• 27 Aprel 2024
logo
Türkiyə Ermənistan yaxınlaşması Azərbaycana nə vəd verir?

Türkiyə Ermənistan yaxınlaşması Azərbaycana nə vəd verir?

Teymur Qasımlı: “Bu proses Türkiyə və Azərbayacanın maraqlarına cavab verməlidir”

Son dövrlərdə Türkiyə regional geosiyasətdə önəmli addımlar atmaqdadır. Noyabrda körfəz ölkələrindən olan Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərdə yeni mərhələyə start verən Ankara, indi də Ermənistanla əlaqələrdə yeni mərhələnin başlanğıcını bəyan edib.
Məsələ ilə bağlı siyasi analitik Teymur Qasımlı “Xalq Cəbhəsi”nə bildirib ki, burada iki ölkə arasında tam yaxınlaşma, isti münasibətlərin olmasına proqnoz vermək çətindir və bu heç görsənmir: “Türkiyə ilə Ermənistan arasında münasibətlər Mustafa Kamal Atatürkün dövründə də olub. Yəni, 1920-ci ildən 1935-ci ilə qədər Türkiyə ilə Sovet Sosialist Ermənistanı arasında münasibətlər olub. Hətta Türkiyə Cümhuriyyətinin qurulmasının 10 illiyi ilə bağlı Ernənistan mətbuatında yazılar yayımlanıb. Üstəgəl Ermənistanın o vaxtkı katibləri Türkiyə Respublikasının Prezidenti Mustafa Kamal Atatürkə təbrik məktubu göndəriblər. 1935-ci ildən Türkiyə ilə Sovet Ermənistanı arasında olan o münasibətlər kəsilib. Amma maraqlıdır ki, Türkiyədə, Misirdə yaşayan ermənilərin bir çoxu ya Qərbə gediblər, ya Suriya-Livana, ya Avropaya, bir qismi də Sovet Ermənistanına qayıdıblar. Diqqət yetirsəz, o dövrdə azərbaycanlılar oradan deportasiya olunub, Türkiyədən, Misirdən, Suriyadan, Bolqarıstandan gələn ermənilər də Sovet Ermənistanına geri qayıdıblar”.
Siyasi analitik qeyd edib ki, ümumiyyətlə Türkiyədə ermənilər hər zaman, istər Osmanlı dövründə, istərsə də Türkiyə Cümhuriyyəti vaxtı önəmli bir nüfuz sahibi olublar:
“Osmanlı dövlətində nazir, konsul, paşa, diplomat və sair müxtəlif vəzifələrdə olublar. Türkiyə Respublikası qurulduqda isə ermənilər, əsasən bu ölkənin mədəniyyət, incəsənət sahəsində önəmli yer tutub və söz sahibi olublar. Sovetlər Birliyi dağıldıqdan sonra Turqut Özalın vaxtında Türkiyə Ermənistan münasibətləri qurulmağa başlayıb və Türkiyə Respublikası Ermənistanın müstəqilliyini 1991-ci il dekabrın 16-sı tanıyıb. Həmçinin Ermənistanla diplomatik əlaqələr qurulub, onlara müəyyən yardımlar, xüsusilə də taxıl yardımı edilib. Türkiyə Respublikasında rəsmi 70-80 min erməni, qeyri-rəsmi 250 min erməni yaşayır. Onların çoxu da Sovetlər Birliyi dağıldıqdan sonra Ermənistana gələn ermənilərdir. Türkiyədə 8 erməni məktəbi, 2 futbol komandası, 4 mətbuat, müxtəlif mədəniyyət mərkəzləri və kilsələri var. Əsasən də onlar İstanbulda yerləşiblər. Eyni zamanda Tekirdağ, Edirne, Diyarbakır, Van, Mardin kimi şəhərlərdə də kifayət qədər erməni yaşayır. İstanbulda Bakırköydə bunların əsas kilsələri yerləşir. Həmçinin orada erməni patriaxxanası da var ki, bugünə qədər də fəaliyyət göstərir. Eləcə də İstanbulun adalarında da ermənlilər məskən salıblar. Yəni, Türkiyə ilə Ermənistan arasında münasibətlər zaman-zaman qurulub. Amma 1993-cü ildə Kəlbəcərin ermənilər tərəfindən işğal olunması, Ermənistanın Türkiyəyə ərazi iddiaları, saxta soyqırrımla bağlı təbliğat aparmaları, Türkiyə Ermənistan münasibətlərini dayandırdı və sərhədlər də bağlandı. Lakin Qaradəniz Əməkdaşlıq Təşkilatında ilk dəfə olaraq Levon Terpeteresyan ilə Süleyman Dəmirəlin bir görüşü olub”.
