• 21 May 2022
logo
“Azərbaycanın Ukrayna ilə münasibətləri hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib”

“Azərbaycanın Ukrayna ilə münasibətləri hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib” - Samir Hümbətov

“Rusiya-Ukrayna münasibətlərinin gərginləşdiyi dönəmdə tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət addım atan dövlətlər çox azdır ki, bunlardan biri də şübhəsiz ki, Azərbaycandır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. S.Hümbətov bildirib ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin 14 yanvar 2022-ci ildə Ukraynaya baş tutan səfəri və bu səfər çərçivəsində Ukrayna preziddnti Vladimir Zelenski ilə keçirdiyi görüşlər, imzalanan sənədlərə Rusiya tərəfindən reaksiya gecikmədi: “Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verərək bildirib ki, "müxtəlif ölkələrin, o cümlədən Ukrayna ilə Azərbaycanın ikitərəfli əlaqələr qurması onların suveren hüquqlarına aiddir, mühüm məsələ bunun üçüncü tərəfə qarşı yönəlməməsidir".
Eyni zamanda Zaxarova bildirib ki, “Biz özümüz başqa ölkələrlə əlaqə qurarkən bu təməl prinsipi əsas götürür, tərəfdaşlarımızdan da eyni mövqeyə riayət etmələrini gözləyirik”.
Baxmayaraq ki, Azərbaycanın Ukrayna ilə münasibətləri hər hansı üçüncü ölkəyə, xüsusilə də Rusiyaya qarşı yönəlməyib. Eyni zamanda, Zaxarovanın bu iki fikri ilə bağlı sual oluna bilər ki, əgər Rusiya tərəfi Azərbaycan və Ukrayna arasında münasibətlərdən belə narahatlıq keçirirsə, Ermənistanın maraqlarını müdafiə edərkən niyə Azərbaycanın maraqlarına toxunduğunu nəzərə almaq məsələsində istəkli görünmür?
Hesab edirəm ki, Rusiya Azərbaycandan xarici siyasətimizlə bağlı nəyisə tələb edə bilməz. Ona görə ki, Azərbayacan onun üçün nə Ermənistan, nə də digər əlaltı dövlət deyil. Bu günə kimi Azərbaycanın beynəlxalq arenada nüfuz qazanması da onun müstəqli xarici siyasətinin tərkib hissəsidir”.