Şuşa Bəyannaməsi Milli Məclisin yaz ssessiyasının ilk plenar iclasında təsdiq edilib. Bununla sözügedən sənədin hər iki ölkə üçün əhəmiyyəti bir daha gündəmə gəlib. Onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan Arasında Müttəfiqlik Əlaqələri Haqqında Şuşa Bəyannaməsinin Təsdiqlənməsinin Uyğun Olduğuna Dair Qanun Təklifi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Ekspertlər sənədin iki ölkə üçün əhəmiyyətini şərh ediblər.
Millət vəkili Sahib Alıyev diqqətə çatdırdı ki, Milli Məclisin tarixində çox nadir hallarda hər hansı sənəd təqdimatdan dərhal sonra, özü də alqışlarla təsdiqlənir. Onun sözlərinə görə belə bir hadisə parlamentin yaz sessiyasının ilk plenar iclasında yaşanıb: “Söhbət Şuşa Bəyanaməsindən gedir. Biz, Şuşa Bəyannaməsinə əslində BƏYƏNnamə kimi yanaşırıq və bunun da bir çox səbəbi var.
Birinci səbəb odur ki, Azərbaycan-Türkiyə müttəfiqliyi əsrlərin sınağından çıxan və təməlində bir millət, iki dövlət prinsipi duran, hər iki tərəfin təkcə marağını deyil, bir-birinə bağlılığını, doğmalığını özündə əks etdirən təbii müttəfiqlikdir. Əminəm ki, bu Bəyannamə ilə Türkiyənin Milli Qurtuluş Savaşında və Azərbaycanda daşnak-bolşevik cütlüyünə qarşı döyüşlərdə çiyin-çiyinə vuruşan babalarımızın da ruhunu şad etmiş olduq”.
Zaman faktoru
Millət vəkili əlavə edib ki, hər bir müttəfiqlik anlaşmasının əhəmiyyəti orada nələrin əksini tapmasıyla yanaşı, həm də nə zaman imzalanması ilə ölçülür: “Bu baxımdan götürdükdə də deməliyik ki, Şuşa Bəyannaməsi çox zamanında və rəmzi bir yerdə imzalanan sənəddir. Bu sənəd xalqlarımızın bir-birinə nə dərəcədə möhkəm bağlılığını təsbit etməklə yanaşı, həm də hər iki dövlətin rəhbərinin geosiyasi prosesləri necə dəqiqliklə görüb, ona adekvat reaksiya vermək, qabaqlayıcı addımlar atmaq bacarıqlarını göz önünə sərdi.
Aydındır ki, son 30 ildə beynəlxalq konyuktura norma və prinsiplər arxa plana atılaraq ancaq güc faktoru əsasında formalaşdırılır. Amma əvvəllər böyük güclər öz iradələrini ideoloji pərdə altında yeritməyə çalışırdılarsa, artıq o da yoxdur. Diplomatik etiket aradan götürülüb, az-çox gücü olan hər kəs hədəylə danışır. Ona görə də Şuşa Bəyannaməsi böyük güclərin yenidən orta əsrlərdəki sayaq davranışları fonunda bu regionda baş verə biləcək fors-majorların qarşısının alınmasında böyük rol oynayır və gələcəkdə daha çox oynayacaq. Bu sənəd bəlkə də qaytardıq düşüncəsiylə yaşayan bəzi dövlətlərin rəsmilərinin postsovet məkanı haqda sayğısızcasına işlətdikləri "yiyəsiz torpaqlar" ifadəsinin Azərbaycana dəxli olmadığını və olmayacağını bütün çılpaqlığı ilə ortaya qoyur.
Yeri gəlmişkən, dövlətlərimizin əbədi müttəfiqliyini rəsmiləşdirən bu sənədin Şuşa adı daşıması göstərir ki, o, Azərbaycanın təkcə mədəniyyət paytaxtı deyil. Şuşa ikinci Qarabağ savaşında başda şəhidlərimiz olmaqla qeyrətli oğullarımızın göstərdikləri fövqalədə fədakarlıq, qəhrəmanlıq və peşəkarlıqdan sonra belə demək mümkünsə, mənəviyyat paytaxtımıza da çevrilib. Məhz Şuşanı qaytarmaqla, həm də əlbəyaxa döyüşlərdə düşməni məhv edərək qaytarmaqla göstərdik ki, milli qeyrəti, şərəfi, namusu, şəxsi qeyrət, şərəf və namusundan da üstün tutmağı bacaran bir xalqıq”.
Qarşılıqlı hərbi yardım
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov isə hesab edir ki, Şuşa Bəyannaməsinin şərtlərinə görə hər iki dövlət arasında çoxşaxəli qarşılıqlı hərbi yardımın göstərilməsi nəzərdə tutulur.
Onun fikrincə, 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsində, 16 avqust 2010-cu ildə imzalanmış Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilədə, 9 fevral 1994-cü ildə imzalanmış Azərbaycan və Türkiyə arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilədə məhz 13 oktyabr 1921-ci il tarixli Qars Müqaviləsinə sadiqliyin ifadə edilməsi imzalanmış sənədlərin böyük önəmə malik olduğunu göstərir: “Təbii ki, mövzu eyni olsa da, tərəflər arasında imzalanmış hər üç müqavilə arasında da fərqlərin olduğunu demək mümkündür.
