• 22 Oktyabr 2020
logo
Azərbaycan Prezidenti: Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik

Azərbaycan Prezidenti: Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik

Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Son iki ay ərzində bizim xarici siyasətlə bağlı digər önəmli hadisələr də baş vermişdir. Biz oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərimizə götürdük və Zirvə Görüşünü Bakıda keçirdik. Qoşulmama Hərəkatının sədrliyini öz üzərimizə götürmüşük. Üç il ərzində biz bu təşkilata sədrlik edəcəyik. Bu, BMT-dən sonra dünyada ikinci təşkilatdır və əslində, birinci təşkilatdır. Çünki BMT indi elə vəziyyətdədir ki, onu islah etmək istəyənlərin sayı gündən-günə artır, bu, bir. İkincisi, BMT-nin rəhbəri yoxdur. Heç bir ölkə BMT-yə rəhbərlik etmir. Təhlükəsizlik Şurasına da sıra ilə rəhbərlik olunur. Biz də, o cümlədən rəhbərlik etmişik. Bu rəhbərlik müddətlidir. Biz isə dünyanın BMT-dən sonra ən böyük təşkilatının sədriyik və indi bizim sözümüz keçəcəkdir. Gündəliyi biz formalaşdırırıq, məsələləri biz müzakirəyə çıxaracağıq. Əlbəttə ki, öz məsələmizi və əzilmiş, ədalətsizliyə düçar olmuş ölkələrin məsələlərini qaldıracağıq, onları müdafiə edəcəyik.

Noyabr ayında Bakıda Dünya dini liderlərinin II Zirvə Görüşü keçirilmişdir, 70 ölkənin dini liderləri Bakıya gəlmişlər. Dünyada buna bənzər ikinci yığıncaq yoxdur. Mən iclaslarda bir-birinin yanında oturanlara fikir verirdim, əgər onlar başqa yerdə görüşsəydilər, bəlkə başqa cür danışardılar. Amma oturublar, bir-birini dinləyirlər, bir-birinə salam verirlər. Biz bunu istəyirik. Çünki dünya başqa istiqamətdə gedir. Deyirlər ki, multikulturalizm ölübdür, yoxdur. Müsəlman miqrantlarını qəfəsdə saxlayırlar, “Stop İslam” deyirlər demokratiya beşikləri. Deyirlər ki, biz miqrantları qəbul edə bilərik, - mən Avropa ölkələrini nəzərdə tuturam, - ancaq müsəlman miqrantları yox. Deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Amma biz göstəririk ki, yox, elə deyil. Bu, siyasi iradədən, baxışlardan asılıdır, sən nə istəyirsən, hansı siyasət yürüdürsən. Bax, biz bu siyasəti yürüdürük. Bu siyasət yeganə düzgün siyasətdir. Əks təqdirdə, gələcək müharibələr, o cümlədən ola bilsin, dini müharibələr qaçılmazdır. Ona görə, bax, dini liderlərin Zirvə Görüşünün keçirilməsi belə səviyyədə və belə təmsilçiliklə bir daha bizim hörmətimizi, rolumuzu göstərir. Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik".