• 28 Mart 2024
logo
Xaricdə uğur qazanan soydaşlarımız

Xaricdə uğur qazanan soydaşlarımız

Bu gün milyonlarla azərbaycanlı vətəndan kənarda yaşayır. Onlar yaşadıqları həm də ölkələrdə Azərbaycan diasporunu təmsil edirl, ölkəmizin tanıdılması üçün fəaliyyət göstərirlər. Soydaşlarımız arasında biznes, idman, musiqi və digər sahələrdə uğur qazananlar da az deyil.
Misirdəki “El Hedaya Co” şirkətinin rəhbəri, aktiv diaspor üzvü Sədaqət Əliəşrəf və Ukraynada yaşayan idmançı Verxnedneprovsk şəhərinin Kikboksinq Federasiyasının prezidenti, “Tiger” idman klubunun sahibi Teymur İbrahimovdur.
Vətən müharibəsində şanlı Zəfərdən sonra Misirdəki azərbaycanlılarının birliyindən danışan Sədaqət Əliəşrəf bildirib ki, müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır: “İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdik. Misirdə yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən Misir və digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdik. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı.
2021-ci ilin 18 oktyabr Müstəqilliyin Bərpası Günü Dubay şəhərində Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib. Toplantıda ərəb ölkələrində yaşayan və işləyən nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Misirdən diaspor nümayəndələri kimi mən, Sədaqət Əli Əşrəf “El Hedaya Co” şirkətin səhimdarı, Azərbaycanlı alim Seymur Nəsirov, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Səmədova, Tələbə Ibrahim, Əl-Əzhər Universitetin muəllimi İnara Osmanlı, gənc ixtiraçı-alim, “İntel isef” beynəlxalq müsabiqənin laureatı, “Miss Eco Azerbaijan 2020” qalibi Sandi Salem iştirak etmişdik. Qələbəmiz hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaratdı.
2021-ci ilin 12 dekabrın Misirin Qahirə şəhərində Diasporla İş üzrə Dövlət Komitənin təşkilatçılığı ilə komitənin sədr müavini Elşad Əliyev və komitə əməkdaşı Vəfa Hüseynovanın iştirakı ilə Ümumi Liderimiz Heydər Əliyevin Anım gününü keçirdik.
Sonra isə Misirdə yaşayan azərbaycanlılarla Dünya Azərbaycanlıların Həmrəylik Gününü geyd etdik”.
O, əlavə edib ki, hər bir azərbaycanlı vətəndən kənarda yaşayırsa, artıq Azərbaycanın diaspor lobbisinin üzvüdür: “Vətənimizə olan borcumuz Azərbaycanımızın Misirdə ən yüksək səviyyədə təbliğini aparmaqdır. 20 il bundan əvvəl mən Misirə gələndə Azərbaycanı çox az tanıyan var idi: ya Rusiya Federasiyası, ya da Türkiyə kimi tanıyırdılar. Bu günlərdə isə çox sevindirici haldır ki, artıq Azərbaycanı dünyanın hər bir nöqtəsində tanıyırlar. Qalib ölkənin vətəndaşı olmaq isə mənim üçün çox böyük qürurdur. Buna görə də Ali Baş Komandanımız İlham Əliyev cənablarına və bizim qəhrəman ordumuz qarşısında baş əyib təşəkkürlərimi bildirirəm.
Nəzərinizə çatdırıram ki, Misirdə Azərbaycan diasporunun üzvü olaraq Azərbaycan dilinin dərslərini xarici tələbələrə tədris edirəm.
2018-2019-cu illərdə Qahirədə Ain Şəms Universitetin Türk dilli fakültəsinin 1500 misirli tələbəsinə Azərbaycan dilinin tədrisini etmişəm. Hal-hazırda isə xarici dil kurslarında Azərbaycan dilin tədrisini davam etdirirəm.
Həmçinin Azərbaycanın mədəniyyətini, mətbəxini, milli rəqslərini və geyimlərini, qədim tarixinin təbliğını Misirin dövlət telekanalı-Nile Tvdə və misirli dostlarımla aparıram.
Beynəlxalq ALC-ın ( Azerbaijani Ladies Club ) üzvüyəm. Klub 50-dən artıq ölkədə yaşayan iş xanımlarının birliyidir.
Biz birlikdə olaraq azərbaycanlı xanımların sevimlisi, çox hörmət etdiyimiz Azərbaycanın birinci xanımı və vitse-prezident Mehriban Əliyevaya baxıb ilhamlanaraq çoxlu layihəmizə start vermişik.
Deyə bilərəm ki, üç övladım da artq diaspor işində mənə dəstək göstərirlər. 2 qızım, 1 oğlum var. Mən bir azərbaycanlı anası olaraq öz övladlarımda da patriotik, vətənpərvərlik, vətənə sevgi hisslərini yaşatmağa çalışmışam.
Mənim qızım 6 yaşından İngilis məktəbində oxumağına baxmayaraq, məktəbin tədbirlərində Azərbaycan mahnılarını pianoda ifa edib və oxuyub. Bu mənim üçün bir valideyin kimi çox sevindirici haldır.
Qeyd etmək istəyirəm ki, xaricdə yaşasaq da övladlarım Azərbaycan dilində sərbəst danışır.
Mənin qızlarım Səbinə və Sandi “Qarabağ Azərbaycan” adlı ərəb dilində kitab yazıb və nəşr ediblər.