Siyasi analitik vurğulayıb ki, 1998-ci ildə erməni iş adamları ilə türk iş adamları arasında münasibətlərin, eyni zamanda biznes əlaqlərinin qurulması üçün bir dərnək yaradılıb, müəyyəm yaxınlaşma prosesi olub:
“Bir məsələni də qeyd etmək istərdim ki, Türkiyənin Tiflisdəki səfirliyi həm də Ermənistan üzrə akkreditasiya olunub. Bununla yanaşı Türkiyə ilə Ermənistan arasında Gürcüstan üzərindən iqtisadi əlaqələr də olub və bu gün də o davam etməkdədir. Həmçinin 2000-ci illərdə də Türkiyə Ermənistan arasında yaxınlaşmalar olub. Məsələn, Vyanada Türkiyə tarixçiləri ilə Ermənistan tarixçiləri arasında bir görüş olub və orada geniş müzakirələr aparıblar. Daha sonra 2008-ci ildə Sarkisyan prezident seçildikdən sonra Türkiyə ilə Ermənistan münasibətlərinin qurulması prosesi baş verib. Həmin vaxt Ağ Partiya, Vaşinqtonun dəstək verməsi üçün irəli sürdüyü şərtlərdən biri olub. Bildiyiniz kimi 2008-ci ildə Türkiyə Ermənistan arasında müəyyən yaxınlaşma oldu. O vaxt prezident Abdulla Gül Sarkisyanı təbrik edib, daha sonra futbol matçını izləməyə Yerevana səfərə gedib, o vaxt baş nazir olan Ərdoğan da onları təbrik edib Yəni, müəyyən yaxınlaşma olub və Surix protokolo gündəmə gəlib, eyni zamanda imzalanıb. Amma bu, protokol o dönəmin şərtlərinə uyğun deyildi. Azərbaycan Respublikasının dövlət maraqları təmin olunmurdu, bizim torpaqlarımız işğalada idi, üstəgəl orada Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması üçün şərt irəli sürülməmişdi, sonradan bizim tələbimiz ilə Türkiyə şərt irəli sürdü. Bunlar Surixdə keçirilən görüşdəndir. Mənbə isə Lavrovun Nalbadyan ilə görüşdə gəlib bəs Türkiyə bizimlə münasibətlər qurur deməsidir. Lavrov Nalbadyana deyib ki, nə şərt irəli sürürlər? Deyib ki, heç bir şərt irəli sürmürlər. Lavrov da deyib ki, əgər şərtsizdirsə görüşün. Amma sonradan burada başqa məsəllələrin olması ilə bağlı Surix protokolu imzalandı. Həm Türkiyənin daxilində, həm də Azərbaycanda buna qarşı sərt tənqidlər oldu. Ümumiyyətlə, həmin protokol həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına uyğun gəlmirdi və qəbul da olunmurdu. Ondan sonra 2012-2014-cü illərdə yenidən Türkiyə Ermənistan arasında bir yaxınlaşma oldu. Amma heç bir nəticə əldə olunmadı. 44 günlük Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad etdik, həmçinin Qafqazda geosiyasi vəziyyətin dəyişməsi nəticəsində Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğan Füzuli Hava Limanının açılışı zamanı çıxışında Ermənistana sülh təklifi irəli sürdü, ondan sonra Hülusi Akar da bu fikri bildirdi. Nəticə etibarı ilə, bu dəfə Moskva pərdəarxası işi aparır. Baxmayaraq Lavrov mətbuat konfransında inkar etdi ki, belə şey yoxdur. Fakt budur ki, bunu məhz Moskva aparır. Ancaq Romada Bayden ilə Ərdoğan görüşəndə bu məsələ gündəmə gəlib. Bayden bunu istəyib və Ərdoğan da qəbul edib. Düşünürəm ki, bunu Ərdoğanın ABŞ-la olan münasibələri düzəltmək üçün atılan addımlardan biri kimi də dəyərləndirmək olar. Nəticə etibarı ilə nümayəndlər təyin olunub. Türkiyədən sol düşüncəli Sərdar Kılıç, Ermənistandan da vitse spiker Ruben Rubenyan seçilib. İlk görüş Moskvada 1 saat yarım çəkib. Müəyyən mənada şərtsiz, konstruktiv görüş olduğu deyilir. Bundan sonra da Ermənistanla Türkiyə arasında şərtsiz münasibətlərin normallaşması qərara alınıb. Eyni zamanda fevralın 2-də də təyyarə reysləri olacaq”.
