• 27 May 2022
logo
Dövlət başçısı: “Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar”

Dövlət başçısı: “Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar”

“Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik”.
Bunu Prezident İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
“Siz azad edilmiş torpaqlarda olan dağıntıları dünən öz gözlərinizlə görmüsünüz. Ermənistan işğal dövründə bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib. Ona görə bu böyük ərazidə - 10 min kvadratkilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər”, - dövlət başçısı qeyd edib.