1. Tarixi şərait,
2. Siyasi, iqtisadi və hərbi imkanlar,
3. Beynəlxalq vəziyyət,
4. Dövlətlərin həmin dövr üçün mövcud durumları.
Öncə ondan başlayaq ki, 9 fevral 1994-cü il müqaviləsi tərəflər arasında Azərbaycanın müstəqilliyini bərpasından sonra ilk müdafiə xarakterli sənəd idi. Buna baxmayaraq həmin dövr həm Türkiyə, həm də Azərbaycan baxımından heç də ürəkaçan dövr hesab edilə bilməz. Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal edilməsi, Türkiyənin isə PKK terroru ilə mübarizə aparması hərbi və müdafiə sahəsində əməkdaşlığı o dərəcədə ürəkaçan etmədi”.
Real nəticələr və imkanlar
S.Hümbətov əlavə edib ki, 10 avqust 2010-cu ildə imzalanmış müqavilənin isə 9 feval 1994-cü il müqaviləsinə nisbətən daha uğurlu, həm də daha real nəticələrə və imkanlara söykəndiyini demək mümkündür: “Doğrudur, həmin dövrdə də Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal altında qalmaqda və Türkiyədə PKK terroru hələ də davam etməkdə idi. Buna baxmayaraq həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi və siyasi imkanları kifayət qədər atıb. Türkiyə əvvəlki qədər iqtisadi böhranlarla, terror təhdidləri ilə və başqa hadisələrlə çox da qarşılaşmırdı. Eyni zamanda Azərbaycan beynəlxalq aləmdə kifayət qədər tanınıb və nüfuz qazanıb. Həmçinin enerji diplomatiyası ilə əlini daha da gücləndirməyi bacarıb. Bu baxımdan 10 avqust 2010-cu il müqaviləsini 9 fevral 1994-cü il müqqviləsindən daha uğurlu hesab etmək mümkündür”.
S.Hümbətov deyib ki, 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə əvvəlki hər iki müqavilədən daha genişmiqyaslı, daha uyğun şərait və imkana malik hesab edilə bilər: “Əlbəttə, Azərbaycan ərazilərinin böyük hissəsinin işğaldan azad edilməsi prosesində Türkiyə müdafiə sənayesinə məxsus silahların, xüsusilə də PUA-ların fəal iştirakını xüsusilə qeyd etmək yerinə düşər. Burada digər mühüm məsələ Türkiyə ilə bağlıdır.
Türkiyə həm uzun illər ərzində içində kök atmış PKK terrorunu ciddi şəkildə təmizləməyi bacarıb. Eyni zamanda bu təmizlik əməliyyatlarını ölkə sərhədlərindən kənarda da uğurla həyata keçirib. Ən əsası da regionda və dünyada əhəmiyyətli gücə çevrilib.
Bununla paralel olaraq Azərbaycan da 30 il ərzində özünün müdafiə qabiliyyətini artırıb, nizami ordu quruculuğu işində ciddi uğur əldə edib. Burada qeyd edilməsi vacib olan digər məsələ əvvəlki iki müqavilələrə əsasən Azərbaycanın ordu quruculuğunda Türkiyənin yaxından iştirakıdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq demək mümkündür ki, Azərbaycanla Türkiyə arasında imzalanmış istənilən sənəd tərəflərin maraqlarına xidmət edir.
1 fevral 2022-ci ildə isə 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan Milli Məclisində ratifikasiya edildi. Sözügedən sənəd Türkiyə tərəfinin də təsdiqindən sonra tam şəkildə fəaliyyətdə olacaq. Burada bir sual yaranır ki, imzalanmış bu sənəddə nələr qeyd edilib? Sənədin təsir imkanları nələrdən ibarətdir?
Sənəddə qeyd edilənlər prinsip etibarı ilə tərəflərin hərbi və müdafiə sahəsində əməkdaşlıqlarını daha da sıxlaşdırır və onun dərinləşməsi üçün geniş imkanlar açır. Yəni bundan sonra istənilən halda Türkiyə Azərbaycanın təhlükəsizliyinin əsas təminatçılarından biri hesab edilir. Eyni zamanda Azərbaycan ordusu Türkiyə ordu sisteminə uyğun olaraq modernizasiya edilə bilər ki, bu da yüksək peşəkarlıq deməkdir. Eyni zamanda Azərbaycan ordusunun arsenalında Türkiyə müdafiə sənayesinə məxsus silahları daha çox görə bilərik. Ən əsası isə Azərbaycana qarşı istənilən xarici təhlükə və təhdid halında Türkiyənin müdaxilə etmək hüququ var ki, bu da önəmli məsələdir.
24 dekabr 2021-ci ildə ölkə başçısı cənab İlham Əliyevin Hadrutda açılışını etdiyi Komando Hərbi Hissəsi Türkiyə ilə əməkdaşlığın uğurlu göstəricilərindən hesab edilə bilər.
Nəhayət, Türkiyənin son zamanlar regionda artan nüfuzu mahiyyət etibarı ilə Azərbaycana böyük imkanlar yaradır. Türkiyənin regionda varlığı digər maraqlı qüvvələrin Azərbaycana qarşı istənilən təhdid planının mənasız olması anlamına gəlməsi deməkdir.
Fikrimcə, Azərbaycan Türkiyə ilə imzaladığı müqavilənin eynisini Pakistanla da bağlasa daha uğurlu ola bilər. Burada həm də Pakistanın nüvə silahına malik olması, son illər müdafiə sənayesi sahəsində ciddi uğurlar əldə etməsi, peşəkar orduya sahib olması Azərbaycan üçün faydalı ola bilər”.
Əli Zülfüqaroğlu