Siyasi analitik əlavə edib ki, burada Türkiyənin iqtisadi maraqları uğur qazana bilər, amma Ermənistanla Türkiyənin siyasi məsələlərdə uğur qazana biləcəyinə isə inanmıram:
“Bu işə Rusiya öz maraqları çərçivəsində dəstək verir və verəcək. Üstəgəl bəzi görüşlərdən sonra Türkiyə Ermənistana hansısa bir şərtlər irəli sürəcək və sürməlidir. Çünki Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. O cümlədən, bu saxta soyqırım məsələsi var ki, burada tarixçilərin bir araya gəlməsi gözlənilir. Amma inanmıram ki, ermənilər, saxta soyqırım məsələsindən geri çəkilsinlər. Ən azı Türkiyənin ərazi bütövlüyü məsələsi ortalıqda var. O cümlədən, Rusiyasız Türkiyə Ermənistanla danışıqlar apara bilib, həm Azərbaycanın, həm də Türkiyənin maraqları uğurlu ola bilərmi? Məsələn, sərhədlərin delimitasiyası, 10 Noyabr bəyənatı, Xankəndi və digər məsələlərlə bağlı uğurlar əldə oluna bilərmi? Əgər olunacaqsa bu bizim üçün xeyirli və uğurlu olacaq. Amma hələki bunu düşünmürəm və qeyri-mümkün sayıram. Çünki burada Rusiya faktoru var və Rusiya buna icazə verməz. Amma bu proseslər paralel olaraq gedir. Düşünürəm ki, bu proses Türkiyə və Azərbayacanın maraqlarına cavab verməlidir. Üstəgəl Türkiyə dövləti 2009-cu ildə etdiyi səhvləri təkrar etməməlidir. Türkiyə siyasi rəhbərlərinin çıxışlarından da görünən odur ki, biz Azərbaycanla işi paralel aparacağıq. Onlar nə desə biz də onu edəcəyik. Bu belə də olmalıdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlər korlanmasın və hər iki ölkənin maraqları təmin olunsun. Hələki birinci görüş olub, növbəti görüşün yeri təyin olunmayıb. Düşünürəm ki, Türkiyə Ermənistan arasında müəyyən yaxınlaşmalar ola bilər. Lakin gələcəkdə iki ölkə öz şərtlərini irəli sürə bilərlər. Hələki bu uzun bir prosesdir. Burada tam yaxınlaşma, isti münasibətlərin olmasına proqnoz vermək çətindir və bu heç görsənmir. Bu normallaşmada Türkiyə və ya Azərbaycan nə qazanacaq məsələsinə gəldikdə isə, bu yəqin ki, danışıqlar prosesində bilinəcək. Onu da qeyd edim ki, Türkiyə Ermənistan münasibətlərinin normallaşmasının Qarabağla ətrafında baş verən proseslərə, gərginliklərə hər hansı bir təsiri olacağına da inanmıram”.
Cavid