• 11 Dekabr 2023
logo
CHP ətlə dırnaq arasında

CHP ətlə dırnaq arasında

Türkiyənin son 20 ildə təməl ideoloji prinsiplərindən və yolundan sapan Cümhuriyyət Xalq Partiyasının (Cümhuriyet Halk Partisi – CHP) bəzi millət vəkilləri indi də iki qardaş ölkə arasında ixtilaf yaratmaq, Türkiyə-Azərbaycan münasibətləri üzərindən sifarişçilərinin təlimatlarını yerinə yetirmək üçün növbəyə durublar. Və növbə CHP-nin İstanbul şəhərindən seçilən millət vəkili Aykut Erdoğduya çatıb. Həm də Şuşa Bəyannaməsinin Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunması məsələsi gündəmə gəldikdən dərhal sonra...

Aykut Erdoğdunun Azərbaycandan alınan təbii qazla bağlı reallıqla heç bir əlaqəsi olmayan mülahizələri və həm də özünün iddia etdiyi kimi 12-14 il öncə “baş verənləri” gündəmə gətirməsi də Şuşa Bəyannaməsi ilə bağlı qeyd etdiklərimin həqiqətə daha çox yaxın olduğunu təsdiqləyir.

Görünür, Ermənistanın Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ən yüksək səviyyəsini ifadə edən Şuşa Bəyannaməsindən narahatlıq keçirən himayəçiləri CHP-nin “hücum” düyməsinin üzərinə möhkəmcə basıblar və sözügedən partiyanın parlamentdəki təmsilçiləri ratifikasiya prosesindən qaçmaq, eləcə də sifarişçilər qarşısında “öhdəliklərinə sadiq qaldıqlarını” nümayiş etdirmək üçün bəhanə axtarırlar.

Əslində “erməni məsələsi” hər zaman CHP üçün xüsusi əhəmiyyət kəsb edib. Vaxtilə qardaş ölkənin Azərbaycandakı səfiri vəzifəsini yerinə yetirən Əhməd Ünal Çeviközün Türkiyə ilə Ermənistan arasında diplomatik və iqtisadi əlaqələrin qurulması üçün necə canfəşanlıq etdiyini hər kəs bilir. Həmin dövrdə Türkiyə xarici işlər nazirinin müavini vəzifəsini daşıyan Əhməd Ünal Çeviköz bütün gizli danışıqların əsas ideoloqlarından və iştirakçılarından biri kimi xüsusi missiya icra edirdi və sabiq nazir müavinin bu missiyanı necə cani-könüldən yerinə yetirdiyinin şahidlərindən biri də mənəm. Çeviköz arabulçuluqla məşğul olanda, ona Türkiyə-Ermənistan münasibətləriylə bağlı Ankarada, sözügedən şəxsin iş otağında verdiyim sualdan necə qəzəbləndiyini, nəinki diplomatik, hətta insani münsibətlərin sərhədlərini aşaraq qızarıb-bozardığını, səsini yüksəltdiyini yaxşı xatırlayıram. Və həmin görüşdə mənimlə eyni nümayəndə heyətinin tərkibində iştirak edən həmkarlarımızın da Çeviközün hədəqədən çıxmış gözlərini hələ də unutmadıqlarını düşünürəm.

Xatırladım ki, Əhməd Ünal Çeviköz hazırda CHP sədrinin xarici əlaqələr üzrə baş müşaviri, həmçinin bu partiyanın Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının sözçüsüdür. Çeviközün Avropa Şurası Parlament Assambleyasında sosialistlər, demokratlar və yaşıllar fraksiyasının fəal üzvlərindən biri olduğunu və sözügedən fraksiyanın AŞPA-da Azərbaycan əleyhinə həyata keçirilən bütün proseslərin ön cərgəsində dayandığını da nəzərə alsaq, real mənzərənin bütün çalarları ilə hər kəsin gözü önündə açılacağını düşünürəm.

