“İkinci Qarabağ savaşından sonra Azərbaycanın xarici siyasət sahəsində yeni mərhələyə qədəm qoyması onun çoxvektorlu xarici siyasət yürütməsinə təkan vermiş oldu. Bu sahədə əsas məqsəd qonşu və region dövlətləri ilə qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin formalaşmasıdır”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O, bildirib ki, Azərbaycan-Rusiya münasibətlərini də bu qəbldən hesab etmək mümkündür. Azərbaycan və Rusiyanın qonşu dövlət olması və eyni zamanda ikinci Qarabağ savaşında Azərbaycanın qazandığı qələbə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin formalaşdırılmasını və yaxud da yenidən formalaşdırılmasını tələb edir”.
Politoloq hesab edir ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin Moskvaya səfəri və bu səfərin əhəmiyyətini də o çərçivədən dəyərləndirmək olar: “İkinci Qarabağ savaşından sonra rus “sülhməramlıları”nın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya edilməsi Azərbaycan-Rusiya münasibətlərini bir başqa aspektdən dəyərləndirən amillərdən hesab edilə bilər.
Nəzərə alsaq ki, bir müddət öncə Azərbaycan prezidenti cənab İlham Əliyevin Ukraynaya, indi də Rusiyaya səfəri Rusiya-Ukrayna gərginliyində balansın qorunmasından xəbər verir.
Gözləniləndir ki, ölkə başçısının Moskvaya səfər etməsindən sonra həm Azərbaycan-Rusiya əlaqələrində keyfiyyətçə yeni mərhələ başlasın, həm rus sülhməramlılarının müvəqqəti dislokasiya edildiyi Azərbaycanın Qarabağ bölgəsindəki fəaliyyətində korrektələr olsun, həm Qarabağdakı oyuncaq rejmin ünsürlərini ya Azərbaycana təhvil versin, ya da oradan tamamilə çıxarsın. Həm də Azərbaycanla münasibətlərin normallaşdırılmasından qaçmağa çalışan Paşinyan komandasına təzyiq etməklə onların rəsmi Bakı ilə normal münasibətlər qurmasına imkan yaratsın”.
Əli