• 11 Oktyabr 2024
logo
Deputat: Paşinyan Njdeyə qoyulan heykəli sökmək əvəzinə çox gülünc və absurd fikirlər səsləndirir

Deputat: Paşinyan Njdeyə qoyulan heykəli sökmək əvəzinə çox gülünc və absurd fikirlər səsləndirir

Ermənistanda faşizmin təbliği dövlət siyasəti səviyyəsinə qaldırılıb, əlbəttə bu, dünya üçün qorxulu bir tendensiyadır. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə bağlı keçirilən tədbirdə də Ermənistan hakimiyyətinin faşizmi qəhrəmanlaşdırma siyasəti, xüsusilə də faşizmə xidmət etmiş Qaregin Njdeyə heykəl qoyulması ilə bağlı məsələyə toxundu:

“Qarşıdan faşizm üzərində qələbənin 75 illiyi gəlir. Bütün dünya faşizm üzərində qələbənin ildönümünü qeyd etməyə hazırlaşdığı bir məqamda Ermənistandakı əvvəlki hakimiyyətin faşizmi əbədiləşdirmək, qəhrəmanlaşdırmaqla bağlı Njdeyə qoyduğu heykəli yeni hakimiyyət də sökmür, əksinə, qoruyub saxlayır. Bu azmış kimi Ermənistanın baş naziri Nikol Paşinyan çox gülünc və absurd fikirlər səsləndirir. Paşinyan o zaman Sovet İttifaqının xarici işlər naziri olmuş Molotovun da Hitlerlə görüşdüyünü deyərək Njdeni müdafiə etməyə çalışır. Molotov Sovet İttifaqının rəhbərliyində idi və SSRİ-nin xarici işlər naziri olaraq onun faşist rəhbərliyi ilə sülh və təhlükəsizlik məsələləri ilə bağlı görüşməsi məntiqi idi və işinin mahiyyətindən irəli gəlirdi.

Ancaq Ermənistanın baş naziri nə qədər çıxılmaz vəziyyətdə qalan, eyni zamanda biliksiz, savadsız, səriştəsiz adamdır ki, bu cür mənasız fikirlər səsləndirir və eyni zamanda beynəlxalq prosesləri bilmədiyini ortaya qoyur.

Hesab edirəm ki, beynəlxalq birlik Ermənistanın faşizmi qəhrəmanlaşdırmaq siyasətinə kəskin reaksiya verməlidir”.