• 6 Dekabr 2019
logo
add image
Səfa Mirzəyevin “ağır yuxuda görə bilmədiyi” reallığa çevrildi

Səfa Mirzəyevin “ağır yuxuda görə bilmədiyi” reallığa çevrildi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev iyulun 16-da “Yeni Müsavat” qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) istənilən vaxt növbədənkənar seçki çağıra biləcəyini qeyd etmişdi və bildirmişdi ki, ölkə Konstitusiyası buna imkan verir:
“YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir”.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə “Report”a açıqlamasında tamamilə əks mövqedən və kifayət qədər qəzəbli mövqe sərgiləmişdi və bunun mümkün olmadığını bildirmişdi. Səfa Mirzəyevin dediklərini olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq: “Söz-söhbət gedir ki, Milli Məclis buraxılacaq, vaxtından əvvəl seçkilər keçiriləcək. Yəqin ki, orta məktəblərdə Azərbaycan Konstitusiyası keçirilir. Onu oxusalar biləcəklər ki, biz hüquqi dövlətdə yaşayırıq və Milli Məclis istənilən an buraxıla bilməz. 20016-cı ildə referendum keçirtdik və Milli Məclisin buraxılma şərtləri konstitusiyada əksini tapıb.
Səhər yuxudan durdum Milli Məclis xoşuma gəlmədi buraxıram, elə şey ola bilməz. Konstitusiyanın 98-1 maddəsində parlamentin buraxılması üçün 3 şərt nəzərdə tutulub. Birincisi Milli Məclis il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərsə, ikincisi Konstitusiya, Ali məhkəmələr və Mərkəzi Bankın idarə heyətinin prezident tərəfindən təqdim olunmuş üzvlərini iki dəfə dalbadal təyin etməsə. O da o halda ki, təyin etməmək həmin orqanın davam etməsinə mane olsun. Üçüncüsü isə Milli Məclis üzərinə düşən işi həyata keçirmir. Bu hallar olmasa parlamenti buraxmaq mümkün deyil. Parlamentin buraxılacağı haqqında iddialar güclü fantaziyanın məhsuludur. Guya Yeni Azərbaycan Partiyası göstəriş versə ki, üzvləri iclasa gəlməsin, istefa ərizəsi yazaraq deputat səlahiyyətlərindən imtina etsinlər, onda parlament buraxıla bilər. Bunu ən ağır yuxuda belə görmək mümkün deyil. Ona görə də deyilənlərin heç bir əsası yoxdur. Milli Məclis normal rejimdə işləyir və ümid edirəm ki, vəzifələri layiqincə yerinə yetirir”.
Maraqlıdır, görəsən indi Səfa Mirzəyev hakim Yeni Azərbaycan Partiyasının son qərarına nə reksiya verəcək. Axı bu qərar Qüdrət Həsənquliyevin 5 ay öncə səsləndirdiyi fikirlərlə üst-üstə düşür. Səfa Mirzəyevin, özünün dediyi kimi orta məktəbdə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını oxumaq imkanının olmadığını yaxşı başa düşürük. Həmin dövrdə ölkəmiz müstəqil deyildi və SSRİ-nin, eləcə də Azərbaycan SSR-nin konstitusiyaları qüvvədə idi. Görünür, Səfa müəllimin yaddaşında da elə orta məktəbdə oxuduğu konstitusiyalar qalıb...

Qüdrət Həsənquliyevin müsahibəsi və bu müsahibədə yer alan parlamentin buraxılmasının mexanizmləri ilə bağlı fikirlərə Səfa Mirzəyevin reaksiyası ilə aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz:

https://musavat.com/news/yap-istenilen-vaxt-novbedenkenar-secki-cagira-biler_628093.html

https://report.az/milli-meclis/sefa-mirzeyevden-parlamentin-buraxilacagi-haqqinda-iddialara-munasibet/

BayMedia