"Münasibətlər də müttəfiqlik münasibətləridir”.
Bunu Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdə “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukovun “Azərbaycan-Türkiyə münasibətləri” ilə bağlı sualına cavabında deyib.
"İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də mən və Prezident Ərdoğan tərəfindən müttəfiqlik barədə Bəyannamə imzalandı. Bu da bizim malik olduqlarımızın formallaşdırılması idi, çünki Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri birinci il deyildi ki, mövcud idi. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Biz müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdik. Son illər ərzində Prezident Ərdoğanın prezidentliyi dövründə və mənim dövrümdə, - bu dövrlər ümumilikdə daha çox üst-üstə düşür, - biz faydalı əməkdaşlıq fəaliyyətimizin əmsalını əhəmiyyətli şəkildə artırmışıq. Belə bir misal çəkim: Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq - bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib”, - dövlət başçısı vurğulayıb.