Əvvəlcə Kiyevdəki strateji obyektlərə aviazərbələr endiriləcək
Rusiya deyildiyi kimi, hücum etməyəcəyini sübut etmək üçün ötən gün Ukrayna sərhədinə toplanan hissələrdən bəzilərinin geri çəkildiyini açıqlayıb. Həmçinin Belarusla təlimlər bitən kimi də bu ölkəyə yerləşdirilən 30 mindən çox hərbi qüvvənin daimi dislokasiya yerinə qayıdacağı elan edilib. Buna baxmayaraq, ABŞ Dövlət Departamenti Rusiya ordusunun geri çəkilməsi ilə bağlı heç bir hərəkətlənmə müşahidə edilmədiyini açıqlayıb. Qərb mediası isə israrla Rusiyanın hücum edəcəyi təbliğatını davam etdirir.
Britaniyanın “Deyli Meyl” nəşri isə yazır ki, Rusiya Ukraynanı işğal etmək üçün çoxyönlü plan hazırlayıb. Plana əsasən Rusiya ordusu Krım və Belarus istiqamətindən Ukraynaya girəcək, ardınca ölkənin şərqindən sürətlə Kiyevə irəliləyib Rusiyanın adamını hakimiyyətə gətirəcək və orada oyuncaq rejim quracaq. Plana əsasən Rusiya ordusunun Donbas istiqamətindən Ukrayna ərazisinə daxil olacaq hissələrinin vəzifəsi Ukrayna ordusunun döyüş qabiliyyətli hissələrinin diqqətini özünə cəlb etmək, nəticədə onların Kiyevi müdafiə etmək imkanlarını məhdudlaşdırmaqdır. Plan qoşunların sürətli hərəkətini nəzərdə tutduğundan Rusiya Müdafiə Nazirliyi Kiyevə irəliləmək üçün əsasən yüngül zirehli texnikadan istifadəni nəzərdə tutur.
Qəzetin yazdığına görə, hazırda Rusiyanın Ukrayna sərhədlərinə cəmləşdirdiyi qoşunların miqdarı 130 mini keçir, daha 20 minlik qüvvə isə cəmləşmə rayonlarına hərəkət etmək üçün hazır vəziyyətdə gözləyir. “Canlı qüvvə və texnikanın cəmləşdirilməsi olduqca narahatlıq doğuran səviyyəyə çatıb. Bunun məqsədi işğaldır. Daha 15 batalyon-taktiki qruplaşması Ukrayna sərhədlərinə doğru yola çıxmağa hazırlaşır”, - qəzetə danışan hərbi qaynaq bildirib. Həmin mənbə deyib ki, qoşunlara dəniz və hava dəstəyi üçün də bütün hazırlıqlar görülüb, Rusiyanın bir çox hərbi birləşmələrində məzuniyyətlər ləğv edilib. Hazırda Rusiya ordusunun təxminən 60 faizinin Ukraynaya hücum üçün hazır vəziyyətdə olduğu bildirilir.
Mənbələr deyirlər ki, Prezident Vladimir Putin hücum planının detalları üzərində generallarla müzakirələr aparır. Belarusda cəmləşdirilmiş Rusiya qoşunları Kiyevə cəmi 6 saata çata bilər. “Rusiya qüvvələri Kiyev küçələrində döyüşə girməyi istəmir və məqsəd paytaxtda qansız çevriliş həyata keçirərək Moskvaya sadiq birini hakimiyyətə gətirməkdir”, - digər mənbə belə deyib.
Lakin mənbə deyib ki, Rusiya ukraynalıların öz ölkələrini müdafiə etmək əzmini ciddiyə almır, əslində isə ukraynalılar şiddətli müqavimət göstərə və nəticədə işğal cəhdi qanlı müharibəyə çevrilə bilər. Bu isə hər iki tərəfdən çoxsaylı itkilər deməkdir.
Böyük Britaniyanın “San” nəşri isə dünən məlumat verib ki, fevralın 16-sı, Bakı vaxtı ilə 05:00-da Rusiya 200 minlik ordu ilə hücum edəcək. İddiaya görə, əvvəlcə Kiyevdəki strateji obyektlərə aviazərbələr endiriləcək.
