Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi hazırda İstanbulun Amerikan Xəstəxanasında davam edir.
Heydər Əliyev Fondundan verilən məlumata görə, Avrasiya Xəstəxanasında aparılan müalicədən sonra ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Fonda müraciət edib.
“Daxil olan müraciət İstanbuldakı həkimlər, eyni zamanda Fondun ekspert Şurası tərəfindən müzakirə olunub və Oqtay Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir”.
Bildirilir ki, səhiyyə, o cümlədən səhhətində ağır durumlar olan şəxslərlə bağlı Fond tərəfindən göstərilən dəstəklər daxili qaydalara əsasən müalicənin gedişinə və dinamikasına uyğun olaraq dəyərləndirilir: “Belə ki, həkimlərin mütəmadi, o cümlədən xəstəxana rejimində olan ağır xəstələrlə bağlı 10-20 gündən bir verilən rəyinə əsasən Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.
Hazırda Oqtay Gülalıyevin müalicəsinə dəstək olan Heydər Əliyev Fondu həkimlərin müntəzəm rəyini, müalicənin gedişatındakı dinamikanı əsas götürərək ailəyə müvafiq köməklik göstərir”.
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.
Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.
Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb. O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.