• 20 Aprel 2024
logo
“ASALA-nın da təhdid dolu çağırışları Türkiyəyə qarşı nə qədər sualtı daşların olduğunu üzə çıxardı”

“ASALA-nın da təhdid dolu çağırışları Türkiyəyə qarşı nə qədər sualtı daşların olduğunu üzə çıxardı”

İlyas Hüseynov: “Armen Sərkisyan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində yer almaq istəmirdi”

Armen Sərkisyanın prezident postundan istefa verməsi Ermənistanda yeni situasiyaya yol açdı. Təbii ki, bu hadisə bir çox kontekstdə dəyərləndirilir. Əksər ekspertlər bu məsələdə bir çox xarici və daxili faktorların olduğunu önə çəkirlər. Politoloq İlyas Hüseynov “Xalq Cəbhəsi”nə müsahibəsində məsələyə aydınlıq gətirməyə çalışdı.
-Ermənistanda ictimai-siyasi sahədə durğunluq, iqtisadi sahədə isə tənəzzül davam etməkdədir. Buna təsir edən ən böyük amil 44 günlük müharibənin siyasi, iqtisadi və hərbi nəticələridir. Xalqa vəd edilənlə reallıq arasında böyük uçurum mövcuddur. Eyni zamanda çoxsaylı istefalar və xalq kütlələrinin narazılığı artıq permanent xarakter almaqdadır. Heç bir hərbi təhsili olmayan Suren Papikyanın 2021-ci ilin noyabrın 15-də Müdafiə naziri postuna təyin olunmasından sonra Ermənistanın prezidenti Armen Sərkisyanın da istefa verməsi dövlət idarəçiliyində ciddi böhran, kadr siyasətinin düzgün aparılmaması və kadr bankının kasadlığı ilə izah oluna bilər.
-Armen Sərkisyanın istefası ilə bağlı ehtimallar nədən ibarətdir?
-Armen Sarkisyan erməni siyasətçilər arasında ən ağıllı, nüfuzlu və təhlükəli siyasətçi idi. Nəzərə salmaq lazımdır ki, onun Böyük Britaniyada, Vatikanda, ABŞ-da və xüsusilə də ərəb dünyasında çox geniş əlaqələri var. O, tez-tez Birləşmiş Ərəb Əmirliyinə rəsmi səfərlərə gedirdi. Düzdür, onun orada şəxsi biznesi var, lakin eyni zamanda, Birləşmiş Ərəb Əmirliyinin şeyxi ilə kifayət qədər möhkəm münasibəti mövcuddur. Onu Ermənistanın keçmiş baş naziri Serjik Sarkisyan təyin etmişdi. Generalların qiyamı zamanı xüsusi canfəşanlığı sayəsində 1-ci posta öz iddiasını ortaya qoymaqla yanaşı, xalq arasında reytinqə işləyən bəzi addımlar atdı. Sarkisyanı istefaya iki səbəb vadar edə bilər: Fransaya meyilli komanda Britaniyaya bağlılığı ilə seçilən təmsilçisini uzaqlaşdırmaq qərarına gəlib; Armen Sarkisyan xarici dostlarından dəstək alıb, indi Nikol Paşinyanın yerinə iddialı olacaq. Ermənistan Respublikasının Konstitusiyasına əsasən, yeni prezident seçilənə qədər prezidentin səlahiyyətlərini Ermənistan Milli Assambleyasının sədri - Alen Simonyan həyata keçirəcək.
-Görünən odur ki, Alen Simonyanın prezident postuna əyləşməsi Paşinyanın istəyidir...
