Son günlər Ramiz Mehdiyev ətrafında gedən söhbətlər, əslində qanunauyğun olan bir haldır. Çünki Ramiz Mehdiyev faktoru uzun illərdir ki, Azərbaycan siyasətində, Azərbaycan dövlətçiliyində bir maneə kimi mövcud olub.
Bu sözləri BayMedia-ya açıqlamasında Azad Respublikaçılar Partiyasının (ARP), siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov deyib.
Partiya sədrinin sözlərinə görə, siyasi və elmi fəaliyyəti bütün müsbət ideyalara maneə yaratmaqdan ibarət olmasına baxmayaraq, özünü “siyasi lider”, “akademik” “elm fədaisi” adlandıran bir şəxsin aqibəti belə də olmalıydı: “Çünki onun bütün fəaliyyəti Azərbaycanda normal siyasi sistemin formalaşmasının qarşısını almaqdan ibarət olub. Əslində AMEA-nın mətbuat xidmətinin adından yayımladığı açıqlamasında yer alan bütün ittihamların hədəfi elə onun özüdür. Məgər Ramiz Mehdiyev Əli Həsənovla birlikdə həyata keçirdiyi xoşəgəlməz halların müəllifinin özünün olduğunu bilmir?”
Kamil Seyidov qeyd edib ki, Ramiz Mehdiyev üçün ən doğru seçim istefaya getməkdir: “Bu şəxsin özün anlamalıdır ki, əmək qanunvericiliyinə görə, pensiya yaşı çoxdan çatmış bir şəxsin AMEA-ya rəhbərlik etməsi, həm də qanun pozuntusudur. Yaşı 80-dən çox olan adamın akademiyada nə işi var? Mən həm də elm adamıyam və istisnasız olaraq, deyirəm ki, Azərbaycan elminin indiki durumunun səbəbkarı məhz Ramiz Mehdiyev olub. Ramiz Mehdiyev elmdən də, siyasətdən də getməlidir. Ola bilsin ki, onun getməsinə müəyyən xarici qüvvələr icazə vermirlər. Amma özündə cəsarət tapmalıdır və dərk etməlidir ki, Azərbaycan siyasətində və elmində artıq ona yer yoxdur”.