...Azərbaycan-Türkiyə münasibətlərinin əleyhinə çıxış edənlər, bir millətin iki dövlətinin ortaq dil, mədəniyyət, tarix üzərindən qarşılıqlı faydalılıq prinsipi əsasında həyata keçirdikləri siyasətə qarşı çıxanlar, qardaşlığın, dostluğun, həmrəyliyin bənzərsiz Azərbaycan-Türkiyə nümunəsindən əndişələnənlər hər zaman olub və bundan sonra da olacaq. Amma tarixdən azacıq da olsa nəticə çıxaranlar anlamalıdırlar ki, iki qardaşın arasına girmək üçün boşluq axtaranları, el arasında deyildiyi kimi, “ətlə dırnağın arasına girənlərin aqibəti” gözləyir. Nəticədə isə türkiyəli qardaşlarımızın mədəsini, biz azərbaycanlıların isə ürəyini bulandırmaqdan başqa bir işə yaramırlar.

Türkiyə ilə Azərbaycanın həyata keçirdikləri ortaq layihələrin, qarşılıqlı investisiyaların təkcə bu iki dövlətin deyil, bögənin, subregionun və daha geniş ərazinin xalqlarına rifah gətirdiyini görməmək üçün eşitmə, görmə və qavrama imkanlarından məhrum olmaq lazımdır.

Rəqəmlərə toxunmayacağam, çünki hər kəs üçün əlçatandır və Aykut Erdoğdu, həmçinin önünla eyni qərəzi paylaşanlar bir neçə dəqiqə vaxt sərf edib, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının hər iki ölkəyə gətirdiyi faydanı əks etdirən rəqəmlərlə tanış ola bilərlər.

CHP-dən olan millət vəkilinin iddaları o qədər qərəzli və əsassızdır ki, iqtisadiyyatdan anlayışı olmayan istənilən şəxs, ağzından köpük püskürən bu dil pəhləvanının yalanını çıxara bilər. Təbii qazın qiymətində problem axtaranlar yaxşı olardı ki, bu enerji növünün dünya bazarındakı qiymətinə, Türkiyənin Rusiya, İran, Qətər, Nigeriya və digər ölkələrdən aldığı təbii qazın dəyərinə nəzər salsınlar.

Adlarını sadaladığım və sadalamadığım istehsalçılar arasında Azərbaycan tərəfindən təmin edilən təbii qazın qiyməti ən aşağı səviyyədədir. Burada vacib digər bir məqam ondan ibarətdir ki, təbii qaz qiymətlərinin ən pik həddə olduğu və qaz çatışmazlığının artdığı zamanda TANAP layihəsinin mövcudluğu, Türkiyə üçün həm iqtisadi, həm də sosial müstəvidə yeni imkanlar yaratmaqla yanaşı, Türkiyənin enerji təhlükəsizliyinin davamlılığını təmin edir. Bütün bunlara medianın suallarını cavablandıran Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ətraflı şəkildə aydınlııq gətirdiyi üçün təfərrüatına varmayacağam.

Aykut Erdoğdunun Azərbaycan və Türkiyə liderlərinin münasibətləri barədə özünün və bəzi partiyadaşlarının keçmişini ifadə edən əsassız ittihamlarına gəldikdə isə, yaxşı olardı ki, onunla birlikdə eyni qütbün sifarişlərini icra edən partiyadaşı Əhməd Ünal Çeviközün CHP-nin məclisinə hansı səbəbdən seçilə bilmədiklərinə aydınlıq gətirsinlər. Təmsil olduqları partiyada nüfuz sahibi olmayanların Türkiyə-Azərbaycan münasibətləri kimi mühüm məsələlər haqqında fikir yürütmələri isə, sadəcə ikrah doğurur.

Yaxşı olardı ki, CHP öz təmsilçilərinin Azərbaycanla bağlı ardı-arası kəsilməyən iddialarına çəki-düzən versin. Əks təqdirdə, Türk Dünyasının ideoloji, iqtisadi və siyasi əsaslarını təşkil edən Azərbaycan-Türkiyə münasibətlərinin əleyhinə aparılan bu ucuz təbliğat Cümhuriyyət Xalq Partiyasının siyasi platformasının tərkib hissəsi kimi dəyərləndiriləcək. Bunun isə CHP-yə fayda gətirəcəyini düşünmürəm...

Elçin Mirzəbəyli