Aydın Hüseynov: “Cənub Qaz Dəhlizi ölkəmizin iqtisadi imkanlarını genişləndirəcək”
“Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Cənab Prezident bir çox önəmli məsələlərə toxundu. Bu toplantıda səsləndirilən fikirlər Azərbaycanın milyardlarla dəyəri olan iqtisadi layihənin əsas qarantlarından biri olmasını təsdiq edir. Azərbaycanın potensialı imkan verir ki, uğurlu və böyük iqtisadi layihələr bundan sonra da davam etdirilsin”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili bildirib ki, əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin dəyəri 33 milyard dollardır ki, bu da kifayət qədər ciddi rəqəmdir: “Bu gün dünyada əhali sayının artması enerji tələbatını yüksəldib. Eyni zamanda qazla bağlı tələbat artıb. Bu gün yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Bu tələbatın ödənməsi üçün ölkəmizə üz tutulması Azərbaycanın apardığı düzgün siyasət və etibarlı tərəfdaş olması ilə bağlıdır. Azərbaycan bütün sahələrdə olduğu kimi enerji sahəsində də şəffaflığa önəm verib, ədalətli və güvənli tərəfdaş olub”.
A.Hüseynov əlavə edib ki, ötən ildən fərqli olaraq iclasın Azərbaycanda canlı keçirilməsi xüsusi önəm daşıyır: “Ötən il görülən işlərin hesabatının verildiyi iclas gələcək işlərin planlaşdırılması baxımından əhəmiyyətlidir. Məhz buna görə də cənab Prezident bu istiqamətdə atılan addımları xüsusi olaraq vurğuladı. Bilirsiniz ki, pandemiya dünya iqtisadiyyatına böyük ölçüdə zərər verib, bir çox sahələrdə sıxıntılar yaranıb. Layihənin tamamlanması bu baxımdan da əhəmiyyətlidir”.
Millət vəkili əlavə edib ki, dövlət başçısı geniş çıxışında Azərbaycanın potensialını bütün dünyaya izah etməklə nə qədər dəyərli bir ölkə və tərəfdaş olduğumuzu önə çəkdi: “Azərbaycan uzun müddətdir ki, dünyanın enerji təhlükəsizliyində ciddi rol oynayır. Cənub Qaz Dəhlizi Azərbaycanın enerji təhlükəsizliyi kontekstində çəkisini dünyada daha da artırmaqla yanaşı, eyni zamanda ölkəmizin iqtisadi imkanlarını da genişləndirəcək. Bundan başqa Azərbaycan geosiyasi anlamda da əhəmiyyətli ölkəyə çevilmə yolunda ciddi məsafə qət etmiş olacaq. Bu da Azərbaycana iqtisadi gəlirlərlə yanaşı siyasi dividentlər də qazandıracaq”.
Millət vəkili həmçinin diqqətə çatdırıb ki, bundan başqa Cənub Qaz Dəhlizi Azərbaycan gəlirlərinin artmasına səbəb olacaq: “Ümumilikdə Avropa üçün yeni və əhəmiyyətli alternativ mənbə hesab edilən Dəhliz vasitəsilə ixrac edilən qazdan Azərbaycan 100 milyard dollardan artıq gəlir götürəcək”.
Əli Zülfüqaroğlu