• 29 Noyabr 2023
logo
Referendum müzakirələri gündəmə oturur- iqtidara yaxın iki hüquqşünasın təklifləri

Referendum müzakirələri gündəmə oturur- iqtidara yaxın iki hüquqşünasın təklifləri

Proporsional sistem bərpa edilə, deputatların sayı artırıla bilər
Keçmiş deputatlar Əliməmməd Nuriyev və Çingiz Qənizadə Milli Məclisin tərkibinin genişləndirilməsi barədə təkliflə çıxış ediblər. Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev Yenisabah.az-a açıqlamasında xatırladıb ki, 2002-ci ildə proporsional seçki sistemi referendum vasitəsilə ləğv olunub:

“O zamana qədər proporsional seçki sistemi qismən istifadə olunur və 125 deputat yerindən 25-i məhz proporsional seçki sisteminə ayrılmışdı. Zaman keçdikcə, bu məsələyə tez-tez qayıdılır və xüsusilə də son illərdə siyasi partiyalarla bağlı yeni yanaşmaların tətbiq edilməsi bu müzakirələri daha da gücləndirib. Bildiyiniz kimi, Prezident Administrasiyasında Siyasi Partiyalarla İş şöbəsi yaradılıb, bu şöbə kifayət qədər səmərəli fəaliyyətə başlayıb və bütün siyasi partiyaların hökumətlə dialoqunu təmin edə bilir. Eyni zamanda siyasi partiyalarla bağlı hər hansı bir problemin daha operativ və sürətli həllinə nail olmağa çalışır. Belə ki, bu qurumun dəstəyi ilə siyasi partiyaların ofislə təmin edilməsi prosesi həyata keçirilib. Ona görə də bu istiqamətdə müzakirələr ümid edirəm ki, davam edəcək və siyasi sistemin bu aləti ilə bağlı məsələlərdə də dəyişikliklərin baş verməsi gözlənilə bilər”.

Parlamentin say tərkibi ilə bağlı məsələyə gəldikdə isə Ə.Nuriyev qeyd edib ki, parlament üzvlərinin sayının 200-ə çatdırılması yaxşı olardı: “Çünki əgər biz oxşar ölkələrə baxsaq, hətta əhalisinin sayı Azərbaycandan daha az olan ölkələrdə belə parlament üzvlərinin sayı çoxdur. Bu istiqamətdə daha yaxşı təmsilçiliyin təmin edilməsinə nail olmaq üçün bütövlükdə bu alətdən də istifadə etmək olar”.

Əliməmməd Nuriyev: “Yeni şəxslərin məsuliyyətə cəlb olunması gözləniləndir” - 10.04.2021, Sputnik Azərbaycan

Ə.Nuriyevin sözlərinə görə, bütün bunlar üçün konstitusiyada dəyişikliklər edilməlidir: “Hətta referenduma gedib-getməmək məsələsinin lehinə və əleyhinə olan arqumentlər də var. Lehinə olan arqument Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qalibiyyətdir və bütün institutlar da bu qalibiyyətin əldə edilməsi məsələsində eyni mövqedən çıxış etdilər və demək olar ki, Prezidentin bu istiqamətdə olan bütün təşəbbüsləri dəstəkləndi. Amma bir tərəfdən baxsaq deyə bilərik ki, Azərbaycan müharibədən çıxıb, Qarabağda böyük quruculuq işləri gedir və bunun üçün çox ciddi resurslar yönəlib. Belə olan halda seçki də bahalı resurslardan biri sayılır. Ona görə də bu məsələni bir az düşünmək lazımdır”.

Çingiz Qənizadə YAP-a üzv

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə də Azərbaycanın seçki sistemində islahatlara ehtiyac olduğunu, ilk növbədə majoritar, proporsional seçki sisteminin tətbiq edilməli olduğunu vurğulayıb: “Bu seçki sistemi Ermənistan və Gürcüstanda mövcuddur. Digər tərəfdən, deputatların sayı ilə bağlı çox ciddi problem var. Hazırda əhalinin siyahıya alınması prosesi gedir və hər dairədə 2-3-4 min seçici sayı çoxdur. 1995-ci ildə biz konstitusiyanı qəbul etmişik. Konstitusiyanın 82-ci maddəsində yazılır ki, Milli Məclisin tərkibi 125 nəfərdən ibarət olmalıdır. Bu, 7 milyon əhaliyə hesablanmışdı. Lakin indi 10 milyondan çoxuq. Bu baxımdan dünya təcrübəsinə baxsaq, 10 milyon əhalisi olan ölkələrdə 200, hətta 300 nəfər parlamentari var. Gürcüstan, Ermənistan bizim yarımız qədərdir. Deputatların sayı təxminən eynilik təşkil edir. Hesab edirəm ki, gələcəkdə deputatların sayı artırılmalıdır. Ona görə yox ki, parlamentdə çox deputat olsun. Ona görə ki, 1 millət vəkili 40 min seçici ilə işləmək imkanını çox çətinliklə reallaşdırır. 40-42 min seçici ilə işləmək millət vəkili üçün olduqca ağırdır. Bir millət vəkili necə 50 kəndin deputatı ola bilər?”

Ç. Qənizadə deyib ki, Azərbaycanda təxminən 20-25 min əhalisi olan dairələr formalaşmalı, millət vəkillərinin sayı artmalıdır. Onun fikrincə, Milli Məclisdə təxminən 50-60 deputat yeri artırıla bilər.