Zəfər Gününə həsr olunmuş daha bir layihəmiz “Azərbaycanı kəşf et” Misir üzrə rəsm müsabiqəsinin keçirilməsi idi. Bu layihədə 3000-nə yaxın misirli şagird və tələbə iştirak ediblər. Azərbaycanın Misirdəki səfiri cənab Tural Rzayevin dəstəyi ilə müsabiqənin Gala gecəsi səfirlikdə keçirildi. Qaliblər mənim və “El Hedaya Co” şirkətimin adından qiymətli hədiyyələrlə və şəhadətnamə ilə mükafatladırılar. Layihə çox böyük uğurla nəticələndi. “Azərbaycanı kəşf et” Misir üzrə rəsmi müsabiqəsini hər il keçirtməyini planlaşdırıram.
Sonda icazənizlə bir tövsiyəm olacaq.
Hər bir xaricdə yaşayan azərbaycanlıya tövsiyəm yaşadığınız yerdən asılı olmayaraq, bir saniyəlik belə, unutmayın ki, siz azərbaycanlısınız.
İnteqrasiya edin, lakin assimilyasiya olmayın!”.
Dünyadakı soydaşlarımız arasında idman sahəsində də böyük uğurlar əldə edənlər də az deyil. Belə həmvətənlərimizdən biri Ukraynada yaşayan Teymur İbrahimovdur. O, Ukraynanın Verxnedneprovsk şəhərində məşqçidir. O, həmçinin şəhərdə Kikboksinq Federasiyasının prezidentidir. Özünün “Tiger” idman klubunda idmançılar yetişdirir, bununla yanaşı peşəkar döyüşlər təşkil edir.
Teymur İbrahimov həm də yaşadığı şəhərdə deputatdır. Ukraynada müharibə iştirakçısıdır. Ümumukrayna Müharibə Veteranları, ATO (OOS) İştirakçıları İctimai Birliyinin Verxnedneprovsk üzrə rəhbəridir. Vətən müharibəsi zamanı özünün bütün döyüş kəmərlərini hərraca çıxarıb sataraq pulunu Azərbaycan Ordusuna yardım olaraq göndərib. Özü də Ukraynadakı səfirliyimizə gedib döyüşdə iştirak etmək istədiyini bildirib. Lakin Ukrayna vətəndaşı olduğu üçün müraciəti qəbul olunmayıb.
Teymur İbrahimov 26.12.1986-cı ildə Azərbaycanda Beyləqan rayonunda anadan olub. Valideynləri əslən Füzuli rayonundandır. Atası 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. 4 il müharibədə könüllü döyüşüb: “1994-cü ildə Ukraynaya gəlmişik. Valideynlərim də burada yaşayırlar. Biz 4 qardaşıq, hamımız idmançıyıq. Ukrayna, o cümlədən Avropa və dünya üzrə keçirilən saysız turnirlərin çempionlarıyıq.
Ailəliyəm, iki övladım (Əminə və Adəm) var.
Mən Azərbaycanda idmanla məşğul olmağa başlamışdım. Öncə güləş, sonra karate və taekvondo ilə məşğul oldum. Ukraynada da idman karyeramı davam etdirdim və güləş üzrə gümüş mükafatına layiq görüldüm. Sonra karate üzrə 5 qat Ukrayna çempionu, sonra dünya çempionu oldum. Sonra taekvondo üzrə 4 dəfə Ukraynanda qalib oldum. Sankt-Peterburq şəhərində dünya çempionu oldum. Sonra kikboksinq üzrə 20 qat Ukrayna çempionu oldum. Kişilər arasında 5 dəfə dünya çempionu və WAKO versiyası üzrə 2 dəfə Yunanıstanda dünya çempionluğunu qazandım. WTKA versiyası üzrə 5 dəfə dünya çempionu olmuşam. Dəfələrlə Avropa çempionu da olmuşam.
Mən Krımda, Simferopol şəhərində məşqçilik fəaliyyətinə başlamışam. 2014-cü ildə Krımda müharibə başladı. Mən Krım batalyonuna gedib könüllü döyüşdüm. Hazırda müharibə əliliyəm. 2017-ci ilin noyabrda mən məşq etməyə davam etdim və o vaxtdan Dnepropetrovsk viləyətinin Verxnedneprovsk şəhərində uşaqlar üçün məşq keçirəm. Mənim çoxlu beynəlxalq dərəcəli yetirmələrim var”.
“Mənimlə oxuyan həmyerlilərimiz ailəvi səbəblərə görə uzun müddət idmanla məşğul olmadılar. Amma Dnepr şəhərində bu baxımdan hər şey qaydasındadır”,- deyən T.İbrahimov bildirib ki, boks, kikboksinq üzrə çox yaxşı uğur əldə edən idmançı həmyerlilərimiz var: “Mənim “Tiger” adlı idman klubum. Tələbələrim artıq 4 il ardbard Ukraynanın ən yaxşı nəticə göstərən idmançıları arasında yer alır. Mediada və sosial şəbəkələrdə bu haqda geniş paylaşımlar olub. Klublararası dünya çempionatında mənim komandam Polşada 22 medala layiq görülərək ikinici oldu. Buna görə fəxr edirəm, amma təəssüf ki, onların arasında həmvətənlərimiz yoxdur”.
Vətən müharibəsindəki qələbəmizdən danışan T.İbrahimov “biz ölkəmizin işğalçılar üzərində qələbəsini çox gözəl qeyd etdik”,- deyə vurğuladı: “Hamımız sevindik. Qürur hissi keçirdik. Sevincdən gözlərimiz yaşardı. Vətən müharibəsi başlayanda Verxnedneprovskdavda kişili, qadınlı bütün soydaşlarımız hər cür köməklik göstərdilər. Mən Azərbaycan Ordusu ilə fəxr edirəm. Şəhid anlarının qarşısında baş əyirik. Dünyaya sübut etdik ki, biz ən güclü və ən vətənpərvər xalqıq”.

Əli