• 28 Mart 2024
logo
Malayziya XİN başçısının müavini Azərbaycanda səfərdədir

Malayziya XİN başçısının müavini Azərbaycanda səfərdədir

Bu gün Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vitse-spiker onlara Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb. Bildirib ki, Azərbaycanla Malayziya arasında yaxın münasibətlər mövcuddur və siyasi, diplomatik əlaqələrimiz yüksək səviyyədədir. İki ölkə arasında parlamentlərarası əməkdaşlıqdan danışan vitse-spiker bu sahədə qarşılıqlı parlament dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib.
Fəzail İbrahimli Azərbaycanın 44 günlük Vətən müharibəsində Malayziyanın ölkəmizin haqq işini dəstəklədiyini xatırlayaraq, bu dəstəyin Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Vitse-spiker Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illər ərazində həyata keçirdiyi vandalizm, maddi-mədəni irsimizə, xüsusilə də məscidlərimizə qarşı qeyri-insani davranışları barədə qonaqlara məlumat verib.
Milli Məclisin sədr müavini Malayziyanın beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də ölkəmizə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Azərbaycana üçüncü dəfə səfər etdiyini deyən Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffar budəfəki səfəri çərçivəsində keçirəcəyi görüşlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür səfərlər iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından çox mühümdür. Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkə kimi bir sıra məsələlərin həllində birgə fəaliyyət göstərməyin və bundan xalqlarımızın mənafeyi naminə bəhrələnməyin tərəfdarıdır.
Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb, ölkələrimizin daha firavan gələcəyə nail olacağına əminlik ifadə edilib.
Görüşdə Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, qrupun üzvləri Aydın Hüseynov, İqbal Məmmədov, Fazil Mustafa, malayziyalı diplomatlar və digər rəsmi şəxslər iştirak ediblər.