Qeyd edək ki, ötən il dekabrın 12-də MSK sədri Məzahir Pənahovun verdiyi açıqlamadan sonra ölkədə referendumun keçiriləcəyi ilə bağlı gözləntilər artıb. O, boş qalan deputat yerlərinə seçkilərin keçiriləcəyini deməklə yanaşı, vurğulayıb ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır, bu məsələ də öz həllini tapacaq.

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə “Yeni Müsavat”a bildirdi ki, ölkədə bir struktur vahidi olaraq icra hakimiyyətləri, yerli idarəetmə orqanları olan bələdiyyələr və xüsusilə də qanunverici hakimiyyət orqanı olan parlamentlə bağlı ciddi problemlər var. 2019-cu ilin sonlarında parlament ölkədə həyata keçirilən islahatlara adekvat olmadığını əsas gətirərək özünü buraxdı. Bu, ölkə tarixində bir ilk idi və atılan bu addımdan sonra formalaşan yeni parlamentdən müsbət gözləntilər olmasına baxmayaraq, 2020-ci ilin növbədənkənar 9 fevral seçkiləri ilə formalaşan hazırkı parlamentin elə ilk dönəmdən bu gözləntilərə cavab verməyəcəyi məlum oldu: “Belə ki, islahatlara adekvat olmadığı səbəbi ilə özünü buraxmış əvvəlki Milli Məclisin 125 deputatından 84 nəfəri yenidən deputat statusu qazandılar. Bununla da faktiki olaraq əsaslı yenilənmə baş vermədi və bu, 44 günlük İkinci Qarabağ savaşında xüsusilə qabarıq şəkildə özünü göstərdi. Deputat mandatı qazanmış 125 deputatdan 15-20 nəfəri istisna olmaqla digərləri heç bir mövqe nümayiş etdirmədilər, nəinki Vətən savaşına qalxmış Azərbaycan insanının, seçicilərinin yanında olmadılar, heç onlara bu etimadı göstərmiş hakimiyyətin mövqeyini də müdafiə etmədilər. Mövqeyi bəlli olmayan deputat isə elə bu hakimiyyətin özü üçün təhlükə mənbəyi ola bilər. Bu baxımdan hesab edirəm ki, ölkədə digər strukturların yenilənməsi ilə yanaşı, parlamentin də yenidən formalaşmasına ciddi ehtiyac vardır.

Mövqesizlik nümayiş etdirməklə yanaşı, polis döyməklə, vergidən yayınmaqla, milyonlarla vəsaiti ölkədən qırağa çıxarmaqla və adekvat olmayan açıqlamalarla gündəmə gələn deputat bu hakimiyyətə hansı müsbət divident gətirə bilər? Eyni zamanda hesab edirəm ki, parlamentin formalaşmasında da ciddi dəyişikliklərə gedilməlidir. 2002-ci il referendumu ilə ləğv edilən proporsional seçki sistemi bərpa olunmalı, parlamentin say tərkibi artırılmalıdır. 1995-ci il konstitusiyası qəbul olunarkən ölkə əhalisi 7 milyon nəfər civarında idisə, hazırda 10 milyonu keçmişik. Deməli, Azərbaycan insanını təmsil edən deputatların sayı da əhali sayına proporsional olaraq artırılmalıdır. Biz AMİP olaraq dəfələrlə bu məsələlərlə bağlı konkret təkliflərlə çıxış etmişik, həmçinin konstitusion dəyişiklikləri özündə ehtiva edən təkliflər paketini yazılı surətdə də hakimiyyətə təqdim etmişik. Düşünürəm ki, artıq ölkədə ciddi siyasi islahatlara gediləcəyi labüddür".

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, seçki mütəxəssisi Niyaməddin Orduxanlı isə bildirdi ki, həqiqətən də ölkədə referendum keçirilməsinə və konstitusiyada dəyişikliklərə böyük ehtiyac var. Bu baxımdan adıçəkilən hüquqşünaslar tam haqlıdır: “Həm Əlməmməd Nuriyev, həm də Çingiz Qənizadə kifayət qədər nüfuzlu hüquqşünaslardır, tanınmış ictimai-siyasi xadimlərdir. Digər tərəfdən, bizim partiya uzun müddətdir ki, parlamentdə proporsional seçki sisteminin bərpa olunması təşəbbüsü ilə çıxış edir, ölkənin parlament üsul-idarəsinə keçirilməsini təklif edir. Hətta bununla bağlı qanun layihəsi hazırlayaraq parlamentdə təqdim edib. Bu gün Azərbaycan Qafqazda yeganə ölkədir ki, proporsional seçki sistemi mövcud deyil, parlamentdə müxalifət fraksiyası fəaliyyət göstərmir, parlament yalnız majoritar seçki sistemi ilə formalaşır. Proporsional seçki sisteminin olmaması ölkədə siyasi partiyaların fəaliyyətinə də çox ciddi təsir edir. Siyasi partiyalar ölkənin demokratikləşməsində, mülki cəmiyyətin formalaşmasında, inkişafında və dövlət-milli maraqlarının qorunmasında əhəmiyyətli rol oynayır. Bu gün onlarla partiyanın mövqeyini görürük ki, onlar da proporsional seçki sisteminin olmasının vacibliyini bildirirlər, bəyanatlar verirlər. Odur ki, ölkədə referendum keçirərək, bu sistemi bərpa etmək olar. Düşünürəm ki, bu vacib bir məsələdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”