Rusiyanın Ukrayna ilə müharibəyə başlaması ehtimalı barədə hərbi-siyasi proqnozları şərh edən tanınmış politoloq Nail Cəlil “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında deyib ki, Rusiyanın Ukrayna hərbi müdaxilə ehtimalı ilə bağlı bu iki ölkə çevrəsində yaşananlar indiki mərhələdə daha çox siyasi-psixoloji savaşa - əsəb müharibəsinə çevrilib. Görünən odur ki, Rusiya tərəfi açıq güc nümayişi ilə Ukraynanı NATO ilə yaxın əməkdaşlıqdan və mümkün üzvlükdən çəkindirməyə çalışır. Digər tərəfdən, rəsmi Moskva Krımın anneksiyasını və Donbassın cənub-şərq hissəsinin işğalını rəsmiləşdirmək üçün müəyyən deklorativ addımlar atır. Məsələn, qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınması ilə bağlı müvafiq müraciətin Rusiyanın Dövlət Duması tərəfindən təsdiqlənərək, prezident Vladimir Putinə ünvanlanması buna əyani misaldır. Burada baş verənlər müəyyən mənada, Gürcüstan ssenarisini – 2008-ci ilin avqustunda Cənubi Osetiya və Abxaziya bölgələri ətrafında yaşanan 8 günlük münaqişəni xatırladır”.
Siyasi ekspert bildirib ki, bəzi məlumatlara görə, bu müharibə fevralın 15-də artıq başlamalı idi: “Diqqəti çəkən odur ki, müvafiq açıqlamalar artıq ABŞ prezidenti Co Bayden, Ukrayna prezidenti Volodimir Zelenskiy, NATO rəsmiləri tərəfindən də dilə gətirilir. Baş verənlər – diplomatik korpusların təxliyəsi, Ukrayna üzərindən hava reyslərinin məhdudlaşdırılması, təxirə salınması, xarici ölkələrin öz vətəndaşlarını Ukraynanı tərk etməyə dəvət etməsi, 23 millət vəkilinin, bəzi nüfuzlu oliqarxların çarter reysləri ilə ölkəni tərk etmələri Rusiyanın hər an hücum edə biləcəyi görüntüsünü yaradır”. Siyasi ekspert bildirib ki, bütün bunlar Ukraynada müharibə həyəcanını qüvvətləndirib. Söhbət ondan gedir ki, ABŞ və onun təsir dairəsində olan NATO strukturları Ukraynanı dəstəkləsələr də, Rusiyanın nüvə təhdidləri fonunda bir qədər ehtiyatlı davranırlar. Hətta ABŞ prezidenti Bayden Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Ukraynada Amerika əsgərlərinin döyüşməyəcəyini deyir, cəmi 3-4 gün sonra isə müharibənin baş verəcəyi təqdirdə Amerikanın Ukraynanın tərəfində könüllü iştirak edəcəyini söyləyir: “Burada gərginliyin aradan qaldırılması üçün göstərilən diplomatik səylər, Fransa prezidenti Emmanüel Makronun Avropa Birliyinin təmsilçisi kimi, Rusiya prezidenti Vladimir Putinlə gərginliyi yumşaltmaqdan ötrü danışıqlar aparması, ABŞ, Rusiya prezidentləri arasında saatlarla çəkən telefon danışıqları, o cümlədən, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilik təşəbbüasləri də diqqətdən yayınmır. Maraqlıdır ki, Ukrayna ətrafında (o cümlədən, Belarusda və ilhaq edilmiş Krımda) üç istiqamətdə 270 minlik ordu cəmləmiş Rusiya tərəfi israrla Ukraynaya hücum etmək niyyəti olmadığı deyir, lakin artıq iki aydan çoxdur, qoşunları geri çəkməyə, dislokasiya yerlərinə qaytarmağa tələsmir”.
Nail Cəlilin fikrincə, Rusiya bununla daxili problemlərə görə məsuliyyəti “təhlükə yaradan Qərbin və Moskvadan uzaqlaşması səbəbindən cəzalandırılan Ukraynanın” üzərinə yükləməyə çalışır: “Ümumilikdə, Rusiyanın NATO, eləcə də bu hərbi-siyasi strukturda aparıcı qüvvəyə malik ABŞ ilə ənənəvi rəqabəti, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsində ciddi təhdidlər görməsi heç kəsə sirr deyil. Bununla yanaşı, Qərblə, NATO ilə əməkdaşlığı, isti münasibətləri olan bir sıra postsovet ölkələrini, xüsusən, hələ Sovet dönəmindən BMT-nin üzvü olan Ukraynanın düşmən tərəf və ya açıq hədəf kimi qiymətləndirilməsi heç də sivil, adekvat siyasi davranış sayıla bilməz”.
