ərzində işğal altında olan ərazilərini azad edib, indi bu ərazilərdə quruculuq işləri aparılır.
“Biz BMT-yə Azərbaycana göstərəcəyi dəstəyə görə təşəkkür edirik. Bu 30 illik uzun yolda, Azərbaycan öz torpaqlarında təhlükəsizlik təhdidləri yaşayan ölkədən qlobal təhlükəsizliyə dəstək verən ölkəyə çevrilib. Azərbaycan BMT-nin sadiq tərəfdaşı kimi sülhməramlı tədbirlərdə iştirak edib, iqtisadi və sosial sahədə əməkdaşlığa töhfə verib. Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin hədəflərə çatmaq üçün Azərbaycan BMT-nin və onun agentliklərinin səylərini yüksək qiymətləndirir. Azərbaycan azsaylı ölkələrdən biridir ki, dayanıqlı inkişaf hesabatını təqdim edir”, - naziri müavini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan BMT TŞ-nin üzvlük müddətində sülh və təhlükəsizlik məsələlərinin gündəmdə saxlanmasına və konsensusa nail olunmasına dəstək verib.
Nazir müavini deyib ki, Azərbaycan vaksinlərin vaxtında və ədalətli paylanması üçün təşəbbüslər irəli sürüb, eyni zamanda, Azərbaycan postpandemiya dövründəki addımlarla bağlı təşəbbüs və təkliflərlə çıxış edib.
“Azərbaycan BMT-nin məsuliyyətli üzvü olaraq onun prinsiplərinə hər zaman sadiq olub və gələcəkdə də bu fəaliyyətini davam etdirəcək”, - Elnur Məmmədov əlavə edib.