Milli Məclisin sədri Sahibə Qafarova Litva Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin (Seym) sədri Viktoriya Çmilite Nielsen ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Viktoriya Nielsen Azərbaycan və Litvanın yaxın tərəfdaş olduğunu, əlaqələrin daha da inkişaf etdirilməsi üçün informasiya-kommunikasiya texnologiyaları, qida, aqrar, təhsil sahələrində böyük potensial imkanlar mövcud olduğunu bildirib.
Seymin sədri deyib ki, Azərbaycan Litvanın Tvininq Proqramı çərçivəsində ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran Viktoriya Nielsen regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.
O, Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd edərək, Şərq Tərəfdaşlığı sammitinin əhəmiyyəti, Azərbaycanın bu beynəlxalq tədbirdə iştirakını xüsusi vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin onun Azərbaycan Milli Məclisinin sədri kimi Litvaya ilk rəsmi səfəri olduğunu söyləyib və bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inandığını söyləyib. Azərbaycan və Litvanın dost və tərəfdaş ölkələr olduğunu bildirən spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu vurğulayıb.
O, Litva parlamentində dostluq qrupunun Xocalı soyqırımı ilə bağlı bəyanatlarını yüksək qiymətləndirib.
Spiker Sahibə Qafarova hazırda regionda yeni yaranmış vəziyyət və şərtlər haqqında da danışaraq, deyib ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil və tarixin səhifələrində qalıb. Üçtərəfli 10 noyabr 2020-ci il tarixli Bəyanat münaqişəyə son qoyub.
Görüşdə Milli Məclisin sədri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, regional kommunikasiyaların bərpa olunmasının vacibliyi, Azərbaycanın təşəbbüsü və birbaşa dəstəyi ilə reallaşan nəqliyyat layihələri, Zəngəzur dəhlizi haqqında da məlumat verib.