Politoloq onu da vurğulayıb ki, son günlər ABŞ rəsmiləri Rusiya tərəfinin Ukraynanın işğalına kifayət qədər hazırlaşmağı bacardığını, bu səbəbdən Kiyevə hücum hər gün baş verə biləcəyini bəyan edirlər. ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın bununla bağlı son açıqlaması hücum, müharibə və işğal təhlükəsinin kifayət qədər real olduğunu göstərir: “Müvafiq açıqlamada belə bir hücumun hətta havadan bombardımanla hər an başlaya biləcəyi göstərilir. Bununla yanaşı, hesab edirəm ki, rəsmi Moskva Qərbin, xüsusən, ABŞ, Böyük Britaniya və NATO-nun Ukraynaya açıq dəstəyini, hətta işğalın baş tutması halında belə, müharibənin Rusiyaya böyük itkilər, fəlakətlər gətirəcəyini nəzərə alaraq, hücum əmri verməyəcək”.
Siyasi ekspert əlavə edib ki, indiki halda vacib olan tərəflərin ilkin qarşılıqlı güzəştləri, mümkün hərbi toqquşmadan yayınmalarıdır: “Bəlli olan odur ki, hazırda bütün iştirakçı və maraqlı tərəflər hadisələrin mümkün ssenarilərinə qarşı hazırlıqlı olmağa çalışırlar”.
Ekspert Asif Nərimanlı isə bildirib ki, ABŞ-ın dediyi “hücum günü” gəldi: Qərb – ABŞ və Böyük Britaniya həm siyasi, həm də media üzərindən bu gün “nəsə baş verəcəyin”dən bəhs edir.
- Britaniyanın baş naziri Boris Conson Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefon söhbətində “dünyanın yaxın saatlarda ayıq olmasını” müzakirə ediblər;
- Bayden Putinlə dialoqun davam etdirilməsinə razılaşdığını bildirib, eyni zamanda, “bütün ssenarilərə hazır olduqlarını” bəyan edib: “NATO torpaqlarını qoruyacağıq” deyir, lakin bu, Ukraynaya aid deyil; ABŞ prezidenti əvvəlki mövqeyində qalır, “Rusiya Ukraynanı işğal edərsə, uzunmüddətli sanksiyalarla qarşılıq verəcəyik” deyir.
Vaşinqton bununla “işğal günün”dən öncə Rusiyaya “sonuncu xəbərdarlığını” edir, lakin həm də beynəlxalq ictimaiyyətdə 16 fevral ssenarisinə inamı gücləndirir: “Qərb mediası da “16 fevral işğal günü” versiyasının doğruluğunu təsdiqləməyə çalışır. ABŞ-ın texnologiya şirkəti “Maxar” Rusiya-Ukrayna sərhədindən yeni peyk görüntülər yayıb: iddialara görə, Rusiya ordusu təlim bölgəsindən cəbhəyə doğru irəliləyir. Zelenski 16 fevral tarixini Milli Birlik günü elan etdi və bu, Rusiya təhlükəsinə qarşı həmrəylik nümayişi olmaqla yanaşı, Qərbdə “hücum günü” ilə bağlı yaradılan təşvişə qarşı da gedişdir: rəsmi Kiyev müharibə haqda informasiya axınının səbəb olduğu iqtisadi itkiləri mümkün qədər azaltmağa çalışır. Rusiya israrla hücum etməyəcəyini desə də, dünyanı inandıra bilmir”.
16 fevralda nə baş verə bilər?
Rusiyanın genişmiqyaslı hücuma keçməsi ağılsızlıq olardı və Moskvanın təkcə mövqeyi yox, diplomatik gedişləri də buna getməyəcəyini deməyə əsas verir, ən azından 16 fevral tarixində yox (sonrakı dövrdə belə ehtimal azdır). Heç nəyin baş verməməsi Rusiyanı haqlı, ABŞ-ı haqsız çıxara bilər və bu, həm də etibarlılıq məsələsi baxımından əhəmiyyətlidir. Bu situasiya fonunda bu gün nələrinsə baş verəcəyi gözləntisi artır, lakin baş verəcəklərin kimin tərəfindən edilməsini müəyyənləşdirmək də çətin olacaq.
Artıq Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytına kiberhücumların olduğu haqda məlumatlar var və bu, “hücumun başlanğıcı” kimi dəyərləndirilir.
Cavid