Görüşdə ölkələr arasında ikitərəfli müstəvidə, çoxtərəfli platformalarda münasibətlər və əməkdaşlıq müzakirə olunub. Yüksək səviyyəli siyasi dialoq münasibətlərin inkişafına zəmin yaradıb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, Azərbaycan və Moldova arasında 65 sənəd imzalanıb və bu sənədlər qüvvədədir, 3 sənədə isə baxılır: “Görüşümüzdə postpandemiya dövründə əməkdaşlığı necə genişləndirmək, kənd təsərrüfatı, telekommunikasiya sahəsində əməkdaşlıq da müzakirə olunub. Biz həmçinin kiçik və orta sahibkarlığa dəstək agentliklərinin qarşılıqlı əməkdaşlıq imkanları barədə danışdıq. KOBİA tərəfindən Moldovaya səfər edilməsi vacibdir. Enerji təhlükəsizliyi də görüşdə müzakirə olunub”.
XİN başçısı qeyd edib ki, Azərbaycandan Avropaya qaz təchizatı yeni mərhələyə qədəm qoyub: “Bu günlərdə Cənub Qaz Dəhlizinin növbəti mərhələdə genişlənməsi və bir sıra ölkələrin bu genişlənmədən faydalanması müzakirə olunub, bu ölkələr Qərbi Balkan ölkələridir və Moldovanın qonşularıdır”.