-Yunanıstanda istirahətləri ilə məşhurlaşan Alen Simoyanın Ermənistanın prezidenti postunda oturması Nikol Paşinyanın maraqları daxilindədir. Düşünürəm ki, böyük ehtimalla Alen Simonyan Ermənistanın 5-ci prezidenti olacaq. Digər tərəfdən, Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan növbədənkənar seçkilərə qədər parlamentə sədrlik edəcək. Zəruri hadisələr zənciri də diqqətimizi çəkir. Armen Sərkisyan Birləşmiş Ərəb Əmirliyinə uçur, qayıdır, müalicə üçün məzuniyyətə gedir. Eyni zamanda, Alen Simonyan Amerika Birləşmiş Ştatlarına səfər edir və Amerikadan qayıtdıqdan sonra prezident istefa verir. Ermənistanın Konstitusiyasına uyğun olaraq növbədənkənar prezident seçkiləri fevralın ortalarında keçirilməlidir. Yeni prezidentin seçilməsi istefa verdiyi gündən 25 gündən tez və 35 gündən gec olmayaraq həyata keçirilə bilər. Bütün deputatlar namizəd irəli sürə bilər, yəni köçəryançılar və sarkisyançılar da cəhd edə bilərlər... Yeni prezidenti seçmək üçün minimum 80 səs lazımdır. Paşinyanın parlamentdə 79 yeri var. Sual yaranır: parlamentdəki “Qarabağ klanı” arasında “paşinyançı” kim olacaq? Əgər seçkilərin birinci turunda yeni prezidentin adı məlum olmasa, ikinci turda deputatların 65 səsi kifayət edəcək. Onda Nikol Paşinyan böyük ehtimalla öz marionet namizədini prezident kürsüsünə oturdacaq.
-Təbii ki, başqa ehtimallar da mövcuddur. Prezident postu uğrunda mübarizənin dairəsi genişlənəcəkmi, hansı qruplar mübarizəyə qatıla bilər?
-Əslində Armen Sərkisyanın istefası bir qədər təəccüblüdür. Çünki Armen Sərkisyan xarici siyasət və diaspor sahəsində çalışan, eyni zamanda Ermənistanın ərəb ölkələri ilə əlaqələrini inkişaf etdirən siyasətçi idi. Buna baxmayaraq, onun prezident kimi səlahiyyətləri kifayət qədər məhdud idi və dövlət idarəçiliyi, qərarların qəbulu kimi məsələlərdə səlahiyyətlər əsasən Nikol Paşinyanın əlində cəmləşdiyi üçün Armen Sərkisyan yetərsiz görünürdü. Bəzi fikirlər bundan ibarətdir ki, Nikol Paşinyan özünün prezidentliyə yolunu açmaq üçün Armen Sərkisyanı müxtəlif vasitələrlə istefaya məcbur edib. Maraqlı məqam bundan ibarətdir ki, Ermənistan konstitusiyasına görə, Armen Sərkisyan bir həftə ərzində istefa ərizəsini geri götürə bilər. Parlamentin spikeri Alen Simonyan deyib ki, əgər bu edilməsə, istefa qəbul ediləcək. 2018-ci ildə hakimiyyətə gələn Paşinyanın Serj Sərkisyan zamanında təyinat alan Armen Sərkisyanı da vəzifədən uzaqlaşdıracağı gözlənirdi. Lakin onlar birlikdə dövlətin idarəçilik aparatının yenidən qurulması haqqında razılaşdılar. 44 günlük müharibədə isə Ermənistanın məğlubiyyəti, Paşinyanın uğursuz addımları həm də onun nüfuzunu aşağı salırdı. Fikrimcə, Sərkisyanın istefasında Paşinyanın da rolu var. Paşinyan artıq özü üçün prezidentliyə namizədləri müəyyən edib. Bunlardan ən önəmliləri Ermənistan parlamentinin sədri Alen Simonyan, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyandır. Gizli namizəd kimi Ombudsman Arman Tatoyanı görürəm. Çünki Ermənistanda Kristine Qriqoryan Ermənistanın yeni Ombudsmanı seçilib. Səsvermədə 107 deputatdan 68-i iştirak edib. 68 seçicinin hamısı Qriqoryanın ombudsman seçilməsinə “hə” deyib. Beləliklə hökumət Arman Tatoyandan canını qurtardı. Hazırda işsiz qalan Arman Tatoyanın prezident postuna hazırlandığını da siyasi proqnozumuza əlavə edə bilərik. Prosedura görə, hazırda