Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Milli Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və TBMM-in Aqrar komissiyasının sədri Yunus Kılıç ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, spiker ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu bildirib.
S. Qafarova iki qardaş ölkənin parlamentlərarası münasibətlərindən danışıb. Spiker Sahibə Qafarova bu günlərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının 30-cu ildömünün tamam olduğunu, bu soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirildiyini xatırladıb. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, bütün məsələlərdə bir-birini dəstəklədiyini qeyd edib. O, ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcəyinin daha da parlaq olacağına inamını ifadə edib. Şamil Ayrım parlamentlərimiz arasında əlaqələrin də daim inkişaf etdiyini qeyd edərək, dostluq qruplarının uğurlu fəaliyyətinin bu münasibətlərə özünəməxsus töfhə verdiyini qeyd edib.
Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olduğunu deyən Şamil Ayrım qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq, bu faciənin dünya ölkələri tərəfindən soyqırımı kimi qəbul edilməsi və bu qətliama beynəlxalq səviyyədə lazımi hüquqi qiymətin verilməsi istiqamətində birgə fəaliyyət göstərir. Bununla bağlı Türkiyədə də tədbirlər, yürüşlər keçirilir. O, əminliyini ifadə edib ki, Xocalı soyqırımının beynəlxalq arenada, dünya parlamentlərində qəbul edilməsi ilə bağlı aparılan işlər müsbət nəticə verəcək.
Görüşdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, TBMM-in Aqrar komissiyasının sədri Yunus Kılıç Milli Məclis və Türkiyə Böyük Millət Məclisi arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, qanunyaradıcılığı işində də parlamentlərimizin müvafiq komitə və komissiyaları arasında təcrübə və informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.