Simonyan prezident vəzifələrini icra edir. Simonyanla da bağlı cəmiyyətdə birmənalı fikir yoxdur. O, müharibə zamanı Yunanıstanda istirahət etməsi ilə məşhurlaşıb. Bu yaxınlarda isə 2-ci Qarabağ müharibəsində ölən erməniləri təhqir etməsi böyük rezonansa və söz-söhbətə səbəb olmuşdu. Nikol Paşinyanın ətrafındakı kadrların məhdud olduğunu nəzərə alsaq, Simonyanın prezidentliyə ən uyğun namizəd olduğunu deyə bilərik. Ermənistan Konstitusiyasına görə, prezident seçkiləri ilə bağlı 25 gündən tez və 35 gündən gec olmayaraq fəaliyyət həyata keçirilməlidir. Qarabağ klanının da seçki marafonunda fəallaşması müşahidə oluna bilər. Seçkinin ikinci mərhələyə qalacağını düşünürəm. Fikrimcə, baş nazir son nəticədə prezident kürsüsündə özünü görür. Bu isə ilkin mərhələdə qarışıq rejimə, sonrakı dövrdə isə super prezident sisteminə keçidlə mümkün ola bilər. Eyni zamanda konstitusiya islahatları kontekstində Türkiyəyə qarşı açıq ərazi iddiaları ilə bağlı müddəalar da silinə bilər. Çünki sözügedən qeydlərin olması Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə mənfi təsir göstərir.
- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi artıq başlayıb. Bu mövcud duruma necə təsir edəcək?
-Ermənistanda prezidentin istefası şok effekti yaratdı. Ermənistanda və onun kənarında bu istefanı hələ müxtəlif formada izah edirlər. Nəzərə almaq lazımdır ki, onun təyinatı eks baş nazir Serjik Sarkisyanın vaxtında həyata keçirilmişdi. Çox məhdud səlahiyyətləri olsa da Armen Sarkisyan erməni lobbisi ilə yaxın əlaqələri daha yaxınlaşdırmaq üçün məsul idi. Eyni zamanda onun Vatikan, ABŞ və Böyük Britaniyanın rəsmi və işgüzar dairələri ilə yaxşı münasibətləri formalaşmışdı. Xüsusilə ərəb dünyası ilə olan əlaqələri onu president postunda daha da məşhurlaşdırdı. 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan da onun bu əlaqələrini bildiyinə görə ilk siyasi islahatlar kampaniyasında Armen Sarkisyana toxunmaq istəməyərək, onunla sövdələşməyə getdi. Generalların qiyamı zamanı yaşanan ziddiyyətlərdən sonra da ona dəyməməsi isə Armen Sarkisyanın xalq arasında yaranan nüfuzu ilə bağlıdır. Danılmaz bir həqiqət vardır ki, Ermənistanın 44 günlük müharibədə məruz qaldığı sarsıdıcı məğlubiyyətdən sonra dərinləşən siyasi böhran yeni fazaya daxil oldu. Ötən ilin yayında keçirilmiş növbədənkənar parlament seçkiləri də siyasi böhranı aradan qaldırmadı. Eyni zamanda son dövrlər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Artıq xüsusi nümayəndələrin ilk görüşü Moskvada baş tutub. Türkiyə ilə münasibətlərin qurulması xaricdə fəaliyyət göstərən erməni lobbisinə böyük zərbədir. Bu xüsusda ASALA-nın da təhdid dolu çağırışları Türkiyəyə qarşı nə qədər sualtı daşların olduğunu üzə çıxardı. Armen Sarkisyanın erməni lobbisi arasında güclü siyasi və iqtisadi dayaqları olduğunu nəzərə alaraq Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində yer almaması ilə bağlı irəli sürülən iddiaları doğru hesab edirəm. Ən çətini İrəvanın Ankara ilə barışıq prosesinə başlamaq idi. Artıq proseslər geriyədönməz xarakter alıb. İrəvan-Ankara münasibətlərinə qarşı çıxan çoxsaylı qüvvələr həm də düşmənçiliyi təşviq etməklə milyardlarla dollar qazanırlar. Armen Sarkisyanın da yer aldığı bu ittifaqın çıxardığı qərarın nəticəsi kimi prezidentin istefasını hesab edə bilərik.

Əli Zülfüqaroğlu